Yansın Ermənistan, yıxılsın İrəvan!

28 Fevral 2021 19:30 Problem 12 483
Yansın Ermənistan, yıxılsın İrəvan!

Bu, bildiyimiz həqiqətdir: harada Rusiyanın barmağı varsa, orada gözlənilməz hakimiyyət dəyişikliyi də, hərbi çevriliş də, günlərlə davam edən mitinqlər, hakimiyyət böhranı, hətta siyasi qətllər də mümkündür.

Ukrayna Rusiyanın təsir dairəsindən qoparılanda nə qədər qan töküldü... “Maydan” hadisələrinin fitilini əlbəttə ki, Qərb tətikləmişdi, tökülən qana, elə 7 ildir davam edən qarşıdurmaya görə onlar da günahkardır. Ukrayna Rusiyanın caynağından xilas oldu, amma bu ölkəyə hansı ərazi və insan itkiləri hesabına başa gəldi, bunu da bilməyən yoxdur.

Ermənistan nə Ukraynadır, nə də elə bu günlərdə hərbi çevriliş olan uzaq Myanmar. Ermənistanda baş verən son hadisələrdə Rusiyanın barmağı yox, birbaşa müdaxiləsi, əsgərinin çəkməsi, tankı, topu, tüfəngi var. Həm də indi deyil, həmişə belə olub.

Jirinovskiyə dəli deyirik, amma adam düzünü söyləyir. Ermənistanı Rusiyaya birləşdirmək, məsələn, Yakutiya kimi bir status verib federasiyanın tərkibinə qatmaq doğru olardı. Amma Rusiya buna əsla getməz, həm də ona görə ki, bu millətin nə cins olduğunu yaxşı bilir.

Paşinyanın “İsgəndər” raket-kompleksini aşağılayan bəyanatı Kreml üçün vız gələr. Bəli, Putinin prinsipiallıq edib, “Paşinyanı, nəhayət oradan rədd edin” deyə də bilər. Amma məsələ “İsgəndər” deyil. Paşinyanı danlayarlar, “bir də belə məsələlərdən danışma” deyərlər. Nə oldu, axı birdən-birə Paşinyan əleyhdarlarları yenə meydanlara töküldü, ordu rəhbərliyi qeyrətə gəlib baş nazirin qarşısında istefa şərti qoydu? Demək, Ermənistandakı oyun daha ciddi mətləblərdən xəbər verir.

Normal millət və dövlət olsa, hakimiyyət heç kimin dədəsinin deyil- Paşinyan gedər, o biri “yan” gələr. Amma iş orasındadır ki, Ermənistan müstəqillikdən bəri normal dövlət olmayıb, xalq isə müharibədə başına dəyən zərbədən özünü-sözünü itirib, nə edəcəyini, kimin ayağından yapışacağını bilmir. Bədbəxt millətdirlər, düşmən olsa da, onlara hərdən acıyaq. Bəlkə də aralarında həqiqətən də əsl müstəqil dövlətdə, qonşuları ilə normal münasibətlərin olmasını arzulayan, adam kimi yaşamaq istəyənlər də çoxdur. Amma qaragüruh hər yerdə elə səs-küy yaradır ki, onların səsini eşitmək, haraylarını duymaq olmur...

İndi küçələrdə guya demokratik proseslərlə hakimiyyət dəyişikliyi istəyirlər. Erməni və demokratiya? Ermənistan və demokratiya? İnandınızmı? Kənar müdaxilələrə başlamış prosesə(təkcə indi deyil, son olaraq Paşinyan hakimiyyətə gələndə də) iqtidarlı-müxalifətli elə rəng verirlər ki, guya bu ölkə demokratiyaya sadiqdir. Baxın, polis mitinqçiləri dağıtmır, baxın, parlamentin önündə etirazçılar çadırlar qurur, baxın, hakimiyyət şəhərə ordu çıxartmır və sairə...Hamısı boş və yalançı görüntüdür, əmr böyük yerdən gəlsə, o küçədəkiləri siçan kimi əzib keçərlər də. Necə ki, 2008-ci ilin martında İrəvan küçələrində etirazçıları gülləbəran etmişdilər, 10-dan çox adamı qətlə yetirmişdilər. Elə həm də bu qətliamda təkcə Xocalı cəlladı Serj Sərkisyan günahkar deyildi, indiki baş nazir Paşinyanın da məsuliyyəti vardı.

Ermənistanda heç bir demokratik proses getmir. Ola da bilməz. Bu işğalçı, hələ də revanş xəyalları ilə yaşayan ölkə dağılmaq eşiyinə çatıb. MHP sədri Baxçalı vaxtilə yaxşı bir söz demişdi, indi telekanallarda ara-sıra verirlər: “Yansın Suriya, kahrolsun Əsəd!”. Biz də, “Yansın Ermənistan, yıxılsın İrəvan” deyək, amma...

Vəziyyət belədir ki, Ermənistan 10 noyabr anlaşmasını yerinə yetirməlidir. Həm də bütün bəndlərini. Qarşıda görüləcək çox işlər var. Fəqət, Paşinyanı aşırmaq istəyənlərin, baş verən oyunların arxasında Rusiyanın olması haqlı şübhələr yaradır.

Putin imzasından, dövləti adından üzərinə götürdükləri məsuliyyətin altından qaçası deyil. Azərbaycana qarşı isə bəzi oyunların qurulması mümkündür. Dağılan Ermənistanda hakimiyyəti möhkəmlədib, yenidən qızışdırmaq, 10 noyabrdan sonra mövqeyi xeyli güclənmiş Azərbaycanı erməni təhdidi altında saxlamaq niyyəti niyə də olmasın? Rusiya Paşinyanı hakimiyyətdən aşırıb, yerinə kimisə gətirsə, 10 noyabr sazışı qüvvədən düşmür. Amma razılaşmanın icrası yubana bilər, həm də bir il yox, bir neçə illər. “İmzamıza sadiqik, amma nə edək, Ermənistanda ara sakitləşsin, İrəvanda bu olsun, o olsun...” Sonra uzun danışıqlar, danışıqlar və sairə və ilaxır. Minsk Qrupu illərmizi necə yedi, bunu da bilməyən yox...

Bunlar əlbəttə ki, bir versiyadır, amma belə bir təhlükə var. Paşinyan hələ ki, daxildəki dəstəyi hesabına dayanıb. Bir az da duruş gətirə bilər. Amma Rusiya onun “qələmini qırıbsa”, bu iş burada bitməz...

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti