Azərbaycan futbolunda türkmən “Karvan”ı - ARAŞDIRMA

15 May 2020 19:16 Premyerliqa 993
Azərbaycan futbolunda türkmən “Karvan”ı - ARAŞDIRMA

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionatlarında ən çox futbolçu ilə təmsil olunan Asiya ölkəsi Türkmənistandır.

Bu, “apasport”un futbol tariximizin coğrafiyasına səyahəti zamanı bəlli olub.

Həm SSRİ dövründə, həm də müstəqillik illərində futbol ölkəsi kimi tanınmayan Türkmənistan çempionatımıza müxtəlif illərdə 15 oyunçu verib.

İki dəfə cığır açdı, tarixə düşdü
Azərbaycanda oynamış ilk türkmənistanlı Arif Mirzəyevdir. Yarımçıq qalan 2001/02 mövsümündə “Neftçi”yə transfer olunan legioner futbolumuzun tarixinə ölkəsinin ilk təmsilçisi kimi düşüb. Bakı klubunda uğursuz çıxış edən cığıraçan 2 il sonra “Qarabağ-Azərsun” da peyda olub. Lakin hücumçu oynadığı iki komandanın heç birində qol hesabını aça bilməyib.

“Karvan”ın gətirdiyi “karvan”
Türkmənistandan Azərbaycana gələn futbolçu “karvan”ı 2004/05 mövsümündə qeydə alınıb. Yeni yaranan “Karvan” bu ölkədən 4 futbolçu gətirib. Nazar Bayramov və Məkan Nəsirov kifayət qədər uğurlu transfer sayılırsa, Berdı Şamuradovun ümidləri tam doğrultduğunu söyləmək olmaz. Bir müddət milliləşməsi də gündəmə gələn gənc Timur Annamamedov yalnız debütlə kifayətlənib. Onların daha bir həmyerlisi “Xəzər Lənkəran”da peyda olub. Lakin Dmitri Nejelev gözləniləni vermədiyi üçün tezliklə vətəninə qaytarılıb.

Rekordçu cütlük
2004-cü ildə “Karvan”da peyda olan Nazar Bayramovla Məkan Nəsirovun ölkəmizdəki karyerası yetərincə uzun və uğurlu alınıb. Yevlax təmsilçisində əsas heyət üzvlərinə çevrilən cütlük ilk mövsümdə bürünc, ardınca gümüş medala yiyələnib. Kubokun finalına da yüksələn “Karvan”ın “Qarabağ”a uduzduğu qarşılaşmada Nazar da meydana çıxıb. Daha bir mövsüm yevlaxlıların uğurları üçün çalışan cütlüyün yolları 2007-ci ilin yayında ayrılıb. Nazar növbəti üç mövsümü “Neftçi”nin uğurları üçün çalışıbsa, Məkan bir il də “Karvan”da qaldıqdan sonra “Qəbələ”nin də formasını geyinib. Bayramov “ağ-qaralar”la daha bir mükafat – çempionatın gümüşünü əldə edib. O, təkcə türkmənistanlılar deyil, bütün asiyalılar arasında Azərbaycan çempionatın həm oyun, həm qol, həm keçirdiyi mövsüm sayında rekordçusudur. Məkan isə bu göstəricilərdə ikinci sırada qərarlaşıb.

İkinci axın
Nəsirov üç il çiyin-çiyinə oynadığı Bayramovun gedişindən sonra da “Karvan”da tək qalmayıb. Məmmədəli Karadanov 2007/08 mövsümündə Yevlax təmsilçisinin uğurları üçün çalışıb. Türkmənistandan Azərbaycana ikinci futbolçu “karvan”ı da elə “Karvan”da müşahidə olunub. Dövlətmurat Atayev, Ömər Berdıyev, Murad Hamroyev və Pavel Xarçik 2009/10 mövsümündə yevlaxlıların heyətində çıxış edib. Sonuncu ölkəmizdə yeganə türkmənistanlı qapıçı olub. O, eyni mövsümdə həm “Karvan”, həm də “Standard”da forma geyinib. Lakin bu oyunçulardan heç biri ölkəmizdə bir mövsümdən artıq qalmayıb.

Son nümayəndələr
Üç ildən sonra “Kəpəz”də iki, AZAL-da bir türkmənistanlı peyda olub. Lakin bur üç futbolçudan heç biri 10-dan çox oyun keçirə bilməyərək vətəninə qaytarılıb. 2017/18 mövsümündə Elman Taqayev geri dönüb. Sabiq “Olimpik”li bu dəfə “Səbail”in şərəfini qoruyub. Həmin vaxt onunla yanaşı, daha bir həmyerlisi Vaxit Orazsaxedov də paytaxt klubunun uğurları üçün çalışsa da, mövsümlərarası dövrdə “Səbail”dən ayrılıb. Ümumilikdə, 15 türkmənistanlı Premyer Liqada 19 qol vurub.

Azərbaycan çempionatında ən azı 10 oyun keçirən türkmənistanlılar

yer

futbolçu

oyun

qol

1

Nazar Bayramov

105

10

2

Məkan Nəsirov

66

4

3

Elman Taqayev

33

2

4

Dövlətmurat Atayev

24

2

5

Pavel Xarçik

18

-20

6

Murad Hamroyev

12

0

7-8

Məmmədəli Karadanov

10

1

Vaxit Orazsaxetov

10

0

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?