Veteran futbolçu Zaur Ramazanov bugünlərdə verdiyi açıqlamada qardaşı Ağabala Ramazanovun timsalında milliyə seçimlərin düz aparılmadığını bildirmişdi.
O, «Sumqayıt»ın prezidenti Riad Rəfiyev və yığma məşqçilərini ciddi qınamış, onları əlbir şəkildə fəaliyyət göstərməkdə suçlamışdı.
Ramazanovun böyük əks-səda doğuran bu ittihamlarına reaksiyalar müxtəlif oldu. «Neftçi»nin keçmiş vitse-prezidenti Tahir Süleymanov Sportinfo.az-a açıqlamasında qalmaqallı mövzuya münasibət bildirib:
«Deməli, Lippertin dönəmidir. O vaxtlar U-21-n 70-80% futbolçuları - Mirhüseyn Seyidov, Amit Quluzadə, Emil Balayev, Tərlan Quliyev və bir çoxları "Neftçi"də idi.
Bununla yanaşı, gənc futbolçuların yetişməsinə xüsusi önəm verir, nəzarət edirdik. Antalyada təlim-məşq toplanışındayıq. U-21 də oradadır.
Gənc futbolçularımızdan bəziləri yığmadan kənarda qalıb. Məşqçilərimizdən maraqlandım ki, yığmadakı həmkarları ilə məsləhətləşiblər, bu məsələni qabardıblar ya yox?
Təbii, məşqçilərin həmkar həmrəyliyinə uyğun olaraq "niyə futbolçular dəvət almayıb" sualının verilməsi etik olmaya bilərdi.
Birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova telefon açdım. Futbolu bilən insanlarıq və kimlərin yığmaya layiq olub-olmadığını əzbər bilirik.
Antalyada olmağımızı, gənclərimizin əsas heyətlə birgə hazırlaşdığını önə çəkdim. Bəzi futbolçuların haqsız şəkildə diqqətdən kənar qaldıqlarını və yığmaya layiq olduqlarını söylədim.
Onlara qarant dayandım və toplanışda yoxlanışdan keçmələrinin vacib olduğunu bildirdim. U-21 yaxında məskunlaşmışdı, axşamla gəlib futbolçuları apardılar.
Təsəvvür edin, 3 futbolçu elə ilk yoxlama oyunundan U-21-n daimi üzvlərindən birinə çevrildilər. O vaxt onlardan biri Ağabala Ramazanov idi.
Potensialı olan bacarıqlı futbolçularımızdan biridir. Baxın, o vaxt rəhbərlik olaraq futbolçularımıza dəstək verməsəydik, məsələ qaldırmasaydıq, kənarda qalacaqdılar.
Ağabala yeniyetməlik dövründən gözümüzün qarşısında yetişib. Bəzi hallarda eşidirik ki, xarakteri çətindir. Bir dəfə də olsun, o uşaqdan başqa hərəkət görməmişəm.
Xatirimdə böyük-kiçik yeri bilən, əzmkar, barışmaz futbolçu kimi qalıb. Liderlərin dəyərini liderlər bilər. Keyfiyyət qalsın bir tərəfə, futbol təsərrüfatı elə vəziyyətə gətirilib ki, onsuz da milliyə futbolçu seçimi minimumdur.
Anormal durum yaranıb. Demək olar hər iki-üç futbolçudan biri milliyə dəvət almalıdır. Az-çox istedadı olanlara dəyər verilməlidir».

