"Bakı"nın sabiq hücumçusu, narkotik ticarətinə görə həbsxanada olan Koke Fransanın "Canal Football Club" proqramına danışıb.
Sportinfo.az xəbər verir ki, ispaniyalı keçmiş narkotik qaçaqmalçılığından futboldan daha çox pul qazandığını deyib.
O, həbsxana xatirələrindən danışarkən etiraf edib ki, Fransada narkotik alverinə görə çox tez öldürülə bilərdi. La Liqanın keçmiş ulduzu narkotik alverinə görə altı il müddətinə azadlıqdan məhrum olunub.
Kokain, xüsusən də marixuananı qaçaqmalçılıq yolu ilə daşıyan 30 nəfərlik dəstəyə rəhbərlik etməkdə günahkar bilinib.

Əsl adı Serxio Kontreras olan 40 yaşlı keçmiş futbolçu bir müddət həbsxanada yatıb. Lakin hazırda onun Marbelladakı evində qalmasına icazə verilib.
"Pablo Eskobar” ləqəbli Koke açıqlamasında maraqlı ifadələrə yer verib:
"Həyat bir az mürəkkəbdir. Axmaq şeylər üçün pul ödəməlisən.
Biz buna mümkün qədər tez son qoymalıyıq. Mən Malaqada uşaqlıq dostlarımın olduğu bir məhəllədən gəlirəm...
Baxmayaraq ki, hər yerdə əlaqələrim var! Amma mən Pablo Eskobar deyiləm.
Beynəlxalq qaçaqmalçı sözünü eşidəndə öz-özünə "mən nə etdim?” deyə, düşünürsən. Bir futbolçu kimi çox pul qazandığınız üçün şanslısız.
İldə bəlkə də bir milyon avro qazanırdım. Digər işlərdə isə futbolda bir ildə qazana biləcəyiniz qədər pulu iki ayda əldə etməyiniz mümkündür.
Ancaq siz öz həyatınızı riskə atırsız. Fransada bunun üçün sizi çox tez öldürə bilərlər.
Məni burada həbsxanada öldürə bilərlər, amma qorxmuram. Həbsxana axmaq insanlar üçün açıqdır.
Mən həbsxanaya qayıdacam, nə qədər çəkəcəyini bilmirəm, amma 2027-ci ilə qədər cəzam var. Hamını tanıyırdım, amma futbolçu olmaq heç nəyi dəyişmir.
İspaniyada həbsdə olan fransızların sayı Marseldəkindən daha çoxdur. Mən çoxlu "Lion" forması gördüm".
Koke Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstə yaratmaqda ittiham edilir. O, 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi.
Səkkiz ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb.
2012-ci ildə "Bakı"da çıxış etmiş "Koke" 4 il sonra karyerasını başa vurub. O, Fransada "Marsel", İspaniyada "Malaqa" kimi klubların da formasını geyinib.

