
Vaxtilə U-21 millisinin şərəfini qoruyan, Berti Foqtsun dönəmində bir neçə dəfə əsas yığmanın toplanışlarına cəlb olunan, 2009/10 mövsümündə ölkə kubokunu başı üzərinə qaldıran, 2007-ci ildə Rusiyadan Azərbaycana gəlib, 2018-ci ildə buranı tərk edən, 2009-cu ildə Rəşad Sadıqovun “Qarabağ”la bağlı təklifini geri çevirən solaxay.
Bəlkə də əksəriyyət söhbətin kimdən getdiyini müəyyənləşdirməkdə çətinlik çəkir. Əminəm ki, tanıyanlar da oldu.
Müsahibim əslən Azərbaycanlı olmasına baxmayaraq, Rusiyada böyüyən, futbolda ilk addımlarını bu ölkədə atan, hazırda Azərbaycan vətəndaşlığını geri qaytarmaq üçün dəridən-qabıqdan çıxan Əziz Quliyevdir.
Əzizlə 40 dəqiqəlik müsahibə o qədər maraqlı alındı ki, sonuncu dəfə nə vaxt bu dərəcədə səmimi şəxslə həmsöhbət olduğumu xatırlamaqda çətinlik çəkirəm, açığı.
- Rusiyadasan deyəsən.
- Hə, 2 ildir gəlmişəm. 2020-ci ildə İngiltərəyə getmişdim. 2 il orada yaşadım, bir sıra klubların bazası ilə yanaşı, “Liverpul”un şəraiti ilə tanış oldum, məşqlərini izlədim. 2022-də qayıdandan sonra buradayam.
- Valdiqafqazda?
- Bəli-bəli.
- Səhv etmirəmsə, elə orada anadan olmusan.
- Anadan olduğum yer Qroznıdır. Ancaq uşaq yaşlarımda bura köçmüşük. Elə futbola da Vladiqafqazda başladım – “Avtodor”, sonra “Alaniya”. 20 yaşım olanda Azərbaycana getdim.
- Nə işlə məşğul olursan indi?
- Gəzirəm, səyahət edirəm, işləyirəm, dincəlirəm, uşaqlara məşq keçirəm, böyük oğlumla xüsusi məşğul oluram.
- Məşqçi işləyirsən deməli.
- Yeniyetmələri akademiyalara hazırlayıram. Artıq iki nəfər “Lokomotiv”ə, biri “Zenit”ə, digəri ÇSKA-ya gedib. Hazırda sərəncamımda beş nəfər var ki, onlardan da ikisini “Alaniya”nın akademiyasına götürürlər. Yerdə qalanların yaşı azdır, onlara vaxt lazımdır.
- Hansı yaş qruplarıdır?
- Əsasən 2011, 2012 və 2013 təvəllüdlülərdir.
- Çalışdığın yer akademiyadır, yoxsa futbol məktəbi?
- Özəl yerdir. Böyük meydanı icarəyə götürmüşəm, uşaqlarla sırf özüm məşğul oluram. Futbolçu karyeramda öyrəndiklərimi, məşqçilərdən görüb-götürdüklərimi tətbiq edirəm. Əsasən fiziki hazırlıq üzərində çalışırıq. Bu yaşda ən vacibi fiziki hazırlığın yerində olmasıdır. Hazır edib akademiyalara göndərirəm. Tək işləyirəm deyə, maksimum 5-6 uşaq götürürəm. İstəsəm, 30 uşaq da yazılar. Ancaq mənim üçün keyfiyyət önəm daşıdığı üçün az uşaqla çalışmağa üstünlük verirəm. Ki, hamısına diqqət ayıra bilim.
- Gələcək nəslin nümayəndələri nə vəd edir?
- Futbolçu psixologiyası digər növlərdəki idmançıların psixologiyasından fərqlənir. Çünki futbolda daha erkən – 17-18 yaşlarında pul qazana, şan-şöhrət sahibi ola bilirsən. Ona görə psixoloji hazırlığa diqqət yetirmək lazımdır. Buradakı uşaqlara hər zaman Mahir Emrelini nümunə göstərirəm.
- Mahirin nəyini?
- Deyirəm ki, mən “Bakı”da oynayanda, həmin oğlanın 15-16 yaşı vardı və bizimlə əsas komandada məşq edirdi. Akademiyada Mahirdən istedadlı və güclü uşaqlar var idi. Ancaq Mahir dayanmırdı, kifayətlənmirdi, daim öz üzərində işləyirdi. O vaxtdan deyirdi ki, mən xaricdə oynayacam. Çox çalışdı, əziyyət çəkdi və artıq neçə ildir aparıcı klubların formasını geyinir. İdmançı xarakteri bax budur.
- Hansı kateqoriya ilə işləyirsən?
- Hazırda C lisenziyam var. Lakin B-ni oxumaq istəyirəm ki, məşqçi kimi inkişaf edim. Bunun üçün Bakıya gəlməyi planlaşdırıram. O ki qaldı gələcək futbolçu nəsli ilə bağlı suala, həqiqətən çətin dönəmdən keçirik. Bu gün 16-21 yaş aralığında gənclərlə işləmək asan deyil. Şəxsən özümü onlara işləməyə hazır saymıram.
- Niyə?
- Çünki əksəriyyəti 16-17 yaşında ulduz olmaq istəyir. Bahalı maşın almaq, lüks həyat yaşamaq, səyahət etmək, obyek sahibi olmaq – futbol qalır bir tərəfdə, qısa zamanda bunları arzulayırlar. Nə qədər başa salırsan ki, vaxtı gələndə bunlara sahib olacaqsınız, hələ sizin üçün tezdir, ancaq nə mənası? Böyük oğlumun 17 yaşı var deyə, bu işdən az-çox xəbərdaram. Şükür, Samir elə şeyləri başa düşür, başını aşağı salıb futbolunu oynayır. Bəlkə də atası futbolçu olub, buna görədir.
- Hansı klubda oynayır?
- “Alaniya”nın U-17 komandasındadır, bir müddətdən sonra U-19-da olacaq.
- Hansı mövqedə çıxış edir.
- Daha çox müdafiənin sağında. Boyu 187 sm-dir, başla yaxşı oynayır, sürətlidir, topla rəftarı mükəmməldir.
- Azərbaycan millilərinə cəlb olunmayıb bu günə qədər?
- Millidə oynamaq üçün Samirin Azərbaycan pasportu olmalıdır. Samirə pasport almaq üçünsə öz şəxsiyyət vəsiqəmi bərpa etməliyəm, xarici pasport almalıyam. O vaxt AFFA-dan mənə təzə pasport vermədilər ki, daha milli komandaya cəlb olunmursan. Yenidən Azərbaycan vətəndaşlığına sahib olmaq üçün sənədlər toplamalıyam, qeydiyyatdan keçməliyəm, “ASAN Xidmət”ə müraciət etməliyəm. Nə olur-olsun martda Bakıya gəlib bu işin üstünə düşəcəyəm. Azərbaycanlıyam – Quliyev Əziz Bəylər oğlu. Aatamın atası Tərtərdən, anası Zaqataladandır, damarlarımdan Azərbaycan qanı axır. Ləzgi, çeçen, tatar deyiləm ki, vətəndaşlıq almaq problemə çevrilsin.
- Samirin gələcəyini “Alaniya”nın əsas komandasında görürsən?
- “Alaniya” cari mövsümü o qədər də uğurlu keçirmir. Ancaq rəhbər və məşqçi dəyişikliyindən sonra yaxşı olacağına ümid edirik. Ancaq gələcəkdə necə olacağı qeyri-müəyyəndir. Ona görə də çox istərdim ki, Azərbaycana getsin, göz qabağında olsun, vətəndə oynasın, milli dəyərlərlə yaxından tanış olsun. Bir gün mütləq Azərbayacana gətirəcəm onu. Bəlkə də hansısa klubla anlaşacaq. Ancaq öz bacarığına görə, atası keçmiş futbolçu olub deyə yox. Elə oynamaqdansa, oynamaması yaxşıdır. Özünə də demişəm bu barədə.
- Vladiqafqazda azərbaycanlı futbolçular var?
- Əlbəttə, var. 3-4 nəfəri şəxsən tanıyıram. Talantlı, istəkli uşaqlardır. Sizə açıq deyim ki, azərbaycanlılar açıq-aşkar seçilirlər. Azərbaycandakı yeniyetmələri də görmüşəm. Buradakılar futbol üçün acdırlar, aqressivdirlər, oynamaq üçün alışıb-yanırlar. Bilmirəm nədəndir, Azərbaycanda yetişən uşaqlar bir qədər “incə” oynayırlar. Burada fərqlidir.
- Rusiyada yetişən futbolçulardan söz düşmüşkən, Emin Mahmudov, Ramil Şeydayev, Ayaz Quliyev, Azər Əliyev də belələrindəndir və xeyli vaxtdır Azərbaycanda top qovurlar. Əvvəlki dönəmdə seçilirdilərsə, indi Azərbaycanda yetişən futbolçulardan fərqləri yoxdur.
- Özünüz deyirsiniz ki, əvvəl seçilirdilər. Bəli, gənc yaşlarında ac idilər, oynamaq həvəsi ilə alışıb-yanırdılar və yadınızdadırsa, seçilirdilər. Sonrakı mərhələ artıq psixoloji amilə söykənən məsələdir. Bir söz deyim.
- Buyur.
- Adları çəkilənlərdən yalnız Eminin əsl peşəkar olduğunu deyə bilərəm. İllərdir “Neftçi”nin və Azərbaycan millisinin əsas siması hesab olunur. Ancaq uzaq qohumum və həmsoyadım olan Ayaz haqda eyni sözləri deyə bilməyəcəyəm. Çünki o, özünü normal apara bilmir. Hər yerdə özündənrazılıq edir. Sən komandanın aparıcı üzvüsən, tanınırsan, fərqli cür davranmalısan. Biz futbola başlayanda məşqçilər deyirdilər ki, futbolçu olmamışdan əvvəl tərbiyənizə, davranışlarınıza fikir verməlisiniz, azarkeşlərlə, ictimaiyyətlə, jurnalistlərlə ünsiyyətdən qaçmamalısınız. Çünki futbolçunun reputasiyasını qaldıran azarkeşlər və jurnalistlərdir. Bir futbolçunun hansı tərbiyəyə sahib olduğunu bilmək istəyirsənsə, ilk növbədə klubun personalı ilə davranışlarına baxmalısan.
- Bəs futbolçu keyfiyyətləri hanı? Rusiya Premyer Liqasında oynayanlar Azərbaycanda niyə kölgədə qalırlar?
- Bu sualın cavabı çox sadədir. Ona görə ki, birdən-birə böyük pullar gördülər və başlarında tac əmələ gəldi. Özlərini ulduz saymağa başladılar. Sizi inandırım, heç dünya ulduzları özlərini onlar qədər dahi hesab etmirlər. Rusiyada oynayanda əsas heyətə düşmək uğrunda mübarizə aparırdılar, çünki ciddi rəqabət var idi. Burada oynamaq üçün gecə-gündüz çalışmalısan axı.
- Azərbaycanda işləri asandır demək istəyirsən.
- Təbii ki. Getdilər Azərbaycana və düşündülər ki, orada oynamağa nə var ki,.. Rusiya Premyer Liqasından 3-4 qat zəifdir. Tək ayaqla oynayacaqlarını fikirləşirdilər, nəticə göz qabağındadır. Nə olsun ki, Azərbaycan çempionatının səviyyəsi Rusiyadakından bir az aşağıdır. Bu, o demək deyil ki, meydanda gəzməlisən, məşqlərdə güc qoymamalısan. Bu gün onlar Azərbaycanda yetişən futbolçulardan nə ilə fərqlənirlər? Heç nə ilə! Böyük məbləğli müqavilələrə qol çəkiblər, indi nə veclərinə, arxayın oturublar. Sonra da başlayırlar, ayağım ağrıyır, ay nə bilim, arxa əzələm dartılıb. Pulunu qazanırlar deyə, narahatlıq və motivasiya yoxdur.
- Bir çox mövzulara toxunduq, indi keçək əsas məsələyə - özünlə bağlı suallara.
- Mənim üçün problem yoxdur. Başlayaq (gülür).
- Bir anlıq arxaya dönüb futbolçu karyerana baxanda, oralarda nələri görürsən?
- Şanssızlığı, haqqımın yeyilməsini, 29 yaşımda mənə “qoca” damğası vurulmasını, haqq etdiyim halda rəsmi oyunda Azərbaycan millisində debüt edə bilməməyimi görürəm.
- Kimdir bunların günahkarı? Özün?
- Kaxaber Tsxadadzenin dönəmində “İnter”dən ayrılmamalı idim. Bu adam mənə güvənirdi, özü də kifayət qədər savadlı məşqçi idi. O dönəmdə “Bakı”ya məxsus idim və burada tez-tez baş məşqçi dəyişiklikləri yaşandığı üçün “İnter”ə icarəyə verilməyimi xahiş etmişdim. Hər 6 aydanbir məşqçi dəyişirdi, yeni gələn də özü ilə bir dəstə legioner gətirirdi. Oynayırdım, əsas heyət uğrunda mübarizə aparırdım, “11-lik”də yer alırdım, ertəsi məşqçi dəyişirdi. Yenə sıfırdan başlayırdıq, davam edirdik, məşqçi dəyişirdi.
- Ancaq “Bakı”da da əsas heyətin dəyişməz üzvü sayılmırdın axı.
- Aleksandr Starkovun dönəmində az-çox oynayırdım. O getdi, Bojidar Bandoviç gəldi. Məşqçi və insan kimi ən yüksək fikirləri haqq edir bu adam. Komandanın oyununu yüksək səviyyəyə qaldırmağı bacardı. O zamanda da şans qazanırdım. Bandoviçdən sonra Bülənt Korkmaz gəldi və “Bakı”ya saysız futbolçular cəlb olundu. Nəticələr pisə doğru getdi, Kormazı həmyerlisi Cüneyt Biçər əvəz etdi. O da dostunun yolu ilə gedib legionerə güvənirdi və mənə qarşı soyuq davranırdı.
- Niyə?
- Çünki Rusiya pasportum var idi və rusdilli idim. Halbuki, Azərbaycan dilini ideal bilirəm və yeri gələndə azərbaycanca danışırdım. Biçər dövrü sona çatdı, Milinko Pantiç təşrif buyurdu. Və gələn kimi dedi ki, Əziz, üzrlü say, səni sərəncamımda görmək istəmirəm. Məhz bütün bunlara görə oyunumda sabitlik çatmırdı. Sabitlik olmayanda isə futbolçu olduğu yerdən yuxarı qalxa bilmir. İndi dönüb geriyə boylananda bir şeyin peşmanlığını çəkirəm.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.