“Kəpəz” rəsmisinə AFFA "sillə”si

25 Avqust 2023 22:20 Problem 3 489
“Kəpəz” rəsmisinə AFFA "sillə”si

“Kəpəz” – “Turan Tovuz” görüşünün final fitindən sonra futbolçuların meydana çıxdığı dəhlizə endim.

Əgər buna dəhliz demək olarsa.

Adət etdiyimiz kimi, futbolçulardan müsahibə almaq üçün.

Amma adət etmədiyimiz durumla üzləşdim. “Kəpəz” rəsmisi təlaş içində yaxınlaşıb, burada durmağa icazə olmadığını bildirdi.

Ondan harada durmalı olduğumuzu öyrənəndə isə “Bilmirəm” cavabın eşitdim. Artıq iki ildi Gəncə Şəhər stadionunda Premyer Liqa matçları oynanır.

Amma stadiona ezam edilən rəsmi şəxs kimin harda durmalı olduğunu bilmir.

Kiçik mübahisəyə bölgə klubunun mühafizə rəisi Elmar Əliyev müdaxilə etmək üçün yaxına gəlir. Düşünür ki, uzun illərdi klubda olan bu şəxs həll yolunu göstərəcək.

Təəssüf ki, Əliyev də hərbə-zorba dilində danışmaq yolunu seçir. Sərt şəkildə “Kəpəz”də hər şey qayda-qanunladır. Burada durmaq olmaz deyilirsə, deməli, olmaz” – deyə əvvəlki yoldaşa dəstək çıxır.

Ona belə stadionda oyun keçirilməsinin özünün qayda-qanuna sığmadığını 1-2 faktla izah edəndən sonra səsi yavaşıyır.

Bütün bunlar AFFA nümayəndəsi Seymur Səlimlinin gözləri önündə baş verir. Elə sonda da Seymur bəyin müdaxiləsi ilə ara sakitləşir.

Lakin yenə "mix" zona üçün hər hansı yer tapılmır.

Haqqlı olaraq isə AFFA İntizam Komitəsinin açıqladığı cəzalar arasında məsələ ilə bağlı bəndə də yer alır.

Belə ki, “Kəpəz” – “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə Gəncə klubu 500 manat cərimə edilib.

Oyunun gedişində zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” əlavə 500 manat da cərimə edilib.

Ümid edək ki, növbəti ev oyunlarında “Kəpəz” rəhbərliyi problemi kökündən həll edəcək.

Ən azından media əhlinin rəsmilərlə üz-üzə qalmaması, axşama kimi ağlaşma qurduqları yoxsul büdcələrinin belə cərimələrlə daha da boşalmaması üçün.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti