Altı il “Sabah”da çalışdı, uğurun səbəbini indi açıqladı

22:20 Sabah 144
Altı il “Sabah”da çalışdı, uğurun səbəbini indi açıqladı

"Sabah"ın sabiq məşqçisi Vitali Kovalyov Sportinfo.az-a açıqlama verib.

Uzun müddət (6 il, 4 ay) Masazır klubunda qapıçılar üzrə köməkçi məşqçi kimi çalışmış mütəxəssis "bayquşlar"ın Çempionlar Liqasındakı uğurlu çıxışdan danışıb.

İlk olaraq "Slaviya" üzərində qələbəni dəyərləndirib:

"Mən həmin oyunda stadionda olmuşam və qarşılaşmanı canlı izləmişəm.

Oyundan əvvəl də aydın idi ki, bizi çox çətin və gərgin mübarizə gözləyir. Rəqib komanda da yaxşı hazırlaşmışdı və bu oyunun onlar üçün nə qədər vacib olduğunu yaxşı başa düşürdü. Çünki komanda Çempionlar Liqasında əvvəlki 26 oyunda qələbə qazana bilməmişdi. Təbii ki, belə bir vəziyyətdə bu qarşılaşmada qalib gəlmək onlar üçün xüsusi əhəmiyyət daşıyırdı.

Amma "Sabah da meydana böyük istək və qələbə əzmi ilə çıxmışdı. Komanda rəqibi yaxşı təhlil etmiş, oyuna düzgün hazırlaşmış və öz imkanlarından maksimum istifadə etməyə çalışmışdı. Ən əsası isə, futbolçular yaradılan qol fürsətlərini dəyərləndirə bildilər".

Kovalyov Stas Pokatilovun oyunun xüsusi qeyd edib:

"Bu oyunda qapıçının çıxışını da xüsusi qeyd etmək istəyirəm. O, çox etibarlı oynadı, bir neçə mühüm epizodda komandasına kömək etdi. Həm müdafiə, həm də hücum fazalarında üzərinə düşən vəzifələri yaxşı yerinə yetirdi.

Müasir futbolda qapıçının rolu yalnız qapını qorumaqla məhdudlaşmır. O, komandanın oyun quruculuğunda da iştirak etməli, düzgün qərarlar verməli və komanda yoldaşlarına inam aşılamalıdır. Məncə, bu qarşılaşmada qapıçı öz üzərinə düşən işi layiqincə yerinə yetirdi.

Ümumilikdə, "Sabah"ın qələbəsi məni çox sevindirdi. Düşünürəm ki, bu nəticə komandanın düzgün hazırlığının, taktiki intizamının və futbolçuların öz güclərinə inamının nəticəsidir.

İnanıram ki, qarşıdakı mərhələdə bizi daha maraqlı və gərgin oyunlar gözləyir. "Sabah"a növbəti qarşılaşmalarda da uğurlar arzulayıram. İstəyirəm ki, komandamız Azərbaycan futbolunu bundan sonra da uğurla təmsil etsin və azarkeşlərimizi yeni qələbələrlə sevindirsin".

O, əldə edilən nəticələrin təsadüf yox, uğurlu işin nəticəsi olduğunu bildirib:

"İlk növbədə qeyd etmək istəyirəm ki, mən "Sabah" klubunda uzun müddət — ümumilikdə təxminən altı il çalışmışam.

Buna görə də klubun daxili mühitini, orada çalışan insanları və komandada çıxış edən bir çox futbolçunu yaxşı tanıyıram.

Bu gün "Sabah"ın qazandığı uğurlara görə, ilk növbədə, çox şadam.

Çünki bu komanda təkcə öz klubunu deyil, bütövlükdə Azərbaycan futbolunu təmsil edir.

Mən hesab edirəm ki, "Sabah" ölkəmizi layiqincə təmsil edir və beynəlxalq arenada əldə etdiyi nəticələrlə Azərbaycan futbolunun inkişafına töhfə verir.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: güclü komanda yaratmaq, əlbəttə ki, vaxt və səbir tələb edir. Ancaq düzgün yanaşma, peşəkar idarəçilik, düzgün kadr və futbolçu seçimi sayəsində nisbətən qısa müddətdə də rəqabətədavamlı komanda formalaşdırmaq mümkündür.

"Sabah"ın inkişafına ildən-ilə nəzər salsaq, bu irəliləyişi aydın şəkildə görərik. Söhbət təkcə əsas komandadan getmir. Klubun infrastrukturu, akademiyası və ümumilikdə futbolun müxtəlif yaş pillələrində görülən işlər də bu inkişafın tərkib hissəsidir.

Məncə, bu nəticələrin əldə olunmasında klub rəhbərliyinin düzgün strategiyası, peşəkar yanaşması və ən əsası, doğru seçimləri mühüm rol oynayır.

Çünki futbolda uğur təsadüfən əldə olunmur. Bunun arxasında düşünülmüş iş, düzgün qərarlar, peşəkar komanda və vahid məqsəd dayanır.

İnanıram ki, "Sabah"ın bugünkü uğurları gələcək inkişaf üçün də möhkəm təməl yaradacaq və klub Azərbaycan futbolunu bundan sonra da layiqincə təmsil edəcək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti