
Vensan Abubakarı sıralarına qatan “Neftçi” daha bir transferi bitirməyə çalışır.
Paytaxt klubunun iki aya yaxındır danışıqlar apardığı İdrissa Dumbiyanı Azərbaycana gətirməsindən xəbərdarsız.
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi klubun şəraiti ilə yaxından tanışlıq üçün ölkəmizə təşrif buyurub.
Afrikalı 5 gündür Bakıdadır. Müqavilənin müddəti və maliyyə şərtləri ilə əlaqəli bəzi incə detallar hələ konkretləşmədiyindən, münasibətlər rəsmiləşməyib.
Paytaxt təmsilçisinin planı onunla 2026-cı ilin yayınadək kontrakt bağlamaqdır. Bu zaman kəsiyində normal təsir bağışlasa, iyunda sözləşməsi daha birillik uzadılacaq.
Sadəcə, tərəflər hələ maddi mövzuda ortaq nöqtəni tapmağa çətinlik çəkdiyindən, imzaların atılması yubanır. Yəqin ki, bu gün-sabah bu iş də bitər.
Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.
İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.
SPORTİNFO.AZ