“Bu il ərzində Azərbaycan və Ermənistan liderləri ümumilikdə 4 görüş keçirib”.
Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Bununla yanaşı, dekabrın 26-sı Sankt Peterburqda liderlərin qeyri-rəsmi ikitərəfli görüşü baş tutub. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında da il ərzində 4 görüş keçirilib. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə oktyabrın 23-ü Tehranda nazirlərin qeyri-rəsmi görüşü olub. Eyni zamanda, bu il 12 iyul və 30 noyabr tarixlərində iki ölkə sərhədində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2 görüşü baş tutub. Hər iki ölkə tərəfindən iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamenti təsdiq edilib. Lakin Ermənistanın davamlı olaraq öz öhdəliklərinə əməl etməməsi, danışıqları imitasiya edərək, Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirmək və möhkəmləndirmək cəhdləri danışıqlarda əhəmiyyətli irəliləyişin əldə edilməsinə imkan verməyib. Hesab edirəm ki, 2024-cü ildə iki ölkə arasında fiziki görüşlərin bərpa edilməsinin şahidi olacağıq”, - deyə nazir vurğulayıb.
C. Bayramov bildirib ki, dekabr ayında Ermənistanla Azərbaycan arasında danışıqlarda müşahidə olunan inkişaf ciddi etimad quruculuğu kimi qəbul edilə bilər: “Burada hər hansı üçüncü ölkənin vasitəçiliyi olmayıb. Bu, vacib elementdir.
Hesab edirəm ki, noyabrın 30-u delimitasiya komissiyalarının görüşü iki ölkənin sərhədində keçirilməsi, artıq konkret nəticənin əldə edilməsi yolunda ilkin addımlar olsa da, müsbət inkişaf kimi bunları qeyd etməliyik”.

