"Ya futbolla vidalaşmalı, ya da başqa çıxış yolu axtarmalı olacaqlar” - SƏRT XƏBƏRDARLIQ

21:00 Sabah 136
"Ya futbolla vidalaşmalı, ya da başqa çıxış yolu axtarmalı olacaqlar” - SƏRT XƏBƏRDARLIQ

Əvəzedicilər Liqasının ləğvi məsələsi son dövrlərdə Azərbaycan futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Liqanın faydalılığı və gənc futbolçuların inkişafındakı rolu ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs uzun illərdir məhz adıçəkilən liqada çalışan, gənclərlə işləmək təcrübəsinə malik Rəşad Abdullayev bu barədə nə düşünür?

Sportinfo az-a açıqlamasında “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi bir çox maraqlı faktlara toxunub:

"Bu mövzu həmişə müzakirə mövzusu olub. Özünüz də bilirsiz ki, illərdir gənclərlə işləyirəm.

Futbolçunun oynayıb-oynamayacağı, gələcəyinin necə olacağı ilə bağlı ən çətin yaş dövrü bizim üzərimizə düşür.

Təkcə mən yox, əvəzedici heyətlərdə çalışan həmkarlarım da bu çətinliklə üzləşirlər.

Əvəzedicilər Liqası futbolçular üçün tramplin rolunu oynayır.

Həmişə xarici ölkələrdən nümunələr gətirirlər, amma bizim reallığımızı da nəzərə almaq lazımdır.

Bu gün U-19 Liqasında çıxış edən, gələcəyinə ümid bəslənilən çoxlu futbolçu var.

Əvəzedicilər Liqasında oynamasalar, əsas komandaya yüksəlmək imkanları xeyli azalacaq. Ya futbolla vidalaşmalı, ya Region Liqasına yollanmalı, ya da başqa çıxış yolu axtarmalı olacaqlar.

Bu liqanın mövcudluğu ona görə vacibdir ki, futbolçularımızın inkişafı üçün əlavə mərhələ rolunu oynayır.

Bu gün Azərbaycan millisində Rüfət Abbasov, Oruc Məmmədov kimi futbolçular var.

Digər klublarda Həbib İsmayılov, Ağadadaş Salyanski, Əlirza Müştəbazadə çıxış edir.

Rza Cəfərov əsas komandamızdadır, Murad Məmmədov isə xaricdədir.

Mən əsasən “Neftçi”də çalışdığım dövrdə yetişən futbolçulardan danışıram. Əslində, belə oyunçuların sayını xeyli artırmaq olar.

İndi gəlin düşünək: Əvəzedicilər Liqası ləğv olunsa, bu futbolçular haradan çıxacaq?

Təcrübə göstərir ki, I Liqadan əsas komandalara və millilərə yüksələn futbolçuların sayı o qədər də çox deyil.

U-21 və U-19 yığmalarına da əsasən akademiyalardan oyunçular dəvət olunur. Ancaq U-19-dan çıxan futbolçunun əsas komandaya yüksəlməsi üçün aralıq mərhələyə ehtiyacı var. Əvəzedicilər Liqası məhz bu baxımdan əhəmiyyətlidir.

Dəfələrlə şahidi olmuşam ki, bu liqada bir, iki, hətta üç il çıxış edən futbolçular sonradan əsas komandaya namizəd olurlar.

Onlar tədricən təcrübə qazanır, özlərini göstərmək və əsas heyətə yüksəlmək imkanı əldə edirlər.

Buna görə də hesab edirəm ki, Əvəzedicilər Liqasının mövcudluğu vacibdir. Əks halda, həmin futbolçular başqa liqalara üz tutmalı, bəlkə də futbolla vidalaşmalı olacaqlar.

Bir məqamı da qeyd edim. Gəlin, I Liqada çalışan məşqçiləri götürək. Əvəzedici komanda yoxdursa, həmin məşqçi U-19-da çıxış edən futbolçunu əsas heyətə cəlb etməyə o qədər də meyilli olmayacaq. Belə hallar çox az olur. Çünki məşqçi daha təcrübəli futbolçuya üstünlük verəcək. I Liqada isə əsas məqsəd gənc oyunçu yetişdirmək deyil.

Bizim üzərimizə düşən vəzifə əsas komanda üçün futbolçu yetişdirməkdir. Mən əsas komanda ilə əməkdaşlıq edirəm, futbolçuların məşqlərdə və oyunlarda inkişafını izləyir, onları əsas komandaya təklif edirik. Bəs əvəzedici komanda olmasa, əsas heyət üçün futbolçular haradan tapılacaq? Əsas müzakirə mövzusu da budur.

U-19-dan birbaşa əsas komandaya futbolçu götürəndə, istər-istəməz, müəyyən keyfiyyət çatışmazlığı ortaya çıxır. Həmin oyunçudan gözləntilər özünü doğrultmayanda narazılıq yaranır və yenidən əvəzedici komandaya müraciət edirlər.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilələrdə bizim ən azı 7-8 futbolçumuz əsas komandanın məşqlərində iştirak edir. Adətən isə üç futbolçumuz mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunur. Bu, onların inkişafı və gələcəkdə əsas heyətə yüksəlməsi üçün mühüm imkandır.

Əvəzedicilər Liqası ləğv olunsa, çoxlu futbolçunu itirəcəyik. Onların bir qismi futbolla vidalaşacaq, digərləri isə həvəskar səviyyədə çıxış etməyə məcbur qalacaq. Buna görə də bu liqanın ləğvi məsələsinə yalnız maliyyə və ya təşkilati baxımdan yanaşmaq düzgün deyil. Gənc futbolçuların gələcəyini də düşünmək lazımdır.

Digər tərəfdən, bu liqada təkcə futbolçular iştirak etmir. Məşqçilər, texniki heyət, həkimlər, administratorlar, masajistlər və digər əməkdaşlar da çalışırlar. Liqanın ləğvi məsələsinə baxarkən bunları da nəzərə almaq lazımdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti