Fəaliyyətini dayandıran Premyer Liqa klubları geri qayıdarsa…

23 Mart 2020 13:12 Premyerliqa 843
Fəaliyyətini dayandıran Premyer Liqa klubları geri qayıdarsa…

Koronavirus pandemiyası ilə bağlı artıq 1 həftədən artıqdır ölkə çempionatının görüşlərinə fasilə verilib.

Müddət hələ ən azı aprelin 14-nə kimi davam edəcək.

Ən problemli məsələ isə komandaların məşqlərə də çıxa bilməməsidir. Bunun fəsadları isə hər bir kluba mütləq dəyəcək. Hansına çox, hansına az onu zaman göstərər.

Yəqin ki, məşqlər növbəti starta bir neçə həftə qalmış bərpa olunacaq. Bu, klubların forma yığması, oyunlara hazır olması üçün mütləqdir. Proseslər düşündüyümüz kimi cərəyan etsə, fasilənin kimlər üçünsə faydalı, kimlər üçünsə heç yerinə düşmədiyini son turlardakı nəticə və performansla ehtimal etmək olar.

Başlayaq "Qarabağ"dan. Çempionluq prizmasından baxsaq, son çempion üçün fasilənin olub-olmaması arasında elə bir fərq olacağı gözlənilmir. İstənilən halda ağdamlılar növbəti qızılına qovuşacaq kimi görünür. Digər tərəfdən isə fasilə avrokubok görüşlərində "Qarabağ"a çox təsir edə bilər. Ancaq onu da unutmayaq ki, bu vəziyyət "Qarabağ" kimi onun avropadakı rəqibləri üçün də eynidir.

Liderin ən yaxın izləyicisi olan "Neftçi" üçün fasiləni uğurlu saymaq olar. Çünki son anda komandaya baş məşqçi təyin olunan Füzuli Məmmədov üçün bu gün istənilən fasilə komandanı özü istəyən kimi formalaşdırmaq baxımından fürsət sayılmalıdır. Qarşıdakı günlər məşqlər bərpa olunsa, Məmmədov fasiləni yaxşı dəyərləndirsə, həm də qalan periodda çempionluq mübarizəsinə bir gərginlik gətirmiş olacaq.

Fasilənin fərq etmədiyi ikinci komandanın "Keşlə" olduğunu desək düzgün olar. Kollektiv çempionluq şansını itdirdiyi kimi, avrokuboklara getməmək kimi bir ehtimalı da yox kimidir. Komanda ən yaxın izləyicisi olan "Sumqayıt"dan 7 xal öndədir. Komanda çempionat bərpa olunandan sonra, gərək, nə qədər bərbad çıxış edə ki, cəmi 8 tura belə bir üstünlüyü əldən verə. Əslindən Əhmədovun komandası 3-cü dövrəni elə də uğurlu keçirmirdi. Baş məşqçi zaman-zaman Kristovao kimi futbolçuların uyğunlaşmasına zaman lazım olduğunu deyirdi. Məşqlərin bərpası həm Kristovaoya, həm də Əhmədova o zamanı verə bilər. Bura Ruslan Qurbanov kimi zədəli əsas heyət üzvünün bərpasını da əlavə edə bilərik.

"Sumqayıt" - Qış fasiləsindən sonra bu kollektiv "ən yaxşı hazırlıq keçən" komanda statusunun sahibi idi. Amma cəmi 2 turluq uğurlu oyundan sonra nəticə də yoxa çıxdı, gözəl oyun da. Hətta komanda son turda gözlənilmədən Qəbələ səfərində 5-0 məğlub oldu. Nə bilmək olar, bəlkə, yenə fasilədən sonra yaxşı "Sumqayıt" görəcəyik. Vay ona ki, böyükhesablı məğlubiyyət fasilə müddətində futbolçuların ruhuna işləyə. Bax onda Ayxan Abbasova komandanı uğura daşımaq çox ağır olacaq.

"Sabah" - Sopiçin komandası "Neftçi"yə məğlubiyyətə kimi pis çıxış etmirdi. 4 oyunluq uğurlu seriya vardı. Amma "Neftçi" qarşısındakı 4-0-lıq məğlubiyyət əslində "Sabah"ın problemlərinin az olmamasından xəbər vermiş oldu. Məşqlər bərpa olunarsa son anda komandaya qoşulan Sezar Rodriges, Ramil Şeydayev kimi futbolçulara komandaya daha yaxşı uyğunlaşmaq üçün yaxşı bir fürsətdir. Ki, "Sabah"ın gücünə güc qata bilsinlər.

"Zirə" - Zaur Həşimovun kollektivi 3-cü dövrəni ən uğursuz keçirən komanda idi. Qış toplanışından sonra komandanın nə bəlli oyun sistemi vardı, nə də normal nəticələri. "Zirə" 3-cü dövrəyə "Sabah" üzərindəki qələbə ilə başlasa da bununu davamını gətirə bilmədi. Bunda həm zədəli, cəzalı futbolçuların rolu, həm də Həşimovun lazımsız futbolçu yerdəyişmələri əsas rol oynayırdı. Zədəli futbolçuların qayıtması, son görüşdəki qələbə bəlkə də yaxşı gələcək üçün bir siqnal idi. Amma bu dəfə də fasilə "Zirə"nin önünü kəsmiş oldu. Fasilədən sonrakı "Zirə" haqda danışmaq isə çox çətindir.

"Səbail" - Ötən yaydan başlayan maliyyə problemləri və qışa kimi olan uğursuzluqlara baxmayaraq, Aftandil Hacıyevin yetirmələri 3-cü dövrəni çox yaxşı keçirirdilər. Son turdakı mğlubiyyətə rəğmən komanda sanki reyisə oturmuşdu. Digər yandan məhdud heyəti nəzərə alsaq, fasiləni müsbət mənada "Səbail"in aktivinə yazmaq da olar.

"Qəbələ" - Baxşıyev komandanı təzəcə ritmə salır ki, araya hansısa maneyə çıxır. Sənan Qurbanovdan sonra komandanı toparlamağı bacaran gənc baş məşqçi, qış fasiləsində əsas futbolçularını itiməklə yenidən çətin duruma düşmüş oldu. Yeni futbolçuların uyğunlaşması isə məlumdur ki, zaman alan məsələdir. Baxşıyevin komandası o zamanı aldığı 4 məğlubiyyətlə geridə qoymuş və qələbə seriyasına start vermişdi. Son görüşdə "Sumqayıt" üzərindəki 5-0-lıq qələbə də parlaq gələcəkdən xəbər verirdi. Artıq növbəti 2 qələbə komandanı ilk 4-lüyə belə qalxmasına səbəb ola bilərdi. İndi də fasilə bu arzuların üzərindən xətt çəkdi. Fasilədən sonra necə olacağını isə zaman göstərəcək.

Təbii ki, bütün bunlar bizim həqiqətə yaxın gördüyümüz ehtimallar idi. Əsas olan koronavirus bəlasının insanlarımızdan və futbolumuzdan tezliklə yan keçməsi və komandaların məşqlərini yaxın zamanda bərpa etməsidir. Sonrasını zaman öz axarına salacaq.

SPORTINFO/AZ

Digər Xəbərlər
Xəbər Lenti