AFFA-da "şura qırğını"

18 Dekabr 2020 16:00 Problem 937
AFFA-da "şura qırğını"

AFFA rəhbərliyinin ən “mütərəqqi” addımlarından biri saysız-hesabsız şuralar yaratmaqdır.

Zatən, intellekt səviyyələri bundan artığına çatmayan “peşəkar”lar futbolun inkişafına başqa töhfə verə bilmirlər.

Məddahlığı bacaran məşqçilər şurası, tərif demək üçün sinoy gedən veteranlar şurası, yaltaqlanmağı bacaran jurnalistlər şurası və öz sözünü deməyə can atan, amma beşikdə boğulan yeni nəsil veteranlar şurası.

Bu şura nə vaxt yaranıb, məqsədi nədir, kimsənin xəbəri yoxdur. Yalnız Ramiz Məmmədov mətbuata açıqlama verdikdən sonra belə bir şura olduğu haqda xəbər tutub futbol ictimaiyyəti.

Ramiz Məmmədov onu da deyib ki, şura elə yarandığı vaxtda da fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Yəni heç bir iş görülməyib.

Daha doğrusu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlara nə vəd veribsə, bir müddət sonra hamısının arxasından qaçıb, bir sözünü də tutmayıb.

Odur ki, bütün planlar «bismillah» eləməmiş suya düşüb, bütün arzular ürəkdə qalıb.

O, Ramiz Məmmədovdur, həqiqəti bilməsə, belə danışmaz. İş üçün qapı döyməyən azsaylı mütəxəssislərdəndir. Güman ki, bu şuranın yaradılması da onun təşəbbüsüdür.

İstəyib ki, heç kimin yadına düşməyən yaşıdlarını bir yerə toplasın, AFFA onların varlığını unutmasın, belə-belə, əllərini çörəyə çatdırsın.

Yenə sinəsini verib qabağa, özünü oda-közə vurub, AFFA əvvəl «hə-hə» söyləyib, 3-4 ay keçəndən sonra da… Yalançı vədlərlə çox uzağa gedə bilməyiblər.

Hüseyn Məhəmmədov adlı yeni nəsil veteran isə deyib ki, yox ey, nə danışırsız, şura yaşayır, iş də görür. Şəxsən Hüseyn Məhəmmədov gecə-gündüz demədən çalışırmış, 10-15 istedadlı futbolçu da yetişdiribmiş bu müddətdə.

Mərətə qalmış koronavirus olmasaymış, qapalı yerlərdə domino oynamağa icazə verilsəymiş, daha çox istedadı kəşf edərmiş Hüseyn mütəxəssis. Amma guya şuranın üzvü olduğu deyilən Zaur Ramazanov da Hüseyn Məhəmmədovu yalançı çıxarıb, Ramiz Məmmədovu doğrulayıb.

Deyib ki, şura-zad yoxdur, Hüseyn də harada fəaliyyət göstərir, nə işlə məşğuldur, onlara bəlli deyil. AFFA-dakı daha bir şuranın sədri Vaqif Sadıqov isə deyib ki, belə bir şuranın yaradılmasından, ümumiyyətlə, xəbərsizdir.

Bəs bu şuranın yaradılmasından kimin xəbəri var? Göbələk deyil ki, yerdən çıxsın. Amma AFFA-da hər nə desən olar.

Orada uzun illərdir ki, kadrlar da göbələk kimi qəflətən peyda olurlar, verilən qərarlar da hardansa dombalıb çıxır.

Elə ona görə, futbolumuz da «q» vəziyyətdədir. Lüksemburqun da qarşısında, Kosovanın da, Monteneqronun da.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti