İşini itirməkdən qorxan Samir Abasovun susması

29 İyul 2021 17:00 Neftçi 48 592
İşini itirməkdən qorxan Samir Abasovun susması

Bəzən «mus-mus» eləmək insanı tərpətmir.

Qaldı transferlərə xərc çəkmək mənasında daş kimi «bərk» klub rəhbərliyi olsun.

«Olimpiakos»u orada da, burada da izlədikdən sonra əmin olursan ki, «Neftçi» sürprizə imza ata bilərdi.

«Neftçi» Çempionlar Liqasının dörd oyununun yalnız birində, onda da 15-20 dəqiqə «əzələ nümayişi» ilə yadda qaldı. Cütün Pireydəki mücadiləsinin ilk yarısının bir bölümünə təsadüf edən həmin futbol ümid verdi, amma davamı gəlmədi.

Səbəb odur ki, komandanını «silah-sursat» arsenalı «ağır artilleriya» ilə təhciz olunmayıb, «anbar», Samir Abasovun sözü olmasın, “tapança-tüfəng”dən ibarətdir.

Yaxşı da, bunu görürdün, bilirdin, bəs niyə istefa vermədin? Nə üçün yazacağın ərizə ilə sənə kömək etməyə borclu olub da, borcunu yerinə yetirməyənlərin iç-üzünü açıb göstərmədin?

İfşaya kim mane oldu?

Nəyin üstündən susdun?

Abasov bu suallara elə özünü tanıtdığı, özünü göstərdiyi kimi aydınlıq gətirsə, yer-yerindən oynayar. O isə dünən olduğu kimi, bu gün də susur, nəyəsə, kimlərəsə görə hirsini içində boğur.

Çox da dili, dişi bağırsağını kəssin, daxilən odlansın, od püskürsün, əgər sözü məqamında demədisə, yalnız bugünü yox, eyni zamanda, məşqçi sabahını da uduzur.

Abasovun bu yöndəki anlaşılmaz siyasəti onu növbəti məğlubiyyətlərə sürükləyir.

İşini itirməkdən qorxurmuş kimi bir görüntü yaradan Samir bəyi biz beləmi bilirdik, tanıyırdıq? Mənfi mənada təəccübləndirməyə, təəssüfləndirməyə davammı?

Böyük ehtimalla, bəli.

Qatar artıq yoldadır: özü və komandası relsdə olmasa da.

Qatar hələ vağzalı tərk etməmiş - «Dinamo» ilə oyunqabağı rəhbərliyin transfer mövzusunda onu meydanda tək buraxmasına sərt etiraz bildirsəydi, istefa ərizəsini yazsaydı, bilirsiz, nələr olardı?

«Neftçi» azarkeşi klubun ofisini mühasirəyə alar, qarşısında çadır qurar, yönətimdən hesab tələb edər, suallarına cavab tapmayanadək yaxalarından əl çəkməzdi.

Eh, bir səhv, gör, nə qədər düzü apardı…

Eh, sənə güvəndiyim dağlar... Sənə də qar yağarmış...

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!