Lider "Neftçi", özünə qayıda bilməyən "Qarabağ" və digərləri

17:45 Premyerliqa 150
Lider "Neftçi", özünə qayıda bilməyən "Qarabağ" və digərləri

Milli fasiləyə lider kimi yollanan komanda “Neftçi” oldu.

“Ağ qaralar" bu dəfə Qəbələdə darmadağınla 3 xala sevindi. “Qəbələ” üzərində qazanılan qələbə klubun tarixində 1000-ci oyunu ilə əlamətdar oldu.

Bombardir Breno Almeyda əla qolla diqqət çəkdi. Yeni transfer Akinyemi qol hesabını açdı. Ona ötürməni Vernidubun bu mövsüm gözdən çıxardığı Bassala Sambu verdi.

65-ci dəqiqədə Şkribekə qırmızı vərəqənin verilməməsi matçın gedişinə təsir edə biləcək əsas məqamlardan biri oldu.

Həmin anda hesab 0:1 idi və hər şey "Qəbələ" üçün tam fərqli ola bilərdi.

0:3-ə rəğmən “Qəbələ”nin bərbad oyun keçirdiyini demək olmaz. Ələ düşən imkanları qola çevirə bilsəydilər ən azı 1 xalla meydandan ayrıla bilərdilər. Yeni baş məşqçisi Yeton Beqiri oyunu tribunadan izlədi. Qarşıdakı milli fasilə onun komandaya toxunuş etməsi üçün ilk ciddi mərhələ olacaq.

“Qarabağ” penalti qolu ilə qalib gəldi.

Hamımız komandanın yenilənmə mərhələsində olduğunu deyirik. Amma bu, bəhanəyə çevrilməməlidir. Yenilənən heyət avrokuboklarda daha yaxşı çıxış edirdi, nəinki çempionatda.

“Şəfa” edə biləcəyinin maksimumunu etdi. Komanda yaxşı müdafiə olundu, “Qarabağ” isə 90 dəqiqə ərzində topu ora-bura var-gəl etməklə məşğul oldu. Boşluqları tapmağa, yaratmağa sürət, dinamika çatmırdı.

Penal olmasaydı, “Qarabağ”ın debütant qarşısında xal itirmək ehtimalı az deyildi.

Bir daha şahid olduq ki, Berdıyev istəyəndə "Turan" yaxşı oynamağı bacarır. Xüsusilə birinci hissədə "Zirə" müdafiə olunmaqla məşğul idi. Nə qədər qəribə səslənsə də qələbə qolu yenə Berdıyev sayağı vuruldu.

Final fitindən sonra Jo və digər futbolçuların qonaqları təxribata çəkməsi gərginlik yaratdı.

İntriqa istəyiriksə, belə epizodlara da hazır olmalıyıq. Burada qorxulu və qeyri-adi nəsə görmürəm. Ən pis halda tərəflər böyük pul cərimələri ala bilər.

Rəşad Sadıqovun soyuqqanlı davranışı bu dəfə hər iki klubu da həmin təhlükədən xilas etmiş oldu.

Son çempion itkisiz davam edir.

“İmişli”nin müqaviməti son saniyələrə qədər davam etsə də, “Sabah” keyfiyyət fərqini hesabda əks etdirməyi bacardı.

Mövsümün ikinci istefası Şamaxıda reallaşdı. "Şamaxı"ya məğlubiyyətdən sonra "Araz Naxçıvan" rəhbərliyi baş məşqçi Cavid Hüseynovla yolları ayırdı. Məncə, ən azı qışa qədər gözləmək doğru olardı. Naxçıvanlılar "Neftçi" oyunu xaric digər matçlarda pis çıxış etməmişdi.

Oyunun ilk penalti epizodunda İnqilab Məmmədovun qərarı da müzakirə mövzusudur. Düzdü, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın doğru olduğunu təsdiqlədi, amma şəxsən mən nə qədər baxsam da qapıçının rəqibə toxunuşunu görə bilmədim.

"Araz" məğlub olsa da, Ağadadaş Salyanskinim ardıcıl üçüncü oyunda qol vurması xoş hadisədir.

“Şamaxı”nın bu nəticədən sonra ikinci altılıqda özünə daha rahat mövqe qazandığını demək olar.

Gəncədə xallar bölüşdürüldü.

Burada da hakim qərarı ön plana çıxdı. Oyunun 57-ci dəqiqəsində "Sumqayıt"ın qapısına penalti verilə bilərdi. Təkrarda aydın görünür ki, qonaqların futbolçusu "Kəpəz"in oyunçusunun formasından ani tutaraq buraxmır, sona qədər davamlı tutur. Bu isə penaltidir. Niyəsə Əliyar Ağayevin fiti susdu. Heç Rəhim Həsənov da epizodu şərh etmədi.

Buna qədər isə "Sumqayıt" hesabda önə çıxmağı bacarmışdı. Təslim olmayan gəncəlilər sona 3 dəqiqə qalmış bərabərlik qolunu vura bildi. Hətta əlavə vaxtda önə də çıxa bilərdilər.

Məğlub olmadığı üçün isə qonaqlar yeni transfer Yohansona minnətdar olmalıdır. Əcnəbi qapıçı əla 90 dəqiqə keçirdi. Belə davam etsə "kimyaçılar"ın işinə çox yarayacaq.

Azarkeşlər yenə möhtəşəm idi. Gəncədə tribunaların yaratdığı atmosfer “Kəpəz” üçün ciddi üstünlüyə çevrilməkdədir.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti