“Qarabağ”ın qış fasiləsində heyətinə qatdığı Jeremi Qnali yeni komandasında debüt etdi.
“Şamaxı” ilə kubok qarşılaşmasının cavab görüşündə meydanda olan 23 yaşlı sol cinah müdafiəçisi ilk oyunda xoş təsir bağışladı.
Fransalı legioner Sportinfo.az-a verdiyi müsahibədə debütünü dəyərləndirməklə yanaşı, digər sualları cavablandırıb.
-“Qarabağ” formasında meydana çıxdığın ilk görüşdə start heyətində yer aldın. Çıxışından nə dərəcədə razı qaldın?
- İlk oyunum olduğu üçün komanda yoldaşlarım mənə kömək etməyə çalışırdılar. Sevinirəm ki, debüt matçımda layiqli qələbə qazanaraq yarımfinala yüksəldik. Bundan sonra daha yaxşı olacağına ümid edirəm.
- Yarımfinaldakı rəqibin adı “Qəbələ” – “Sabah” qarşılaşmasının yekununda bilinəcək. Hansı komandanı arzulayırsan?
- Rəqibin adı önəm daşımır. Əsas biz özümüzük. Kollektiv şəkildə mübarizə aparanda istənilən rəqibi məğlub edə bilərik.
- Kollektivə və “Qarabağ”ın oyun ülubuna uyğunlaşmağın üçün nə qədər vaxt lazımdır?
- Hazırda özümü yaxşı hiss edirəm. Fikrimcə, elə də çox zaman lazım olmayacaq.
- Xeyli vaxtdır Azərbaycanda olduğunu nəzərə alsaq, “Qarabağ” kənardan necə görünürdü?
- Komanda yoldaşlarım bütün oyunlarda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdı. Əsas tapşırıq topu itirən kimi pressinq etməkdir. Bu cür oyun tərzini bəyənirəm.
- “Qarabağ”dan təklif alanda hansısa yollarla araşdırma aparmışdın, yoxsa klubun adı kifayət edirdi?
- “Qarabağ”ın adı peşəkar karyeramda yüksəlişə doğru tramplindir. Bura gələnə qədər İspaniyanın aşağı dəstə komandalarında çıxış etmişdim, “AEK Larnaka” ilə Konfrans Liqasında mübarizə aparmışdım. “Qarabağ”ın formasını geyinməyi karyeramda yüksəliş saymaq olar.
- Hazırda “Neftçi”nin şərəfini qoruyan İmad Farajla ötən mövsüm “AEK Larnaka”da komanda yoldaşı olmusan. Çempionatın gedişində bir-birinizə qarşı rəqib qismində çıxış etmək imkanı yaranıb. Azərbaycana gəlməmişdən əvvəl İmadla danışmışdın?
- Bəli, söhbətimiz olmuşdu. Müsbət qərar verməyimdə mənə dəstək oldu. Xüsusən Bakını tərifləyirdi.
HƏBİB

