“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“ növbəti dəfə izləyicilərin görüşünə gəlib.
Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, Eynur Bağırzadə karyerasını İspaniyada başqa klubda davam etdirəcək. 16 yaşlı futbolçu sağ cinah yarımmüdafiəçisidir.
“Qarabağ”ın akademiyasında futbola başlayan gənc oyunçu daha sonra “Vətən” Futbol Məktəbində çıxış edib. Ardınca İspaniyada “Marset”ə keçib.
Eynur burada iki il forma geyinib. İndi isə “Real Mursiya” ilə müqavilə imzalayıb.
«İmişli» rəhbərliyi yeni baş məşqçi axtarışını dayandırıb. Ervins Perkonsa bu vəzifədə işini davam etdirmək tapşırılıb.
Ona verilən möhlət qış fasiləsinədək uzadılıb. Dekabrın üçüncü yarısında isə bu məsələyə birdəfəlik nöqtə qoyulacaq.
Çox böyük ehtimalla, latviyalı mütəxəssis 2027-ci ilə də burada başlayacaq.
Baltikalı bu ilin iyulundan ölkəmizdə fəaliyyət göstərir.
Fərid Namazovun köməkçisi kimi əl-qolunu çırmalayan Perkons onun istefaya getməsindən sonra sükan arxasına əyləşib. Üç həftədir komandanı idarə edən məşqçi ardıcıl 3 qələbə qazanıb.
MOİK rəhbərliyi təcili iclas keçirəcək. Səbəb ölkə kubokunun ikinci təsnifat mərhələsində qeydə alınan biabırçı nəticədir. Belə ki, burada «Şahdağ»a rəqib olan ordu təmsilçisi 1:9 hesabıyla uduzub.
Bu nəticə «hərbiçilər»in rəhbərliyinə şübhəli görünür. onlar futbolçuların İlham Yədullayevin istefaya göndərilməsinə nail olmaq üçün qəsdən zəif oynaması qənaətindədirlər.
Yığıncaqda hər şey araşdırılacaq. Baş məşqçi ilə konflikt yaşayan komanda üzvləri ilə bağlı qərar veriləcək.
Onların düşərgədən kənarlaşdırılması gözlənilir. Həmçinin kollektivin böyük məbləğdə cərimələnməsi nəzərdə tutulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
