“Pandemiya üzündən fəaliyyətimizi müvəqqəti dayandırmışıq”

16 Dekabr 2020 20:20 Problem 971
“Pandemiya üzündən fəaliyyətimizi müvəqqəti dayandırmışıq”

Vaqif Cavadov daim üzdə olan futbol adamlarındandır.

Futbolçu olanda da belə idi, futboldan gedəndən sonra da.

Hazırda futbol məktəbi yaradaraq, biliklərini uşaqlara öyrədən Vaqif bəylə dünənki söhbətdə bəzi suallara cavab tapmağa çalışdıq.

- Futbol məktəbinin fəaliyyəti haqqında məlumat öyrənmək istəyirik. İşlər nə yerdədi?
- Pandemiya üzündən fəaliyyətimizi müvəqqəti dayandırmışıq. Son verilən qərarlara görə artıq işlərimizi davam etdirə bilmirik. Ona görə də hələ ki dayandıq. Vəziyyət nisbətən düzələndən sonra davam edəcəyik.

- Məktəbin məşqçilər korpusu formalaşıb?
- Bəli. Məşqçilərimizlə çoxdan anlaşmışıq.

- Uşaq futbolçularla işləmək daha fərqli, həm də çətindi. Sizin üçün necədi? Planlaşdırdığınız kimidi?
- Hər şey qaydasındadı. Düzdü, çətin işdi, amma maraqlıdı. Sadəcə, bu proseslər vaxt tələb edir. Hər uşağa ayrılıqda qayğı göstərmək, maraqlanmaq lazımdı. Onlara nə qədər qayğı göstərilsə, futbolun sirlərini aşılasaq, bir o qədər tez gələcəkdə futbolçu olub-olmayacaqlarını müəyyənləşdirə biləcəyik. Düzdü, bunların hamısını zaman göstərəcək. Futbol elə sahədi ki, onun gözəlliyini öyrətmək lazımdı. Hər bir futbolçu həm də övladdı. Hər kəs birinci bunu dərk etməlidi.

- Pandemiya təkcə uşaq futbol məktəblərinin fəaliyyətinə yox, premyer-liqaya da təsir edib. Çempionat müvəqqəti dayanıb. Sizcə, pandemiyanın cari mövsümə təsiri necə olacaq?
- Hazırkı vəziyyət çempionata, hər bir klubun nəticələrinə təsir edir. Əsas heyətin hansısa üzvü sıradan çıxırsa, bu, komandaya böyük problem yaradır. Mediadan oxuyuruq ki, hər komandadan 4-5 nəfər koronavirusa yoluxub. Bu vəziyyətdə çempionatı davam etdirmək, təsirsiz ötüşmək çox çətin olur. Hətta “Qarabağ”ın da bu gün keçirilməli olan Avroliqa oyunu məlum səbəblərdən təxirə salındı. Bu, bütün komandaların oyununa və nəticələrinə təsir edən durumdu. Vəziyyətlə bağlı qərarı müvafiq qurumlar qəbul etməlidi. AFFA qərar verməlidi, çempionat davam etsə belə, klubların vəziyyəti nəzərə alınmalıdı. Futbolçu çatışmayandan sonra komandalar necə xal qazanacaqlar? Bu baxımdan hər şey sual altındadı, çətinlik çəkirik. Allah bütün virusa yoluxan futbolçulara, həmçinin başqa koronavirus xəstələrinə şəfa versin. Əsas odu ki, sağlamlıq olsun.

- “Qarabağ”ın Avropa Liqasının cari mövsümündəki çıxışını necə dəyərləndirirsiz?
- Artıq qrup oyunlarının yekunlaşdığını deyə bilərik. Nəticə baxımından yaxşı olmasa da, oyun baxımından yaxşı çıxış etdilər. İlk iki turda zəif çıxış etmələrinə baxmayaraq, sonradan toparlandılar, yaxşı mübarizə apardılar. Bəzi oyunlarda hakim səhvlərinə görə uduzduq. Bəzilərində ustalıq səviyyəsi kifayət etmədi, komanda qollar buraxdı. Bu amilləri nəzərə alsaq, çıxışı ümumilikdə yaxşı dəyərləndirə bilərik. Əsas odu ki, “Qarabağ” hər il Avropa Liqasının qrupunda çıxış edir. Gələcəkdə bu nəticələri təhlil edib, daha yaxşı göstərici əldə etmək mümkün olacaq, necə ki, “Qarabağ” bunu ildən-ilə edir. Sadəcə, hər il futbol dəyişir, hər şey baş verə bilir. Görürük ki, necə komandalar Çempionlar Liqasında qrupda qalırlar. Bu futboldu, irəli baxmaq, daha da peşəkarlaşmaq lazımdı.

- “Qarabağ” Ağdam işğaldan qurtulandan sonra ora səfər etdi. “İmarət”in “Qarabağ” üçün nə demək olduğunu hər kəs, futbolçuları da yaxşı bilir. Siz də vaxtilə bu komandanın şərəfini qorumusuz. “İmarət”ə səfər etmək istəyərsizmi?
- Əlbəttə. Xatırlayıram ki, 2007-ci ildə “Qarabağ”da olanda Quzanlıya səfər etmişdik. Onda Olimpiya staionunda hələ təmir gedirdi. Orda demişdik ki, əsas istəyimiz tezliklə “İmarət”də oynamaqdı, bütün oyunlarımızı orda keçirək. Çox şükür ki, bu günləri yaşadıq. Ali Baş Komandana minnətdarlığımızı bildiririk. Həm də inanırıq ki, tezliklə “İmarət” yenidən tikiləcək və “Qarabağ” artıq oyunlarını orda keçirəcək. Biz, siz oyunları orda izləyəcəyik. Bütün dünya da biləcək ki, bizim elə möhtəşəm stadionumuz var və “Qarabağ” Çempionlar Liqasında çıxış edəcək (Futbol+).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti