I Liqanın 15-ci turunun mərkəzi qarşılaşmasında lider “Şəfa” əsas rəqiblərindən biri olan “Mingəçevir”in müqavilmətini qıra bilmədi.
Paytaxt təmsilçisi oyuna üstün başlayıb 2 qol vursa da, ikinci hissədə özünə gələn bölgə təmsilçisi vacib qollarla oyunu heç-heçə başa vurdu – 2:2.
Oyunda əsas diqqətlər qış fasiləsində “Şəfa”nı “Mingəçevir”ə dəyişən Amil Yunanovda idi ki, təcrübəli hücumçunun sözü matç başa çatandan sonra keçmiş komandasının məşqçisi Zamir Həsənovla çəp gəldi.
Sportinfo.az-a müsahibə verən Yunanov matçla bağlı ortaya çıxan sualları cavablandırdı.
-İlk hissədə “Mingəçevir”ə nə olmuşdu?
- Oyuna istədiyimiz kimi başlaya bilmədim. Bəlkə də bu, bəzi uşaqlarda olan həyəcanla bağlı idi. Həm də gözlənilməz qollar buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq, özümüzə gələrək qol imkanları yaratdıq. İlk hissədə hesab arasındakı fərqi azalda bilsəydik, oyunu qalib başa vura bilərdik. Liderə qarşı 0:2-ni 2:2-ə çevirib meydanı 1 xalla tərk etmək pis nəticə deyil.
- Rəqibin azlıqda qalması yekun nəticədə nə dərəcədə mühüm rol oynadı?
- Bəlkə də müəyyən rolu oldu. Hətta “qırmızı” olmayandan belə, nəzarət bizdəydi, hesab arasındakı fərqli azaltmışdıq. Ümumi götürsək, ikinci hissədə biz daha üstün oynadıq.
- Ehtiyatda qalmağın nə ilə bağlıydı?
- “Mingəçevir”ə gəlməmişdən əvvəl baş məşqçi ilə müəyyən problemlərim olduğuna görə, “Şəfa”da demək olar oynamırdım. Yayı da nəzərə alsaq, 6 ay futbolsuz qalmışdım. “Mingəçevir”ə 4-5 kiloqram artıq çəki ilə gəlmişdim. Komandaya qoşulandan sonra gərgin məşqlərin nəticəsində artıq çəkini atmışam. Nə yalan deyim, bu gün ideal formada deyiləm. İnşallah, zamanla düzələcək. Bura oynamağa gəlmişəm.
- “Şəfa”ya qarşı prinsipiallıq var idi?
- Açığı, var idi. Bu oyunu çoxdan gözləyirdim. Oynamaq istəyirdim, həvəsliydim. Qol vursaydım, lap yaxşı olardı. Bəzi şeyləri bəzi adamlara sübut etmək istəyirdim. Çünki “Şəfa”da mənə qarşı baş məşqçi tərəfindən bəzi hörmətsizlik olmuşdu. Klub rəhbərliyini nəzərdə tutmuram, amma Əfran də mənə qarşı hörmətsizlik etdi (“Şəfa” rəhbərliyində yer alan Əfran İsmayılovu nəzərdə tutur – H.). Təəssüf ki, dəqiqə etibarilə az oynadım. Mənim üçün vacib olan “Mingəçevir”in uğur qazanmasıydı.
- Final fitindən sonra “Şəfa”nın məşqçisi Zamir Həsənovla aranızda gərginlik yaşandı. Nə baş vermişdi?
- Mən nəyə qıcıqlandım? Həmin adam üzünü kameraya tutub hakimlikdən narazılıq edirdi. Mən də ona bildirdim ki, ona qalsa, qapımıza təyin olunan penaltiyə görə biz də narazılıq etməliydik. Halbuki həmin epizodda penalti yox idi. Rəqib futbolçu oyunun bərpasını ləngitdiyinə görə ikinci “sarı”nı göstərdi. Bu da tam doğru qərardır. Gərəksiz etiraz edirdi, mən də özümdən asılı olmadan öz fikrimi bildirdim. O da durub üstümə gəlir. Mən də kimliyindən asılı olmayaraq, qarşımdan “yeyən” deyiləm.
HƏBİB

