Samir Abasov: “Kamran Quliyev anadangəlmə dağıdıcıdır”

17 İyun 2021 15:00 Neftçi 1 312
Samir Abasov: “Kamran Quliyev anadangəlmə dağıdıcıdır”

Bildiyiniz kimi, “Neftçi” yeni transferini – Kamran Quliyevi ictimaiyyətə təqdim edib.

Gənc və perspektivli futbolçu ilə uzunmüddətli müqavilə bağlayıb.

Onun aylıq məvacibi 10 min manat olacaq. Amma bu məbləğə bonuslar və mükafat daxil deyil.

“Neftçi”nin baş məşqçisi Samir Abasov yeni transferlə bağlı klub saytına danışıb. Abasov Quliyevin böyük potensialının olduğunu vurğulayıb:

“Kamran Quliyev nadir istedaddır. Biz onu yarımmüdafiə xəttində dağıdıcı funksiyanı yerinə yetirmək üçün transfer etmişik. Ancaq onu deməliyəm ki, Quliyev bütün mövqelərdə oynamağı bacarır, özü də mükəmməl.

Lazım gələcəyi təqdirdə, onu digər mövqelərdə də oynadacağam. Amma hazırda bizə yarımmüdafiədə dağıdıcılıq funksiyasını yerinə yetirməsi lazımdır.

Oyunumuzun əsas fəlsəfəsi budur: rəqibin sistemini dağıt və bundan maksimum yararlan. Bu sistem üçün də Kamran Quliyev möhtəşəm transferdir.

O, anadangəlmə dağıdıcıdır. “Sona qədər dağıt, sonra sıfırdan qur” fəlsəfəsi “Neftçi”nin başlıca strategiyasıdır.

İnanıram ki, Kamran Quliyevin istedadı bu fəlsəfəni həyata keçirməkdə bizə kömək olacaq, mən ona inanıram”.

“Neftçi”nin yeni transferi də klub saytına danışıb. Kamran Quliyev burda özünü xoşbəxt hiss etdiyini bildirib: “Neftçi” tam mənə uyğun komandadır.

Burda özümü suda balıq kimi hiss edirəm. İnanıram ki, günü-gündən oyun keyfiyyətimi artıracağam. Əslində universal oyunçuyam, amma dağıdıcı funksiyanı daha çox xoşlayıram.

Düzü, qorxurdum ki, Samir müəllim məni başqa mövqedə oynadar, şükür ki, öz ampluamda olacağam.

Əminəm ki, AFFA rəhbərliyinin və onların sözüylə oturub-duran yığmanın baş məşqçisinin də diqqətini cəlb edəcəm.

Yığma komandamızın oyun fəlsəfəsi, Elxan müəllimin sistemi də tam mənə uyğundur. İnşallah, əsas hədəfim orada olmaqdır” (atmaca).

BİZ

Digər Xəbərlər
Xəbər Lenti