AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek və köməkçisi Tarık Orun idman jurnalistləri üçün seminar təşkil edib.
Bakı Olimpiya Stadionunda baş tutan görüşdə 40-a yaxın media mənsubu iştirak edib.
Oyun qaydalarındakı dəyişikliklər və ən son yeniliklərlə bağlı maarifləndirici görüşün nəticələrinə əsasən deyə bilərik ki, ədalət təmsilçilərinin işi xeyli çətinləşib.
Əvvəlki dönəmdə cərimə meydançasında topa əllə toxunuşa görə əksər vaxtlarda 11 metrlik cərimə zərbəsi təyin edilirdisə, dəyişiklikdən sonra hakimlər əziyyətə qatlaşmalıdır.
Belə ki, top əsasən ələ açıq şəkildə dəyərsə və ya futbolçu bilərəkdən əllə toxunuş edərsə, penalti təyin olunur.
Ayaqdan səkən, qeyri-təbii formada ələ dəyən topa görə qayda pozuntusu qeydə alınmır.
İkili epizodlar zamanı kobudluqlara görə təyin olunan vərəqələrin motivində də dəyişiklik nəzərə çarpır. Futbolçu qəsdən, yəni rəqibin ayağını sındırmaq həddində kobud oynayarsa, qırmızı vərəqə göstərilir.
Digər hallarda hərəkətin cəzası “sarı” olur. Məsələn, elə epizod var ki, futbolçu rəqibin ayağına hər iki ayağı ilə tullanır, lakin məqsədi topa oynamaq olur, sadəcə, ehtiyatsızlıqdan qaydanı pozur. Buna görə “qırmızı” göstərilmir.
VAR-ın tətbiqi ilə bağlı ortaya çıxan suallardan biri də baş hakimin VAR otağındakı həmkarlarının ekrana yaxınlaşması ilə bağlı tövsiyəsidir.
Hakimlər Komitəsinin qərarına əsasən, otaqdan siqnal gələrsə, referi mütləq və mütləq monitora yaxınlaşmalıdır. Hətta qərarını dəyişməsə belə, epizodun təkrarına baxmaq şərtdir.
Bu qaydaya əməl etməyən ədalət təmsilçisini hakimlikdən uzaqlaşmaq təhlükəsi gözləyir.
HƏBİB / SPORTİNFO.AZ

