Dünən U-15 Dünya Çempionatl festivalında, Azərbaycan futbolu baxımından nəticələrə görə uğursuz bir gün oldu.
Günə ümidverici və uğurlu başlanğıc edilsə də, günün sonunda əldə olunan nəticələr gözlənilən olmadı.
Səhər saatlarında keçirilən oyunlardan sonra axşam saatlarında Vyetnama qarşı keçirilən matçda məğlubiyyətlə üzləşdik.
Lakin məsələyə yalnız hesab və nəticə prizmasından yanaşmaq düzgün olmazdı. Matçın ilk iki dəqiqəsində hesabın 0:2 olması komandada müəyyən çaşqınlıq və anlaşılmazlıq yaratdı.
Buna baxmayaraq, futbolçular sonradan toparlanmağı bacardılar. Xüsusilə ikinci hissədə komanda çempionat ərzində ən yaxşı oyunlarından birini nümayiş etdirdi.
Mübarizə, oyun intizamı və meydandakı yanaşma baxımından müsbət məqamlar var idi. Təəssüf ki, göstərilən oyun nəticəyə çevrilmədi.
Famil Xəlilovun rəhbərliyi altında çıxış edən Azərbaycan U-15 millisinin bu turnirdə keçdiyi yolu da ayrıca qiymətləndirmək lazımdır. Komandanın turnir ərzində həm müsbət nəticələri, həm də çətinlikləri olub.
Vyetnamla qarşılaşmada ilk iki dəqiqədə hesabın 0:2 olması ciddi psixoloji sınaq idi. Buna baxmayaraq, məşqçi heyəti və futbolçular oyuna yenidən qayıtmağı bacardılar.
Xüsusilə ikinci hissədə komandanın nümayiş etdirdiyi futbol diqqətəlayiq idi. Lakin bu cür turnirlərdə əsas məsələ yalnız məşqçinin və ya futbolçuların konkret oyundakı fəaliyyəti deyil, əldə olunan təcrübənin gələcək inkişaf prosesinə necə inteqrasiya olunmasıdır.
Famil Xəlilov və məşqçi heyəti üçün də bu turnir futbolçuların fərdi və kollektiv inkişafını daha dərindən qiymətləndirmək baxımından mühüm təcrübədir.
Amma bütün bunlara daha geniş və sistemli yanaşmaq lazımdır. Əsas məsələ təkcə bir oyunda uduzmaq, yaxud hansısa turnirdə uğursuz nəticə göstərmək deyil.
Biz artıq uşaq futbolundan yeniyetmə və gənclər futboluna keçid edən bir nəslin formalaşmasının nəticələrini görürük. Uşaq futbolunda illərdir mövcud olan problemlər müəyyən yaşa çatdıqda özünü daha aydın göstərir.
Texniki hazırlıq, oyun düşüncəsi, qərarvermə, taktiki savad, psixoloji dayanıqlıq və rəqabət təcrübəsi, bunların hamısı aşağı yaş qruplarında formalaşmalıdır.
Bu gün milli komandada gördüyümüz çatışmazlıqların bir hissəsinin kökü məhz aşağı yaş qruplarındakı hazırlıq prosesinə gedib çıxır.
Ona görə də məsuliyyəti yalnız futbolçuların, məşqçilərin və ya konkret bir oyunun üzərinə qoymaqla kifayətlənmək olmaz. Problemlərə sistemli yanaşmaq, səbəbləri düzgün müəyyənləşdirmək və uzunmüddətli həll yolları tapmaq lazımdır.
Bunun üçün aşağı yaş qruplarından başlayaraq daha çox beynəlxalq turnirlərdə iştirak etmək, komandaların müxtəlif futbol məktəbləri ilə qarşılaşmasını təmin etmək vacibdir.
Futbolçular yalnız yerli çempionatlarda deyil, fərqli oyun üslubları, yüksək temp, fiziki mübarizə və beynəlxalq rəqabət mühitində də təcrübə qazanmalıdırlar.
Çünki beynəlxalq turnirlər təkcə nəticə qazanmaq üçün deyil, futbolçuların inkişaf səviyyəsini ölçmək, çatışmazlıqları üzə çıxarmaq və gələcək hazırlıq prosesini düzgün istiqamətləndirmək üçün də vacib platformadır.
SPORTİNFO.AZ
