"Bu gün 2 xal itirdik" - Yuri Vernidub

21:30 Neftçi 163
"Bu gün 2 xal itirdik" - Yuri Vernidub

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 7-ci turunun "Qarabağ"la(3:3) görüşündən sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Qələbəni niyə əldən verdiniz?

- Bu, idmandır, futboldur. Bəzi hallarda olur ki, 0:3 olur, sonra 3:3, ya da 4:3 uduzursan. Əsas odur ki, nəticə çıxarmaq lazımdır. Derbidir. Burada heç kim uduzmaq istəmir. Əlbəttə ki, bu, bizə heç nə bonus vermir. Mütləq qələbə qazanmaq lazım idi.

- Demək olar ki, artıq "Neftçi" üçün "Qarabağ" və "Sabah" qorxulu rəqib deyil?

- "Sabah"la oyun bəlkə hesab olunmur, Azərbaycanda "Neftçi" və "Qarabağ"ın oyunu derbi hesab olunur. Bu iki klub Azərbaycan çempionatında 1000 oyun oynayıb. Bu da artıq çox şey deyir. Bu, onu göstərir ki, düz yoldayıq. "Neftçi"nin daha güclü olması üçün işimizə davam edəcəyik. Hər zaman sona qədər mübarizə aparacağıq. Hədəfimiz ən yuxarıda olmaqdır. Necə olacağını çempionatdakı növbəti oyunlar göstərəcək. Bu günə qədər çempionatın 1/4 hissəsi geridə qalıb. Qarşıda bizi 25 oyun gözləyir. Kim ən doğru yolla davam etsə, qələbə də onun olacaq.

- "Qarabağ" və "Sabah"a uduzmasanız, amma qalib də gələ bilmədiniz. Bu oyunlarda 4 xal itirdiniz?

- Səmimi deyirəm ki, bəli. Son 2 oyunda 4 xal itirdik. Xüsusilə də, bu gün.

- Rotasiya imkanlarınız genişdir. Sona az qalmış 2 qol buraxmaq sizi narahat edir?

- İndi çox şeydən danışa bilərik. Sakit və təmkinlə gedib yatmaq lazımdır. Sabah oyunu analiz etməliyik. İnanın ki, hər oyunun ciddi təhlilini edirik. Ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışırıq, bəlkə bəzilərinin xoşuna gəlmir. Amma düşünürəm ki, futbol şahmat kimidir. Topu qabağa vurmaqla bitmir. Necə oyun qurmaq lazım olduğunu bilməliyik. Əgər bunu etməyi öyrənsək, daha yaxşı olacaq.

- Hər iki tərəfdə qapıçılar kobud səhvlərə yol verdi. Qapıçı transfer etmədiyinizə görə peşmansız?

- Bu barədə çox şey demək olar. Bizim iki güclü azərbaycanlı qapıçımız var. İkisi də yaxşı qapıçıdır. Emil Balayevin 38 dərəcə hərarəti var idi. Oyuna Rza Cəfərov çıxdı. Səhvlər ola bilər. Hətta mən deyim ki, Avropanın tanınmış qapıçıları da səhvlər edir. Amma o demək deyil ki, qapıçı transfer edilmədi deyə, bunlar baş verdi. Rza millinin qapıçısıdır. Emil Balayev də var. Gənc qapıçılarımız da var. Azərbaycanlılar var ki, onların üzərində işləmək, daha inkişaf etdirmək daha faydalıdır, nəinki kənardan gətirək. Milli üçün də faydalı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti