“Qarabağ”dan gedən Şahruddin başını bəlaya saldı!

12 Sentyabr 2023 23:00 Problem 4 516
“Qarabağ”dan gedən Şahruddin başını bəlaya saldı!

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.

2016-cı ilin yanvarından “Qarabağ”ın şərəfini qorumuş 29 yaşlı qapıçı “Adana Demirspor”la 3 illik müqavilə bağlayıb.

Ağdam təmsilçisinin oyunlarında, xüsusən də vacib avrokubok qarşılaşmalarında yol verdiyi kobud səhvlərə görə hədsiz tənqid olunan Məhəmmədəliyev çıxış yolunu Azərbaycanı Türkiyəyə dəyişməkdə gördü.

Lakin Adanada onu heç də xoş günlər gözləmir. Dünənə qədər “Adana Demirspor”un “çərçivə”sini qorumağa 3 namizəd var idisə, Şahın gəlişi ilə say 4-ə yüksəlib.

Qoran Karaçiç

Bosniya və Hersoqovinadan olan Qoran Karaçiç uzun illərdir adanalı azarkeşlərin gözləri qarşısındadır. 2016-cı ildə Türkiyəyə gələn 27 yaşlı qolkiper bir mövsümlük Almaniyaya yollansa da, sonradan geri qayıdıb.

İlk illərdə əsas heyət üzvü olub. Lakin ötən ilin yayından “11-lik”dəki yerini itirib. Bu da ağır zədə alması ilə bağlı olub. Ötən mövsüm Super Liqada cəmi 1 matçda meydana çıxan ölkə kubokunda da 1 dəfə şans qazanıb.

Bu yay keçirilən avrokubok görüşlərində isə baş məşqçi Patrik Klyuvert ona 6 oyunun hamısında əsas heyətdə güvənib.

Karaçiç Bosniya və Hersoqovinanın aşağı yaş qruplarından ibarət millilərində gözə dəysə də, dəvət aldığı əsas yığmada debüt etməyib.

Ertaç Özbir

Əsasən “Yeni Malatyaspor”dakı çıxışları ilə tanınan 34 yaşlı qapıçı “Adana Demirspor”a məhz bu klubdan gəlib.

Ötən yay Karaçiçi itirən adanalılar Ertaçla güclənmişdi ki, Super Liqa oyunlarında “çərçivə” onun ixtiyarına verilmişdi. Çempionatda 32, ölkə kubokunda 1 görüşdə baş məşqçinin etimadını qazanan Özbir cari mövsümdə də əvəzedilməzdir.

Adana təmsilçisinin bu mövsüm Super Liqada keçirdiyi 3 matçın hamısında Ertaç Özbir “11-lik”də şans qazanıb.

Vedat Karakuş

25 yaşlı “çərçivə” qoruyucusu “Adana Demirspor”a 2019-cu ildə, yəni 21 yaşında gəlib. Bir sıra qapıçılarla rəqabət aparmasına baxmayaraq, heç cür əsas heyət üzvünə çevrilə bilməyib.

Vedat geridə qalan 4 ildə 12 matçda oynamaq imkanı qazanıb. Təbii ki, hazırkı durum əslən Şanlıurfadan olan futbolçunun ürəyincə deyil.

Göründüyü kimi, Şahruddini “Adanaspor”da ciddi, həm də çox ciddi rəqabət gözləyir. Sağında illərdir bu komandanın uğurları üçün tər tökən Karaçiç, solunda isə illərin təcrübəsini çiyinlərində daşıyan Ertaç dayanıb. Arxasında isə Vedat var.

Təbii, Məhəmmədəliyev yığmada və “Qarabağ”da zəngin beynəlxalq oyun təcrübəsinə sahibdir. Amma vay o günə ki, Türkiyədə alışdığımız səhvlərə yol verə. Ondan sonra aylarla “11-lik”də yer alacağı günü gözləyəcək.

Bir sözlə, millimizin üzvü “Adana Demirspor”a getməklə başını bəlaya saldı. Biz isə ən yaxşısına ümid edək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti