“Araz-Naxçıvan”ın braziliyalı müdafiəçisi Bruno Franko Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın ötən turunda “Karvan-Yevlax” üzərində qazandığı 2:1 hesablı qələbə qazandız. Amma ilk hissədə 2:0 hesabı ilə üstün olduğunuz matçı az qala xal itkisi ilə başa vuracaqdız. Fasilədən sonra nə dəyişdi?
- Əslində, hesab 2:0 yox, daha artıq ola bilərdi. Lakin cəmi 2 şansdan yararlana bildik. “Qarabağ”a 0:6 hesablı yenilgidən sonra bizim üçün önəmli olan qalib gəlmək idi. Bunu bacardığımıza görə sevincliyik. Hansa məqamlarda səhv etdiyimizi, nələri düz etmədiyimizi təhlillər zamanı görəcəyik. Hələ ki, qələbəni doyunca yaşamağın vaxtıdır.
- 0:6-nı unudub bu oyuna psixoloji baxımdan hazır olmaq üçün nə etdiniz?
- Gələcəyə inamla baxaraq baş məşqçinin dediklərinə qulaq asdıq. Çempionat bir matçdan ibarət deyil. Uduzmuşuqsa, deməli nələrisə düz etməmişik. Bundan sonra eyni səhvləri təkrarlamamaqla daha yaxşını etməyə çalışmalıyıq. Ağlımızda ancaq bunlar idi.
- Andrey Demçenkonun gəlişindən sonra fərqli oyun fəlsəfəsinə uyğunlaşmaq məcburiyyətindəsiniz. Təxminən 2 ay geridə qalsa da, hələ də çətinlik çəkdiyiniz hiss olunur.
- Bu, normaldır. Birdən-birə köklü dəyişikliklərə getmək asan deyil. Uyğunlaşmaq və nəticəyə nail olmaq üçün zaman lazımdır. Məşqlərdə hər birimiz əlimizdən gələni edirik. Fikrimcə, hər ötən oyunda daha yaxşı görünürük. Bu şəkildə davam etməliyik.
- “Araz-Naxçıvan”dakı durumun haqda nə deyə bilərsən? Bəxtiyar Həsənalızadə, İosuf Paro və Rahil Məmmədovun zədəli olduğu dönəmlərdə mərkəz müdafiəçisi kimi şans qazanırdın. Lakin onlar qayıdandan sonra ehtiyatda qalırsan. Buna sakit yanaşırsan?
- Karyeramda indiyə qədər heç vaxt mərkəz müdafiəçisi mövqeyində oynamamışdım. Karyeramda ilk dəfə bunu Azərbaycanda yaşadım. Mənim üçün yeni təcrübə oldu. Əlbəttə, hər bir futbolçu daha çox oynamaq istəyir. Lakin bəzən reallıqlarla barışmalı olursan. Təbii ki, bundan həzz almıram. Amma qalmaqal yaratmaq niyyətim də yoxdur. Önəmli olan “Araz-Naxçıvan”ın uğur qazanmasıdır.
- Avrokuboklara vəsiqə uğrunda əsas rəqibinizin “Zirə” olduğunuzu düşünsək, yəqin ki, “Qarabağ”a azarkeşlik edəcəksən.
- Real danışsaq, ilk iki pillə əldən gedib. “Qarabağ”la “Sabah”a çatmaq real görünmür. Ümidimiz 3-4cü pillələrə qalıb. Əsasən öz oyunumuz və nəticələrimiz barədə düşünürəm.
HƏBİB

