“Xəzər Lənkəran”da yetərincə səhv etmişdim” – Onu futbola kim qaytardı?

16:40 Müsahibə 261
“Xəzər Lənkəran”da yetərincə səhv etmişdim” – Onu futbola kim qaytardı?

“Xəzər Lənkəran”da populyatlıq qazanan, Lənkəran təmsilçisi ilə yanaşı, “Keçlə”, “Zirə”, “Sumqayıt” və “Kəpəz”in heyətində Premyer Liqada 150 oyun keçirən Orxan Sadıqlı karyerasını I Liqada davam etdirir.

“Mingəçevir”in qapısını qoruyan 32 yaşlı səbəbkar müxtəlif vaxtlarda futboldan uzaq düşsə, aşağı liqalarda oynasa da, özündə yenidən güc taparaq “çərçivə”yə qayıdıb.

Mətbuatdan uzaq gəzməsi ilə tanınan Orxanla müsahibədə həm özü, həm klubu, həm də ölkə futbolunda yerli qapıçılara göstərilən soyuq münasibətlə bağlı suallar ətrafında danışdıq.

- Karyeranda müşahidə olunan fasilələrdən sonra özünə gələ bilirsən?

- Şükürlər olsun, artıq hər şey qaydasındadır. 2020-2022-ci illər aralığında futboldan uzaq düşmüşdüm. Bir müddət “Xan Lənkəran”da çıxış etdim. 2022-də “Kəpəz”də oynadım, sonra “Sumqayıt”a getdim. Ondan sonra 6 ay oynamadım, bu ilin əvvəlində II Liqa təmsilçisi “Şəmkir”lə anlaşdım. Yayda oradan ayrılıb “Mingəçevir”ə gəldim. Tez-tez klub dəyişməyimə baxmayaraq, 2022-ci ildən bu yana mütəmadi oynamışam.

- Premyer Liqa təcrübəsi olanlar üçün I Liqada mübarizə aparmaq yəqin ki, çətindir.

- Açıq deyim, buradakı səviyyə gözlədiyimdən yuxarıdır. Fərq bilirsiniz nədədir? Premyer Liqada peşəkarlıq var, oynamaq rahatdır. Liqada əsasən mübarizə tələb olunur, döyüşkənlik var. Premyer Liqadan gələn uşaqların mühitə alışması üçün zaman tələb olunur. Belə deyim, futbol oynamaq Premyer Liqada daha rahatdır, I Liqada mübarizə aparmalısan.

- “Mingəçevir”in hədəfi elitaya yüksəlməkdir. Rəqiblərin “Şəfa”, “Baku Sportinq”, “Səbail” olduğunu nəzərə alsaq, bu, nə dərəcədə real görünür?

- Qarşımızda duran məqsəd Premyer Liqadır. Bu dəqiqə klubda hər kəs yalnız bu barədə düşünür. Rəqiblərimiz hər nə qədər ciddi və güclü olsa da, “Mingəçevir”in şansı kifayət qədər yüksəkdir. Qış fasiləsində heyət yetərincə güclənib, təcrübəli futbolçular gəlib. Hədəfimiz çempionluqdur. Ən pis halda pley-off yolu ilə istəyimizə çatmağa çalışacağıq. Gücümüz buna imkan verir.

- Nəzərə alaq ki, çempionluğun taleyi iddialı komandaların öz aralarındakı oyunlarda həll olunacaq.

- Bəli, tam razıyam. “Şəfa”, “Sportinq” və “Şəfa”nın hər biri ilə iki oyunumuz var. Bu isə mümkün 18 xal deməkdir. Allahın izni ilə sabah (müsahibə “Şəfa” ilə matçdan əvvəl alınıb – H.) “Şəfa”nı məğlub etməklə xal fərqini azaldarıq. Turnir cədvəlində bizdən öndə olan komandalarla ardıcıl oyunlarımız olacaq. Hər şey öz əlimizdədir.

- “Mingəçevir”dəki şərait hədəfə çatmağa imkan verir?

- Liqada ən yaxşı şəraitə sahib klublardan biridir. Futbolçuların məskunlaşması, qidalanması, məşq etməsi üçün hər cür imkan var. Bizə inanan və hər zaman dəstək göstərən azarkeşlərə sahibik. Maddi planda da sıxıntımız yoxdur. Bəzən 5-10 gün gecikmə olsa da, pulumuzu alırıq. Premyer Liqada oynadığım vaxtlarda da məvaciblərin gecikməsi halları olub. Bu, çox yerdə var. Məni ən çox sevindirən bilirsiniz nədir? Yerli insanların futbola ac olması. Mingəçevirdə əsl futbol ab-havası var. Azarkeşlər futbolu həm sevir, həm də bilir. Bunu bir Lənkəranda görmüşdüm, bir də Gəncədə. İndi isə Mingəçevirdə görür. Camaat futbolun incəliklərindən xəbərdardır. İnşallah, onları Premyer Liqa arzusuna çatdırarıq. Bu, öz adımız üçün də faydalıdır. Nə vaxtsa Mingəçevir futbolunun tarixi ilə bağlı danışanda, komandanı Premyer Liqaya yüksəldən futbolçuların arasında adımız çəkilər.

- Liqada ən az top buraxan qapıçılardansan. Buna nail olmaqda sənə kim, yaxud nə kömək oldu?

- Az yaşlarımda “Xəzər Lənkəran”da oynadığım dönəmlərdən hər zaman məşqlərdə canımı qoymuşam. Əsas diqqəti məşqlərə ayırmışam. Digər komandalarda da belə olub, bu gün də belədir. Bununla yanaşı, baş məşqçimiz Ramiz Məmmədovla qapıçılarla işləyən məşqçimiz Elnar Kərmova sonsuz təşəkkür edirəm. Elnar müəllimlə ötən mövsümün ikinci yarısında “Şəmkir”də bərabər işləmişdik. “Sumqayıt”dan sonra 6 ay futbolsuz qalanda məni futbola qaytaran adam məhz Kərimov oldu. “Mingəçevir”ə məşqçi təyin olunandan sonra Ramiz müəllimizin razılığını alaraq məni bura dəvət etdi. Başqa təkliflərim olsa da, bu insanlara görə “Mingəçevir”i seçdim. Ramiz müəllim mənə psixoloji cəhətdən çox dəstək oldu, özünə kiçik qardaş bildi. Elnar müəllim isə tədricən özümə gəlməyim üçün xüsusi məşq planı hazırlamışdı. Şükürlər olsun, əvvəlki gücümü qaytarmaqdayam.

- Yeri gəlmişkən, yüksək dəstədə yerli qapıçılara olan inamsızlıq müşahidə olunmaqdadır. Nəticədə Azərbaycan millisinə dəvət olunan qolkiperlərin demək olar hamısı oyun təcrübəsinin azlığından əziyyət çəkir. Səbəbi nədə görürsən?

- Qapı xətt məsuliyyətli mövqedir. Qapıçının səhvi dərhal hiss olunur, təzyiqlər baş qaldırır. İlk növbədə qapıçılara inanmaq lazımdır. “Neftçi”dəki Kenan Piriç sizcə Rza Cəfərovdan güclüdür? Məncə, yox. Başa düşürəm, böyük komandalarda oynamaq çətindir, yük ağırdır. “Xəzər Lənkəran”dakı ilk dönəmlərdə yetərincə səhv etmişdim. Çünki təcrübəm yox idi, ab-havanı təzə-təzə hiss etməyə başlayırdım. Lakin oynadıqca səhvlər aradan qalxdı, “Xəzər Lənkəran”a və digər komandalara fayda verməyi bacardım. Yerli qapıçılara inanmaq, güvənmək, dəstək vermək lazımdır. Kəsib atmaqla, futboldan soyutmaqla yaxşı heç nə əldə etməyəcəyik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti