İkinci Kadi, ikinci Sayef istəyiriksə...

9 Avqust 2022 20:40 Premyerliqa 1 668
İkinci Kadi, ikinci Sayef istəyiriksə...

"Neftçi" Kiprdə "Aris"ə boy əyəndə (0-2) hamı qəm dəryasına batmışdı. Ki, avrokuboklarla vidalaşmaq an məsələsi kimi görünürdü.

Amma komanda cavab matçında mümkünsüzü bacararaq borclu olduğu qələbə ilə (3-0) mərhələ adlamağı bacardı.

Növbəti mərhələdəki rəqib isə adlı-sanlı "Rapid" idi. Bu komandaya məğlubiyyət fiasko sayılmayacaqdı. Hətta Bakıda belə...

Amma Regekampfın komandası futbol ictimaiyyətinə növbəti surprizi yaşatmağı bacardı.

İlk və son 15 dəqiqədə öz səviyyəsini çılpaqlığı ilə ortaya qoyan Avstriya klubunu "ağ qaralar" digər dəqiqələrdə vurduğu iki qolla cəzalandırmağı bacarmışdı.

Fərq arta da bilərdi. Ki, 77-ci dəqiqədə Yusif Lavalın yerinə meydana çıxan Rəhman Hacıyev fərqlənə bilsəydi.

Əvəzində son saniyələrdə buraxılan qol qələbəyə mane olmasa da üzüntüyə səbəb oldu. Hər halda səfərə 2-0 getmək daha yaxşı olardı.

Amma bu gün evdəki 2-1 hesabına görə də "Neftçi"ni qınamaq haqqsızlıq olar. Amma qınayanlar var. Əsas da Rəhman Hacıyevin timsalında.

Ehtiyat qüvvə yoxdur deyə hamı dad edir. Hamı komandada ikinci Lavalı, ikinci Sayefini axtarır.

Amma dönüb arxaya - Premyer Liqamıza boylanan yoxdur. Görə ki, bu çempionata bir Laval, bir Sayef də çoxdur. Hələ gəliblərsə böyük işdir.

Oxşar mənzərə ilə illərdi "Qarabağ" üz-üzə qalıb. Hamı ikinci Kadini, ikinci Zubiri axtarır.

Acı da olsa həqiqət budur ki, nə "Neftçi", nə də "Qarabağ" heyəti "Rapid"ə, "Surix"ə görə yox, Premyer Liqamızın səviyyəsinə uyğun qurur.

Onunla da avrokuboklarda sanballı rəqibləri udmaq qarşılaşdığımız çətinliklər bahasına başa gəlir. Əksər vaxt heç gəlmir də. Asanlaşdırmaq üçün Premyer Liqamızın səviyyəsini qaldırmalıyıq. Onda Laval, Kadi, Zubir, Sayefi kimi adlardan bir komandamızda ikisi də olacaq üçü də...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti