CBC Sport AFFA-nın baş katibini kimin tapşırığı ilə "vurur"? - İki Elxanın izi ilə…

13 Sentyabr 2023 11:20 Problem 3 471
CBC Sport AFFA-nın baş katibini kimin tapşırığı ilə "vurur"? - İki Elxanın izi ilə…

CBC Sport yenə deyəsən, Parisdən gələn təlimatlar əsasında işləyir.

Ötən ilin oktyabrında Canni De Byazi ilə müqavilə uzadılmamışdan qabaq televiziya italiyalı məşqçinin təbliğatını aparırdı ki, yığmamız onun rəhbərliyi altında Millətlər Liqasının son matçlarını əla keçirib.

Halbuki hamıya gün kimi aydın idi ki, Slovakiya və Qazaxıstan üzrəində qazanılan qələbələr aldadıcıdır. Slovakiya Qazaxıstanın qrupda 1-ci yeri tutacağını görəndən sonra Azərbaycanla oyuna başdansovudu yanaşdı.

Maqomed Adiyevin rəhbərlik etdiyi kollektiv isə Bakıya qrup qalibi kimi gəlmişdi və bu komandanın heç bir motivasiyası yox idi. Nəticədə, yığmamız Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı evdə 3:0 məğlub etdi.

Elə həmin dövrdə də De Byazinin CBC Sport-da tənqid olunmasına qadağa qoyuldu, kanalın ekspertləri italiyalıya daha bir şans verilməsinin vacibliyini vurğulamağa başladılar.

Bütün bunlar AFFA İcraiyyə Komitəsinin (İK) toplantısı öncəsində ictimai rəyi formalaşdırmaq, 67 yaşlı məşqçiyə təzyiqləri azaltmaq məqsədi daşıyırdı.

İstəklərinə də nail oldular. Bir daha sifarişlə işlədiyini göstərən İK De Byazi ilə müqaviləni uzatdı. Maraqlıdır ki, oktyabrda keçirilən toplantıda İK üzvü olmasa da, ən çox canfəşanlıq edənlərdən biri Elxan Tağızadə olub.

Görəsən, “pensioner” məşqçinin burda qalmasında onun marağı nədir? Əslində təkcə onun yox, De Byazinin bura gətirən digər funksionerlərin də maraqları bəllidir – pul silmək, bir az da artıq qazanmaq.

İndi futbol ictimaiyyətinin fikri bir məsələdə ortaq məxrəcə gəlib – tezliklə italiyalı məşqçidən canımızı qutarmalıyıq.

Əksər mütəxəssislər milli komandaya yerli məşqçinin cəlb olunmasının vacibliyini dilə gətirir, komandada intizamın artırılmasını ön plana çəkirlər.

Belə yerdə Qurban Qurbanov, Rəşad Sadıqov adının ilk sıralarda çəkilməsindən təbii heç nə ola bilməz. CBC Sport-un ekspertləri isə ortaya “maraqlı” ideya atıblar.

Verlişlərin birində Canluici Buffonun İtaliya seçməsində köməkçi məşqçi olmasını xatırladan aparıcı Rəşad Sadıqovun da hansısa əcnəbinin yanında millidə işləməsini məsləhət görür.

Əvvəla Sadıqov artıq kifayət qədər təcrübə toplayıb və o, köməkçi kimi fəaliyyət göstərməyi özünə sığışdırmaz. İkinci də Foqts, Prosineçki, Yurçeviç, De Byazidən sonra bəs eləmədi əcnəbi məşqçi sevdası?

CBC Sport-un AFFA-nı son vaxtlar tənqid etməsi də təsadüfi deyil. Uzun illər kanal Elxan Məmmədovun kurasiyasında olub, indi də onun televiziyaya təsiri hiss olunmaqdadır.

Təsəvvür edin, Futbulun İnkişafı Fondunun (FİF) əməkdaşı Nicat Qurbanov efirdə deyir ki, AFFA gərək azarkeşləri Belçika ilə matça aparmaq üçün “Dalğa Arena”ya avtobus ayıraydı.

Halbuki azarkeşlər üçün "Koroğlu" metrostansiyasından avtobus ayrılmışdı və bu barədə sosial şəbəkələrdə paylaşım edilmişdi.

Bir vaxtlar Elxan Məmmədovun tapşırıqlarını "Quran" ayəsi kimi qəbul edən kanal indi hər vəchlə AFFA-nın indiki baş katibi Sərxan Hacıyevin işinə kölgə salmaq istəyir.

Yaxın günlərdə kanalda “milliyə yenidən əcnəbi məşqçi gətirilməlidir” propaqandası aparılsa, buna təəəccüblənmərik.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti