0:4 uduzan millimiz rəqib baş məşqçini nə ilə təəccübləndirdi?

16:40 Müsahibə 129
0:4 uduzan millimiz rəqib baş məşqçini nə ilə təəccübləndirdi?

Azərbaycanın U-21 millisi Portuqaliyalı həmyaşıdlarına məğlub oldu.

AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində 8-ci kilometr stadionunda keçirilən qarşılaşmanın ilk yarısında qol istəyinə çata bilməyən qonaqlar fasilədən sonra Rəşad Eyubovun komandasını “top atəşi”nə tutdu – 4:0.

Portuqaliya seçməsinin baş məşqçisi Luis Freyre bu haqda sualları cavablandırıb.

-Barseluşdakı oyunun ssenarisi təkrarlandı. İlk hissə qolsuz başa çatdı, fasilədən sonra komandanız 4 top vurdu. Belə olacağını təxmin etmişdiniz?

- Bizim üçün asan olmayacağını bilirdik. Çünki Azərbaycan millisi döyüşür, rəqibdən geri qalmamağa çalışır. Hücumda sürətli futbolçuları var deyə, rəqibin əks-hücumları zamanı diqqətli davranmalıydıq. İlk yarıda fürsətləri dəyərləndirə bilməsək də, ikinci hissədə Azərbaycan millisinin yorulması və tamamilə müdafiəyə çəkilməsi işimizə yaradı. Bunun sayəsində lazım olan qolları vurduq.

- 4:0 – bu, sizin üçün asan oyun idi, yoxsa ağır məşq?

- İlk dəqiqələrdən rəqibə ciddi yanaşmasaydıq, sonluq bizə baha başa gələ bilərdi. Asan oyun olduğunu düşünmürəm. Xüsusən ilk yarıda əziyyət çəkdik.

- Havanın yağışlı, meydanın sürüşkən olması komandanızın çıxışına təsir etdi?

- Düzdür, yağış dayanmadan yağdı. Meydanın durumu yaxşı idi deyə, hansısa problemlə qarşılaşmadıq. Hər şey qaydasında idi.

- Azərbaycanın U-21 millisini iki oyunda iş başında gördünüz. Yığmamız hansı komponentlərdə Portuqaliya kimi rəqiblərdən geridə qalır? Nələri düzəltmək, dəyişmək lazımdır?

- Yaxşı mənada diqqətimi çəkən məqam müdafiə xəttində intizamlı oynamalarıdır. Boşluq yarananda belə, onu aradan qaldırmağa çalışırlar. Azərbaycanda futbolçu seçimi ilə bağlı imkanların hansı dərəcədə olduğunu bilmirəm. Ona görə də konkret nəsə demək çətindir. Sürətli futbolçuların olduğunu nəzərə alsaq, əks-hücumlardan yararlana bilərlər.

- Azərbaycanın U-20 millisinə portuqaliyalı baş məşqçi – Ruy Jorje təyin olunub. Həmyerliniz və həmkarınızın azərbaycanlı gənclərlə uğur qazanması nə dərəcədə real görünür?

- Ruy Jorje çox təcrübəli və bacarıqlı məşqçidir. Uzun illər Portuqaliyanın U-21 millisinin baş məşqçisi olub, komandası iki dəfə Avropa çempionatının final mərhələsinda oynayıb. İnanıram ki, Azərbaycanda işinin öhdəsindən gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti