“Neftçi"dən ayrılanda təkliflərim var idı, bir az pis zamanlar keçirdim”

20 Fevral 23:00 Müsahibə 190
“Neftçi"dən ayrılanda təkliflərim var idı, bir az pis zamanlar keçirdim”

"Kəpəz"in yarımmüdafiəçisi Rəhman Hacıyev Premyer Liqanın 20-ci turunda "Neftçi"yə məğlub olduqları görüşdən (1:3) sonra Sportinfo.az-a müsahibə verib.

O, ilk olaraq görüş barədə danışıb.

- Ağır oyun oldu. Öz səhvimizdən qollar buraxdıq. Fasiləyə bərabərliklə yollana bilsəydik bəlkə də nəticə fərqli ola bilərdi. 2 top geri düşmək istər-istəməz bizə təsir etdi. Düzdü, geridönüş etməyə səylər göstərdik, amma qırmızı vərəqə ilə işimiz daha da ağırlaşdı. "Neftçi"ni çox yaxşı tanıyıram.

- "Neftçi" sənə doğma klubdur. Çətin günlərdən keçir, nələr deyərdin?

- Yaxşı kollektiv formalaşıb. Onları da təbrik edirəm.

- Rəqib olmaq xüsusi hislər yaradır?

- "Neftçi"yə qarşı əvvəllərdə oynamışam. Futbolda normal haldır. Bu gün "Kəpəz"in formasını geyinirəm və bu klubun uğurları üçün mübarizə aparıram. Nə qədər ki, buradayam əlimdən gələni edəcəyəm.

- Premyer Liqada qalmaq işinin yerinə yetirildiyini demək olar?

- Məqsədimiz qələbə qazanmaq, üst sıralarda yer almaqdır. Deyirdilər komandanın düşmək ehtimalı var. Amma biz düşmək yox, daha yuxarılara qalxmağı fikirləşirik. Çatışmayan şeylər çoxdur. Üzərində dayanmadan çalışırıq. Məşqçinin dediklərini yerinə yetirib daha yaxşı olmaq istəyirik. Məncə, zamanla belə də olacaq.

- Ev oyunlarını Yevlaxda keçirmək sizə necə təsir edir?

- Təbii ki, yaxşı hal deyil. "Kəpəz" azarkeşlərini hər kəs yaxşı tanıyır. Onların yanımızda olmaları bizim üçün çox önəmlidir. Öz evimizdə oynasaq həm bizim, həm də azarkeşlərimiz üçün daha yaxşı olar. Harda oynamağımızdan asılı olmayaraq bizə dəstək olduqları üçün təşəkkür edirəm. Əlimizdən gələni edib onları sevindirməyə çalışacağıq. Sadəcə vaxt lazımdır.

- Qarşıdan hazırda ən ideal formada olan "Sabah"la görüş gəlir. Rəqibin 5 aydan artıqdır məğlub olmaması sizi qorxutmur?

- Təbii ki, qorxutmur. Biz "Qarabağ" kimi komandaya qalib gəlmişiksə, deməli, hər şey mümkündür. Futbolda hər şey mümkündür. İstəkdən çox şey asılıdır. Nə qədər çox istəsən, düzgün oynasan hər bir rəqibə qalib gəlmək mümkündür. Avropada da top klubların belə məğlubiyyətlərini çox görmüşük. Əsas olan istəkdir. Uduza bilərsən, amma istək olmalıdır. Mübarizə aparmamaq düzgün deyil.

- Yenidən Premyer Liqaya qayıdışın necə baş tutdu?

- Mən "Neftçi"dən ayrılanda da təkliflərim vardı. Sadəcə, bir az pis zamanlar keçirdim. Hətta futbolu atmaq istəyirdim. Sonra "Səbail"ə getdim.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 03:10 AFFA-da sədr dəyişdi