I Liqada texniki məğlubiyyət qeydə alına bilər
Bu barədə redaksiyamıza Mingəçevirdən məlumat daxil olub.
Belə ki, şəhərin eyniadlı təmsilçisi çempionatın iki liderindən biri olan “Şahdağ Qusar”la oyunu boykot etməyə hazırlaşır.
Buna səbəb komanda üzvlərinin iki aydır maaş almamasıdır.
Futbolçular bir neçə dəfə rəhbərliyə müraciət edərək əmək haqlarının heç olmasa bir hissəsinin ödənilməsini xahiş etsələr də, onların çağırışına cavab verən olmayıb.
Mövsüm başlayandan indiyədək nə futbolçulara, nə də məşqçi heyətinə bir qəpik də maaş verilməyib.
Baş məşqçi Elman Sultanovun təkidi ilə “Qəbələ” ilə kubok matçına çıxan mimgəçevirlilərin səbr kasası daşıb.
Vəziyyət belə davam edərsə və qarşıdakı matça qədər məvaciblər ödənilməzsə, komanda üzvlərinin böyük əksəriyyətinin matçda iştirak etməyəcəyi gözlənilir.
Bu isə “Mingəçevir”in qarşılaşmaya çıxmaması və nəticədə texniki məğlubiyyətlə üzləşməsi ilə nəticələnə bilər.
I Liqanın 7-ci turu çərçivəsində “Mingəçevir” “Şahdağ Qusar”ı qəbul edəcək.
Noyabrın 4-də Mingəçevir şəhər stadionunda keçirilməsi nəzərdə tutulan görüşün saat 15:00-da başlanması planlaşdırılıb.
HƏBİB / SPORTİNFO.AZ
