Gənclər və İdman Nazirliyinin (GİN) fəaliyyəti barədə Sportinfo.az-ın elektron poçtuna məktub daxil olub.
Burada GİN-də baş verən özbaşınalıqlardan danışılır.
Müəyyən ixtisarlarla həmin yazını təqdim edirik:
Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. Burada idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin fotolarına baxanda, təbii ki, ilk baxışdan hər şey mükəmməl görünür. Ən maraqlısı bundan sonra başlayır...
İki ildən artıqdır ki, Gənclər və İdman Nazirliyi bolqar əsilli Mariana Vasilyevanın tam əsarəti altındadır.
Nazirlikdə ona müqavimət göstərən, onun dedikləri ilə oturub durmayan bütün təcrübəli kadrlar əvvəlki xidmətləri, təcrübələri, dövlətə bağlılıqları və ən əsası, milli mənsubiyyəti nəzərə alınmadan, heç bir açıqlama verilmədən işdən uzaqlaşdırılır, təqib olunur, bütün fəaliyyətlərdən kənarlaşdırılır.
Tədbirboyu bir çox maraqlı məqamlar barədə bu məqaləmizdə geniş danışacağıq. İlk olaraq qeyd edək ki, nazirliyin bu cür yüksək səviyyəli tədbirində digər nazir müavinləri - İndira Hacıyeva və Fərhad Hacıyev yoxdur.
Ola bilsin, iştirak ediblər, amma nazirliyin rəsmi saytında və digər səhifələrində onların fotoları yoxdur! Sizcə, bu ayrı-seçkilik hörmətsizlik deyilmi?!
İndi isə tədbirdən sonra yaşananlar barədə: Bütün idman ictimaiyyətinə «bomba» kimi xəbər partladı.
4 qat Avropa çempionu, 3 qat Dünya çempionu, 3 qat Olimpiya mükafatçısı Hacı Əliyev Xankəndidəki səfərdə prezident ilə görüş proqramına salınmadığı və Gənclər və İdman Nazirliyi tərəfindən ilin 10 idmançısı siyahısına alınmadığı üçün etirazını bildirib.
İdman ictimaiyyətinin çox yaxşı yadındadır ki, möhtərəm Prezident İlham Əliyev idmançılarla görüşündə şəxsən Hacı Əliyevin adını çəkərək bildirib: “Sənin o qədər medalın var ki, bəlkə də özün sayını itirmisən”.
Bu, ölkə rəhbərinin hər bir məmur üçün mesajıdır ki, mənim hər bir idmançıdan, hər bir vətəndaşdan şəxsən xəbərim var.
Maraqlıdır ki, yalnız bundan sonra hər kəsdə suallar yaranmağa başladı.
Bəs müstəqillik dövründə, hələ Ulu Öndər Heydər Əliyevin sağlığında, ondan sonra Prezident İlham Əliyevin fəaliyyəti dövründə Olimpiya və dünya çempionatlarında yüksək nəticələr əldə etmiş idmançılar daim diqqət və qayğı ilə əhatə olunduğu halda, 2023-cü ilin yekunlarında niyə yaddan çıxarıldılar?!
Olmaya Fərid Qayıbov müstəqillik illərində, ondan əvvəl əldə olunmuş nailiyyətləti, nəticələri, zəfərləri qəbul etmir?!
Olmaya Fərid Qayıbov Namiq Abdullayevi, Mövlud Mirəliyevi, Toğrul Musayevi, Zemfira Məhdəhəddinovanı, Elnur Məmmədlini, Fərid Mansurovu və adlarını yazmadığımız onlarla yüksək titullu idmançılarımızı tanımır?!
Sosial şəbəkələrdə tədbirin fotosessiyasına diqqətlə baxanda, bir məsələ aydınlaşır: tədbirə əsasən sosial şəbəkələrdə fəallığı olan idman ictimaiyyətinin nümayəndələri dəvət olunub ki, bu barədə geniş paylaşımlar etsinlər.
Düşünürük, o şəxsləri də Fərid Qayıbov sosial şəbəkələrdən tanıyır deyə, dəvət edib. Yoxsa dövlətin gənclər və idman siyasəti «facebook»la idarə olunur?!
Dəvət olunmayanlar arasından Fərid Qayıbovun az qala düşmən elan etdiyi Fərid Mansurov da var. Xatırlayırsızsa, Fərid Mansurov mərhum Azad Rəhimovun dövründə nazirliyin idman şöbəsinə rəhbərlik edirdi.
Fərid Qayıbov təyinatından dərhal sonra Fərid Mansurovu işdən azad etdi. Və onun yerinə əvvəllər işlədiyi bütün yerlərdə mənfi xasiyyətnaməsi olan Elnur Məmmədovu təyin etdi.
Gənclər və İdman Nazirliyində baş verən biabırçı proseslər getdikcə pik həddə çatır. Özbaşınalıqlar cəzasız qala bilməz. Mariana Vasilyeva nazir müavini təyin olunduğu gündən ancaq şəxsi ailəsi və büdcəsi üçün çalışmaqdadır.
2022-ci ilin yekunlarına dair tədbirdə bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva mükafat alanlar sırasında öndə dayanmışdı.
Mariana xanım 2023-cü ilin yekunları ilə bağlı tədbirdə rəsmi həyat yoldaşı Kamen Vasilyevin direktoru olduğu, 2023-cü ildə fəaliyyətə başlamış, amma heç bir fəaliyyəti gözə görünməyən “Ulduz” Futbol Akademiyasını ilin idman məktəbi tituluna layiq gördü.
Nazirliyin insan resursları şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş Gülgəz Tağıyevə fürsətdən istifadə edərək, yeni yaranmış regional idarələrin əksəriyyətinə savadsız, qabiliyyətsiz, təşkilatçılıq bacarığı olmayan, öz qohum-əqrəbasından ibarət bir dəstə formalaşdırıb.
Bunların məntiqi nəticəsidir ki, son illər regionlarda gənclər və idman siyasəti yalnız sosial şəbəkələr üçün şəkil oyununa çevrilib.
Təbii ki, bütün bu suallara zamanı gələndə Fərid Qayıbov, Mariana Vasilyeva, Elnur Məmmədov, Gülgəz Tağıyevə cavab verəcək – «NİYƏ ÖLKƏNİN GƏNCLƏR VƏ İDMAN SİYASƏTİNİ İFLİC ETDİNİZ» SUALINA?!
Qarşıdan növbədənkənar Prezident seçkiləri gəlir. Təbii ki, xalq, xüsusilə də gənclər və idmançılar Azərbaycanın güclü və qüdrətli gələcəyi üçün doğru seçim edəcəklər.
Gənclər və idmançılar hansısa xırda məmurların yarıtmaz fəaliyyəti ilə həvəsdən düşməz, Azərbaycan dövləti yarıyolda buraxmaz.
Amma seçkidən sonra 3 milyona yaxın gənc Nazirlər Kabinetinin tərkibinin yenidən təsdiq olunması xəbərini çox böyük ümid və həyəcanla gözləyəcəklər...
P.S. Qarşı tərəfin mövqeyini də saytımızda işıqlandırmağa hazırıq.

