Fikir vermisiz, bəzi imkanlı adamların özləri, ya da övladları sadə vətəndaşlardan fərqli həzz axtarır.
Biri kişiliyini itirir, o biri narkomaniyaya qurşanır, digəri qumar oyunlarının qurbanı olur, bir başqası alkoqolizmdən əziyyət çəkir.
Çünki əllərində pul var, mümkünsüz görünən hər şeyin dadını hiss etmək istəyirlər. Bir dəfə ləzzətini görəndən sonra uzaqlaşa bilmirlər.
Azərbaycan futbolu narkomaniyay qurşanıb.
Pul var, şərait var, çox şey etmək olar, ancaq ağlı başında deyil. Gürcülər, ermənilər, belarusluların pulu yoxdur deyə, futbolları pis vərdişlərdən uzaqdır.
Başları qarışıb fəhləlik etməyə, yəni futbol oynamağa. Bizim futbol gah “kayf”da olur, gah “lomka”da.
DÇ-2026-nın seçmə mərhələsi başa çatdı. Azərbaycan millisi nə iləsə təəccübləndirməyi bacardı? Ukraynadan qazanılan 1 xal, vəsaalam.
Yeganə təsəlli yerimiz hazırkı baş məşqçinin Ayxan Abbasov olmasıdır. Ki, futbolçulara milli ruhu aşılayır, onlar da meydana çıxıb döyüşürlər. Futbol oynamırlar ha, döyüşürlər. 90 dəqiqə ərzində futbol adına mümkün, ya mümkünsüz nə gəldi edirlər, təki rəqib qapımıza qol vurmasın.
Bu ölkədə futbol yoxdur! Bu ölkədə uşaq futbolu yoxdur! Bu ölkənin futbolu düzgün idarə olunmır! Və bu gedişlə olmayacaq da.
Məsələn, Abdulla Xaybeullayevə sürüşmə fəndini düzgün yerinə yetirməyi Ayxan Abbasov öyrədə bilməyəcək.
Şahruddin Məhəmmədəliyevə, yaxud Aydın Bayramova çıxışlarda necə oynamaq lazım gəldiyini bundan sonra heç kim yeridə bilməyəcək.
Xəyal Əliyev, Ceyhun Nuriyev, Qismət Alıyev bundan sonra cana-cəsədə gəlməyəcək, fiziki cəhətdən artırmaq mümkün olmayacaq. Bu uşaqların orqanizmi Azərbaycan standartlarına uyğun formalaşıb.
Ağır Emin Mahmudova mühərrik qoşan olmayacaq ki, tez hərəkət etsin, ani qərarlar versin.
Millinin İslandiya və Fransa oyunlarına təkrar baxın. Sanki rəqiblər 11-ci sinif şagirdləridir, bizimkilər 7-ci sinifdə oxuyurlar. Topla davranışda, rahatlıqda, boy-buxunda – hər şeydə aralarında yerlə göy qədər fərq var.
Rəqiblər futbol oynayır, bizimkilərə də tapşırıblar ki, onsuz da sizdən böyüklərdir, uduzsaz da, heç kim heç nə deməyəcək. Ayaqlarına dolaşın, təki qol vura bilməsinlər. O dərəcə aciz görünür millimiz, futbolumuz.
Əsas yığma rəzildir, U-21 ondan betər, U-19 da lap zay.
İnkişaf-zad nağıldır. AÇ-2028-in yox, lap DÇ-2030-nun seçmə mərhələsi gəlsin. Nə futbol, nə də nəticələr düzələn deyil. Uzaqbaşı aktivimizə 1 yox, 3-4 xal yazılacaq.
Narkomaniyadan əziyyət çəkən futbolumuzun çox ciddi müalicəyə ehtiyacı var. Buna isə kifayət qədər zaman lazımdır. Azı 10-15 il.
HƏBİB / SPORTİNFO.AZ

