“Şamaxı”nın hücumçusu Karim Rossi borcunu yerinə yetirməkdədir.
31 yaşlı isveçrəli forvard Premyer Liqada 8, Azərbaycan kubokunda 3 qol vurmaqla bölgə təmsilçisinin ən məhsuldar futbolçusudur.
Elitada rəqib qapılarından keçirdiyi 8 topla bombardirlər sırasında yer alan Rossi qol sayını ikirəqəmli etməyi qarşısına məqsəd qoyub.
Hətta mövsümün əvvəlində saytımıza verdiyi müsahibədə “Şamaxı”dakı hədəfinin azı 10 qol vurmaq olduğunu bildirmişdi.
Mövsümü bombardir qismində başa vurmaq arzusu olsa da, onu ən çox maraqlandıran “Şamaxı”nın uğurlarıdır.
Karim Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Hücumçuyamsa, işim qol vurmaqdır. Bilirəm, məşqçilər heyətinin, komanda yoldaşlarımın və azarkeşlərin məndən gözləntisi böyükdür.
Mən də ümidləri doğrultmağa çalışıram. Bu günə qədər çempionatda 8 dəfə fərqlənmişəm.
Qarşıda bizi daha 10 oyunun gözlədiyini nəzərə alsaq, sayı artıra bilərəm. Bunu bacaracağıma inanıram.
Hazırda Coy-Lens Mikels hamıdan öndədir. Lakin mən və digər futbolçular siyahıda Mikelsə yaxınıq.
“Şamaxı”ya qədər oynadığım komandalarda bombardirliyə yaxın olsam da, bu adı qazanmamışam.
İnşallah, Azərbaycanda bombardir olaram. Lakin bu, əsas hədəf deyil.
Vacib olan “Şamaxı”nın yaxşı nəticələrə imza atmasıdır. Kimin qol vurmasından asılı olmayaraq.
Ümid edirəm ki, bu il karyeramın ən parlaq mövsümü olacaq. Hadisələrin axarı buna doğru aparır”.
23 turdan sonra Coy-Lens Mikels (Sabah) 12 qolla siyahıya başçılıq edir. Velko Şimiçlə (Sabah) Bassala Sambunun (Neftçi) aktivində 9 qol varsa, Karim Rossi 8 qol vurub.
HƏBİB

