FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın ölkəmizdə keçirilməsi Azərbaycan futbolu və ümumilikdə ölkəmiz üçün əlamətdar hadisələrdən biridir.
Marketinqdə belə bir fikir var: hər zaman ilk olan yaddaşlarda qalır.
İlk təəssürat, ilk təcrübə və ilk uğur heç vaxt unudulmur. Bu baxımdan, düşünürəm ki, biz təkcə ölkəmizdə deyil, dünya futbolunda da özünəməxsusluğu ilə seçilən böyük bir tədbirə ev sahibliyi etdik.
Eyni vaxtda 189 ölkəni təmsil edən milli komandaların 10 gün ərzində Azərbaycanda qonaq olması miqyasına görə olduqca böyük və nadir hadisədir.
Bu müddət ərzində hər gün 189 ölkədə Azərbaycan adı çəkildi, ölkəmiz, onun qonaqpərvərliyi, imkanları və təşkilatçılıq bacarığı beynəlxalq futbol ictimaiyyətinin diqqətində oldu.
Əlbəttə, belə bir tədbirin uğuru yalnız onun miqyası ilə ölçülmür. Əsas məsələ bu qədər böyük təşkilati işin hansı səviyyədə həyata keçirilməsidir.
Hesab edirik ki, Azərbaycan bu imtahandan da yüksək səviyyədə çıxdı. Təşkilatçılıqla bağlı müsbət fikirləri yalnız biz səsləndirmirik.
Tədbirdə iştirak edən komandalar, qonaqlar, eləcə də dünya futbolunun tanınmış simaları öz müsbət rəyləri ilə bunu təsdiqləyirlər. Xüsusilə müxtəlif qitələrdə çoxsaylı mötəbər futbol tədbirlərində iştirak etmiş, böyük təcrübəyə malik insanların təşkilatçılığımızı yüksək qiymətləndirməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Əgər bu səviyyədə təcrübəyə malik insanları təəccübləndirə və onlarda xoş təəssürat yarada bilmişiksə, deməli, üzərimizə düşən işi layiqincə yerinə yetirmişik.
Tədbirin əhəmiyyəti, əlbəttə ki, yalnız yarışlarla məhdudlaşmadı. Dünya futbolunun inkişafı baxımından vacib olan təcrübə mübadiləsi, bilik və bacarıqların paylaşılması da diqqət mərkəzində idi.
Əfsanəvi futbol mütəxəssisi Arsen Vengerin yerli məşqçilərimiz üçün ustad dərsi keçməsi bunun ən yaxşı nümunələrindən biridir.
Bu, məşqçilərimiz üçün dünya futbolunun qabaqcıl yanaşmaları ilə tanış olmaq, yeni biliklər əldə etmək və peşəkar inkişaf baxımından dəyərli fürsət idi.
Biz bu cür tədbirlərə yalnız idman yarışı kimi baxmamalıyıq.
Bu, eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təşkilatçılıq potensialının nümayiş etdirilməsi, futbol əlaqələrinin genişləndirilməsi və gələcək əməkdaşlıqlar üçün yeni imkanların yaradılması deməkdir. Belə tədbirlər ölkəmizin adına yazılır və onların uğuru hamımızın uğurudur.
Ona görə də bu layihədə kiminsə əməyini digərlərindən üstün tutmaq və ya konkret şəxsləri fərqləndirmək niyyətində deyilik. Bu uğurda əməyi, zəhməti və töhfəsi olan hər kəsə təşəkkürümüzü bildiririk.
İnanırıq ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 ölkəmizin idman tarixində özünəməxsus yer tutacaq və gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər üçün yüksək təşkilatçılıq nümunəsi olaraq xatırlanacaq.
SPORTİNFO.AZ
