TARİXİ İLK - Premyer Liqanın 10-cu turunun bütün oyunları... Bunu istəmirdikmi?

19:40 Premyerliqa 203
TARİXİ İLK - Premyer Liqanın 10-cu turunun bütün oyunları... Bunu istəmirdikmi?

Azərbaycan Premyer Liqasının 10-cu turu tarixi ilklə yadda qalacaq. Bəlkə də çoxları bu məqama diqqət yetirməyib.

Elitada baş tutacaq altı qarşılaşmanın hamısı Bakıdan kənarda keçiriləcək. Başqa cür desək, paytaxtda oyun olmayacaq.

Kiçik araşdırma ilə ümumi mənzərəyə nəzər salanda məlum olur ki, indiyə qədər Premyer Liqada eyni həftədə bütün turun oyunlarının Bakıdan kənarda keçirilməsi faktı qeydə alınmayıb.

Həftəsonu baş tutacaq qarşılaşmalarda “Qəbələ” “Qarabağ”ı qəbul edəcək, “Sabah” Tovuz səfərinə yollanacaq, “Şamaxı” doğma azarkeşləri önündə “Neftçi” ilə qarşılaşacaq, “Kəpəz” Gəncədə “İmişli”ni sınağa çəkəcək, “Sumqayıt” “Şəfa”nı qəbul edəcək, “Araz-Naxçıvan” isə Şamaxıda “Zirə” ilə üz-üzə gələcək.

Bu mənzərə Azərbaycan futbolu adına olduqca sevindiricidir. Bir neçə il əvvəl Premyer Liqa Bakı birinciliyini xatırladırdı. Premyer Liqada 8 komandanın mübarizə apardığı vaxtlarda bölgələri ən yaxşı halda bir-iki komanda təmsil edirdi. İndi isə say üstünlüyü region komandalarının tərəfindədir.

Siyahıya nəzər salsaq, faktiki olaraq paytaxtı təmsil edən dörd klub görərik: “Sabah”, “Neftçi”, “Şəfa” və “Zirə”. “Qarabağ”ın məlum səbəblərdən ev oyunlarını Bakıda keçirdiyini nəzərə alsaq, bu rəqəm beşə yüksəlir. “Araz-Naxçıvan” isə Naxçıvanı təmsil etməsinə baxmayaraq, paytaxtdakı stadion qıtlığı səbəbindən ev oyunlarını Şamaxıda keçirir.

Beləliklə, hazırkı vəziyyətdə Premyer Liqada mübarizə aparan 12 klubdan yeddisi bölgələri (“Sumqayıt”ı da nəzərə alsaq – H.), beşi isə paytaxtı və ya Bakıətrafı qəsəbələri edir.

Bu mənzərə təkcə rəqəmlərdən ibarət deyil. Bölgə klublarının sayının artması futbolun ölkə ərazisində daha geniş yayılmasına, bölgələrdə yaşayan azarkeşlərin bu idman növünə marağının artmasına və futbolun kütləviləşməsinə xidmət edir.

Söhbət yalnız Premyer Liqadan getmir. I və II Liqalarda, eləcə də Region Liqasında kifayət qədər bölgə komandası mübarizə aparır. Bu isə ölkə futbolunun coğrafiyasının genişlənməsi baxımından xoş haldır.

Təbii ki, regionlarda klub sayının artması hələ həmin ərazilərdə futbolun bütün problemlərinin həll olunması demək deyil. İnfrastrukturun inkişafı, uşaq futboluna diqqətin artırılması və yerli istedadların üzə çıxarılması da vacibdir.

İşlər bu istiqamətdə davam edərsə, ümid edək ki, yaxın gələcəkdə bölgə klublarının uğurları ilə yanaşı, həmin ərazilərdən yetişən futbolçuların da Azərbaycan futbolunda daha böyük pay sahibi olmasının şahidi olacağıq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti