Mövsümə əla başlayan “Neftçi” ilk ciddi sınaqda azarkeşlərinin ümidlərini puç etdi
"Zirə"yə məğlubiyyət bir yana, meydanda oyun baxımından yaxşı “Neftçi” görə bilmədik.
90 dəqiqə ərzində bakılıların rəqib qapısına normal bir zərbə belə vura bilməməsi “Neftçi” adına ayıbdır.
İqor Riberonun uşaq kimi Volkov tərəfindən aldadılması, müdafiədəki ciddi səhvlər, mövqelər arasında əlaqənin zəif olması – bir sözlə, bu oyunda “Neftçi”nin nə qədər problemi olduğu açıq şəkildə göründü.
Təcili komandanı toparlamaq lazımdır. “Araz-Naxçıvan” və “Sumqayıt”la oyunlardakı qələbələrə arxayın olmaq olmaz. Qarşıda “Sabah”, “Qarabağ” və digər ciddi rəqiblərlə oyunlar var. “Neftçi” birbaşa rəqibləri ilə matçlarda qələbə qazanmaq məcburiyyətindədir. Əks halda bu mövsüm avrokuboklara getmək çətin olacaq və mübarizə “Neftçi” üçün daha da gərgin keçəcək.
Yuri Vernidub oyundan sonra “Zirə”nin bostanına daş atdı, hakimlərin Rəşad Sadıqovun komandasına kömək etdiyini iddia etdi.
Bəli, ötən mövsüm “Zirə” – “Neftçi” oyununda kobud hakim səhvi olmuşdu. Biz də bu barədə danışmış, tənqid etmişdik. Amma bu dəfə vəziyyət tamam fərqli idi. Nəticəyə təsir edəcək səhv görmədik.
Rəşad Sadıqov taktiki savaşda Vernidubu aşkar üstələdi.
Daha dəqiq oynayan, daha yaxşı təsir bağışlayan və qələbəni daha çox istəyən tərəf “Zirə” idi.
90 dəqiqənin sonunda da komanda layiqli qələbə qazandı.
Hətta “Zirə”nin bəxti gətirsəydi, hesab arasındakı fərq daha böyük də ola bilərdi.
Bəlkə də əcnəbi mütəxəssisi qəzəbləndirən həmkarına məğlubiyyətidir.
Düşünürəm ki, bu oyundan sonra Verniduba düşən cəfəng fikirlərdənsə sadəcə rəqibi təbrik etmək idi.
Mənasız atmacalarla vəziyyəti başqa istiqamətə çəkməkdənsə, açıq ürəklə komandasının problemlərini etiraf etməsi daha doğru olardı.
Daha yaxşı olardı ki, Vernidub İqor Riberoya bir müdafiəçinin bu şəkildə uşaq kimi aldadılmamalı olduğunu başa salsın.
Elvin Bədəlovun ilk sarı vərəqədən sonra niyə əvəzlənməməsi sualına da cavab tapmaq lazımdır.
Mərkəz müdafiəçisinin uzun müddət sarı vərəqə ilə meydanda qalması kifayət qədər təhlükəli idi.
Üstəlik, oyunun gedişi göstərirdi ki, Bədəlov qırmızı vərəqəyə doğru gedir. Vernidub bu məsələyə vaxtında müdaxilə etməli idi.
Daha yaxşı olar ki, ukraynalı mütəxəssis qarşıdakı günlərdə komandasının üzərində daha çox işləsin və yeni transferlərdən daha çox istifadə etsin.
Bəli, “Neftçi” ardıcıl transferlər edir. Amma təəssüf ki, həmin transferlərin hələlik komandaya ciddi fayda verdiyi görünmür. Vernidub yaxşı olar ki, bunun səbəbini araşdırsın.
Bir başqa məqam da diqqət çəkir: Freddi Varqas niyə özünə bənzəmir? Sanki meydanda nədənsə narazı, küskün, incik təsiri bağışlayır. Ukraynalı mütəxəssis bu suallara cavab tapa bilməsə, qarşıdakı görüşlərdə “Neftçi”ni heç də asan günlər gözləmir.
Turun ən baxımsız oyunu Qəbələdə keçirildi.
Düzdü, Kaxaber Tsxadadze oyundan sonra yenə yaxşı oynadıqlarını deyib. Amma həmin yaxşı oyunu niyəsə gürcüstanlı mütəxəssisdən başqa görən olmadı. 90 dəqiqəyə baxan bunu təsdiqləyə bilər. Sürət az, top itkiləri nə qədər desəniz. Yaranan az sayda qol imkanlarını isə İsmael Akinade, Tornike Axvlediani kimi əcnəbilər biabırçı zərbələrlə tamamladı. Bu iki zərbə zamanı adıçəkilən legionerlərin dırnaqarası ustalığı oyunun hansı keyfiyyətdə keçməsini əyani gözlər önünə sərir. "Qəbələ" rəhbərliyi də nəhayət bizim həftələr öncə dediyimizə gəldi - məhz bu oyundan sonra baş məşqçi Kaxaber Tsxadadze ilə görüşərək yolların ayrılmasına qərar verdi. Gecikmiş olsa da doğru qərardı. İndi qalır doğru seçim edib, yola davam etmək. Daha səhv etmək limiti yoxdur. Əks halda qısa müddətdə ikinci dəfə "Qəbələ"ni Birinci Liqada görə bilərik.
"Şəfa" Qəbələdə keçirdiyi parlaq oyunun ardını gətirə bilmədi. Sanki futbolçular son oyundakı baxımlı oyunla qazanılan qələbədən rahatlıq tapmışdılar. Düzdü, "İmişli"dən geri qaldıqlarını demək olmaz. Hətta ədalətli nəticənin bərabərlik olmasını da əlavə edə bilərik. Amma qələbəni daha çox istəyən tərəf kimi görünən "İmişli" mövsümdə ilk qələbəsini qazandı. Özü də əsas heyətdə 7 azərbaycanlı ilə meydana çıxdığı oyunda. Yeganə qolu isə ötən mövsüm Birinci Liqada qolları sıralayan Seyxan Fərəcov vurdu. Ümumiyyətlə, bölgə klubu yay fasiləsində heyətinə ən az legioner qatan komandadır. Görünən odur ki, baş məşqçi postunu gənc mütəxəssis Fərid Namazova həvalə edən rəhbərlik meydanda da yerli uşaqlara daha çox güvənəcək. Təqdirəlayiq addımıdır, qalır meydanda mükafatını almaq.
"Kəpəz" üçün 3 illik aradan sonra yenilənən Gəncə Şəhər Stadionuna bundan möhtəşəm qayıdışı ola bilməzdi.
Qərb derbisi, əzəli rəqiblə qarşılaşma və 1:0 hesablı qələbə.
Komanda 90 dəqiqə ərzində qələbəni daha çox istəyən tərəf idi.
Bəli, keyfiyyət baxımından rəqibindən geri qala bilər. Amma bu dəfə istək keyfiyyətin önünə keçdi.
“Kəpəz” intizamlı oynadı, 90 dəqiqə ərzində rəqibinə ciddi qol fürsəti vermədi və mövsümdə vacib ilk üç xalını qazandı.
Azər Məmmədovun yetirmələri ilk oyundaca digər rəqiblərinə açıq mesaj verdi - Gəncədən xal aparmaq asan olmayacaq.
"Turan Tovuz" isə ardıcıl üçüncü oyunda liqada qalmaq uğrunda mübarizə aparan rəqiblə qarşılaşmada çətinlik yaşadı.
“Kəpəz”lə oyunda 0:1 hesabı ilə geriyə düşəndən sonra tovuzlu futbolçular nə edəcəyini bilmirdi.
Sanki komandanın B planı yoxdu.
Yenə alışdığımız mənzərə: standart vəziyyətlər, uzun ötürmələr, cinahlardan hücumlar və Silvanın aut atışları.
"Turan" ötən mövsüm bu cür yanaşma ilə vacib qollar vurmağı bacarırdı.
Görünən odur ki, rəqiblər də artıq Kurban Berdiyevin bu xüsusiyyətlərini yaxşı analiz ediblər və “Turan"ın fərqlənməsinə mane olmağın yollarını tapıblar.
Klub son illər Azərbaycanda heç bir məşqçiyə yaradılmayan şəraiti Kurban Berdıyevə yaradıb. Bu mövsüm əsas heyətdə 11 əcnəbi ilə meydana çıxan yeganə klub "Turan"dı. Bəs nəticə?
Təsəvvür edin Qəbələ", "Şamaxı" və "Kəpəz"lə oyunlarda cəmi 1 qol vurub, 4 xal qazanmaq mümkün olub. Qarşıda isə "Qarabağ", "Sabah", "Zirə" kimi iddialı rəqiblər var.
Elə yaxşı ki, bu komanda yayda avrokuboklarda iştirak etməyib. "Şamaxı"ya, "Kəpəz"ə qalib gəlmək bir yana, qol vura bilməyən komanda Biləcəridən o tərəfdə nə edəsiydi ki? Təcili Kurban Berdıyevlə ayrlıq postu hazırlanmalıdır. Artıq 3 mövsümdü tuneldə işıq görünmədiyini deyirik. Yerli publikada da bunu bilənlər az deyildi. Əbəs deyil ki, hələ iki mövsüm əvvəl Tovuz şəhər stadionunda Berdıyevin ünvanına istefa şüarları səslənmişdi. Eyni şeyi dediyim üçün məni düşmən kimi qələmə verən tovuzlular, indi mənəm "Turan"a düşmən, yoxsa yersiz yerə, ən yaxşı halda rəhbərə yaxşı görünmək üçün Berdiyevi dünən müdafiə edib, bu gün yolunu kəsən sizlər? Əlinizi vicdanınıza qoyub cavab verin. Bugünkü uğursuzluq da sizin də payınız var.
“Sabah”ın Qəbələdə daha çox ehtiyat heyətlə meydana çıxacağı gözlənilirdi. Dambrauskas bunun əksinə əsas heyətdə 6 vacib fiqura yer vermişdi.
Oyuna aqressiv başlayan paytaxt təmsilçisi ardıcıl təhlükəli epizodlar yaratdı. Fasiləyə qədər hesabın açılmasına Auqusto təkbaşına mane oldu. “Araz-Naxçıvan” isə ilk hissədə demək olar ki, rəqibin cərimə meydançasına yaxınlaşa bilmirdi. Naxçıvan təmsilçisi buna yalnız bir dəfə yaxın oldu. 13-cü dəqiqəyə təsadüf edən həmin hücumda top Parrisin əlinə dəydi və “Araz-Naxçıvan” futbolçuları penalti tələb edərək baş hakimə etiraz etdilər. Lakin VAR yoxlamasından sonra epizodda qayda pozuntusunun olmadığı təsdiqləndi.
Fasilədən sonra isə “Sabah” nəhayət hesabı açdı. İlk hissənin qəhrəmanı Auqusto ilə müdafiəçi Dumançiçin kobud səhvləri nəticəsində paytaxt klubu önə keçdi.
Ardınca “Sabah” hesabı artırmaq üçün bir neçə yaxşı fürsət əldə etsə də, bunlardan yararlana bilmədi.
Yalnız əsas vaxtın bitməsinə 5-6 dəqiqə qalmış “Araz-Naxçıvan” hücumda fəallaşdı və rəqib qapısı qarşısında real qol imkanları yaratdı. Lakin Stas Pokatilovun yaxşı seyvləri “Sabah”ın minimal üstünlüyünü qorumasına imkan verdi.
Beləliklə, “Sabah” Qəbələdə 1:0 hesablı qələbə qazanaraq növbəti üç xalı əldə etdi. “Araz-Naxçıvan” isə mövsümün üçüncü oyununda da qol vura bilmədi və bu uğursuz seriya davam edir.
“Qarabağ”ın "Tvente"yə məğlubiyyətdən sonra Premyer Liqada özünü necə göstərəcəyi hamıya maraqlı idi. İlk dəqiqələrdən komandada həm fiziki yorğunluq, həm də psixoloji gərginlik hiss olunurdu.
Buna rəğmən ilk dəqiqələrdən üstün tərəf qonaqlar idi. Topa daha çox nəzarət edən Ağdam təmsilçisi olsa da, real təhlükə yaratmaqda çətinlik çəkirdi. Buna "Sumqayıt"ın sıx müdafiə xətti ciddi maneə idi.
31-ci dəqiqədə Kadi Borgesin qırmızı vərəqə alması da həmin psixoloji gərginliyin nəticəsi kimi qiymətləndirilə bilər. Adi epizodda əsəblərinə hakim olan bilməyən braziliyalı rəqibini bilərəkdən vurmağa cəhd etdi. Və haqlı olaraq meydandan qovuldu. "Tvente" ilə görüşdə isə Marko Yankoviç eyni aqibəti yaşamışdı. Son bir həftə ərzində “Qarabağ”ın iki futbolçusunun qırmızı vərəqə alması alışdığımız mənzərə deyil.
Bilirik ki, Qurban Qurbanov futbolçulardan nizam-intizama ciddi riayət etməyi tələb edən mütəxəssisdir.
Görünür, qısa müddətdə iki futbolçunun meydandan qovulması ilə bağlı baş məşqçinin futbolçularla ciddi söhbət aparması lazım olacaq.
Kadinin meydandan qovulmasından sonra “Qarabağ” azlıqda qaldığı çətin məqamda toparlanaraq vacib üç xalı Sumqayıtdan qopara bildi.
Burada həlledici rolu Jali Muaddib oynadı. O, oyunu üzərinə götürdü, fasilə ərəfəsində komandasına penalti qazandırdı və özü də həmin zərbəni dəqiq yerinə yetirdi. Bu qol isə matçda yeganə qol oldu.
“Sumqayıt” ikinci hissədə bir neçə təhlükəli vəziyyət yaratsa da, əlinə düşən yaxşı imkanlardan yararlana və hesabı bərabərləşdirə bilmədi. Düzdü, azlıqda qalan rəqiblə oyunda xal qazana bilməmək qüsur hesab olunmalıdır.
Lakin ümumilikdə “Sumqayıt”ın “Neftçi” ilə oyunla müqayisədə bu görüşdə daha yaxşı təsir bağışladığını demək olar. Ortabab statuslu “Sumqayıt”ın ikinci altılıqdakı rəqiblərlə oyunlarda daha çox xal qazanması kifayət qədər real görünür.
Oyunda diqqət çəkən məqamlardan biri də final fitindən sonra “Qarabağ” azarkeşlərinin bütövlükdə baş məşqçi Qurban Qurbanova dəstəyini nümayiş etdirməsi oldu. Səbəbsiz deyildi. "Tvente"yə məğlubiyyətdən sonra sosial şəbəkələrdə təcrübəli mütəxəssisin ünvanına xoşagəlməz iradlar səsləndi. Sumqayıtda azarkeşlərin açıq dəstəyi bir daha göstərir ki, nə “Qarabağ” rəhbərliyinin Qurban Qurbanovdan narazılığı var, nə də azarkeşlərin.
Bəs onda sosial şəbəkələrdə Qurban Qurbanovun istefasını, “Qarabağ” rəhbərliyinin getməsini tələb edənlər kimlərdir?
Görünən odur ki, bu şəxslər heç də “Qarabağ”ın uğurunu istəyən, klubu sevən insanlar deyil. Əksinə, onların yazdıqları və davranışları “Qarabağ”ın uğursuzluq yaşamasını, daxildə parçalanmasını istəyən şəxslərin mövqeyidir. Zahirən "Qarabağ"a canıyanan görünsələr də, daxilən niyyətləri çox xarabdır. Qurban Qurbanov isə mətbuat konfransında son başverənlərə cavab olaraq bunları deyib:
"Bizim bir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm".
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
