Yuri Vernidub Ukraynaya qayıtmağa hazırlaşmır.
Ötən ilin dekabrından bu tərəfə «Neftçi»ni çalışdıran mütəxəssis ölkəsindən təklif alarsa, buradakı işini yarımçıq qoymayacaq.
O, klubun əməkdaşları ilə söhbətində bu haqda danışıb, ümumi narahatlığa son qoyub.
Təcrübəli mütəxəssis bildirib ki, fəaliyyətini minimum gələn ilin yayınadək Bakıda davam etdirmək fikrindədir.
1,5 illik müqavilə müddəti bitənədək «Neftçi»də qalmağı düşündüyünü, komandanı avrokuboklara aparmaq istədiyini söyləyən ukraynalı başqa təklifləri gözdən keçirməyəcəyini dilə gətirib.
Ukrayna mediası günlərdir «Neftçi»nin sükançısının adını ölkənin əsas millisi ilə yanaşı hallandırır. Keçmiş FİFA referisi Miroslav Stupar komandanın baş məşqçisi Sergey Rebrovun yerinə mümkün namizədlər barədə danışıb.
“Sport.ua” portalına müsahibə verən Stupar Vernidubun yığma üçün yaxşı seçim ola biləcəyini deyib:
“Hesab edirəm ki, bu, reallığımıza və mentalitetimizə bələd olan ukraynalı mütəxəssis olmalıdır. Əlbəttə ki, bu, tanınmış məşqçi, xarizmatik, güclü motivasiya edən və oyunçular arasında hörmət qazanan biri olmalıdır.
Təəssüf ki, Sergey Rebrov oyunlar zamanı texniki zonada emosional deyil və bu, onun oyunçularına fayda vermir. Bəlkə də buna görə onlar monoton, heç bir aktivlik olmadan, tez-tez iradəsiz davranırlar.
Hazırda Vitali Kvartsyanı kimi mütəxəssisi dəvət etməyin vaxtıdır, amma o, uzun müddətdir praktikasızdır. Etiraf etmək lazımdır ki, yerli komandalarla işləyən məşqçilər lazımi keyfiyyətlərə malik deyillər.
Buna görə də Yuri Vernidubu milliyə dəvət etmək ən məntiqli seçimdir. Onun məşqçilik etdiyi komandaların oyunçularına döyüşkənliklərinə görə tez-tez “kişi” deyirdilər.
Düzdür, Vernidub hazırda Azərbaycanda çalışır, amma düşünürəm ki, o, milli komandaya rəhbərlik etməyə etiraz etməzdi. Axı bu, hər məşqçinin arzusudur”.

