Azərbaycan futbolunda ata-bala problemi - İndi çoxları deyəcək ki...

7 Aprel 2021 19:40 Premyerliqa 1 127
Azərbaycan futbolunda ata-bala problemi - İndi çoxları deyəcək ki...

Azərbaycan futbolunda qəribə hadisələrə rast gəlməsək, günah olar.

Hər an sizi təəccübləndirəcək nəsə eşidə bilərsiz.

Gəlin onlardan ikisini biz sizə deyək.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 19-cu turunun “Sabah” – “Sumqayıt” matçını Əliyar Ağayev idarə edib. Qarşılaşmanın AFFA nümayəndəsi isə Kərim Ağayev olub.

1-ci divizionun 18-ci turunun “Qarabağ-2” – “Sumqayıt-2” görüşünü FIFA referisi Əliyar Ağayev idarə edib. AFFA nümayəndəsi yenə də Kərim Ağayev olub.

İndi çoxları deyəcək ki, burada nə var? Bilməyənlər üçün deyək ki, Əliyar Kərim Ağayevin dost-doğma oğludu.

Belə bir vəziyyəti, yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir yerində görə bilməzsiz. Düzdü, prinsipcə bu şəxslərin oyunda bir-biri ilə əlaqəsi olmur.

Bununla belə, onların eyni matça təyinat alması doğrudu? Ata və oğulun, vəzifələri fərqli olsa da, eyni qarşılaşmada olması nə qədər etikdi?

Belə halların baş verməsinin səbəbi nədi?

Suallarımızı AFFA Hakimlər və Hakim-inspektorlar Komitəsinin sədri Frits Stuxlikə ünvanladıq. Avstriyalı mütəxəssisin cavabı qısa oldu (Futbol+):

“AFFA nümayəndəsi heç bir halda hakimi qiymətləndirmir. Tam fərqli işləri və tapşırıqları var. Onların heç biri oyun zamanı və ya sonra digərinə təsir edə bilməz”.

Qurum rəsmisinin cavabına görə burda heç bir problem yoxdu. Hər şey qaydalar çərçivəsindədi. Nəzəri baxımdan qeyr-adi nəsə yoxdu.

İndi gəlin təsəvvür edək ki, Kərim Ağayev həmin oyunların birindən sonra hakim-inspektora yaxınlaşıb, xahiş edir ki, Əliyar bu gün yorğundu.

Onun səhvlərini bu dəfə görməzdən gəl! Biz konkret belə halın baş verdiyini iddia etmirik. O da düzdü ki, ölkənin bir nömrəli hakimi olan Əliyar Ağayevin belə mərhəmətə ehtiyacı yoxdu.

Amma unutmayaq ki, bura Azərbaycandı. Bizim ölkənin futbolunda nə istəsən, baş verə bilər. Kərim - Əliyar cütündə problem olmasa da, məsələn, Məmmədlə Əhmədağada bu baş verəcək. Bunun olmayacağına dair təminatı isə heç kim verə bilməz.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!