“Neftçi”nin yerli müdafiəçisi: “Lazım olan xalları yığsaydıq, indi “3-lük”də idik”

20:40 Müsahibə 633
“Neftçi”nin yerli müdafiəçisi: “Lazım olan xalları yığsaydıq, indi “3-lük”də idik”

“Neftçi” Qəbələ səfərində qazandığı qələbə ilə yuxarı pillələrdəki rəqibləri ilə xal fərqini nisbətən azaltmağa nail oldu.

Bölgədə qazanılan 3:1 hesablı qalibiyyət “ağ-qaralar”a hava-su kimi lazım idi.

Oyun başa çatandan sonra yorğun, bir o qədər də məmnun görünən Elvin Bədəlov Sportinfo.az-a verdiyi müsahibədə komandası ilə bağlı sualları cavablandırıb.

- Oyunun gedişatını bu şəkildə təsəvvür edirdin?

- “Qəbələ” ilk dəqiqələrdə hədsiz pressinq edirdi. Bu da anlaşılan idi. Ötən turdakı ağır məğlubiyyətdən sonra təzyiq göstərib hesabı erkən açmaq istəyirdi. Birinci yarıda bir az əziyyət çəkdik. İstədiklərimizi tam həyata keçirə bilmirdik. Qazon da ağır idi, sürüşürdük. Penaltidən ucuz qol buraxmağımıza baxmayaraq, özümüzdə güc tapıb hesabı bərabərləşdirdik. Sevindirici haldır ki, məşqlərdə üzərində işlədiyimiz künc zərbəsi tapşırığından fərqləndik. İkinci hissədə tam nəzarətimiz altında keçdi. Nəticədə daha 2 qol vurub layiqli qələbə qazandıq.

- Oyunun gedişatını xeyrinizə dəyişmək üçün fasilədə hansı tapşırıqları aldız?

- Təzyiqi cə sürəti artırdıq, topa nəzarəti ələ aldıq. Düzü, ikinci hissədə “Qəbələ”nin real təhlükəli epizodu da olmadı.

- “Zirə”nin məğlub olması, “Turan Tovuz”un heç-heçə oynaması, yəqin ki, qələbə istəyini artırmışdı.

- Əsas motivasiya ötən turda “Turan Tovuz”a uduzmağımız idi. Həmin məğlubiyyətə öz oyunumuzla reaksiya vermək istəyirdik. Avrokubok şansımızı saxlamaq üçün qələbə qazanmalıydıq. Meydana bu düşüncə üçün çıxmışdıq.

- “Kəpəz”, “Qəbələ”, “Karvan-Yevlax” kimi autsayderləri məğlub etdiyiniz halda, “Qarabağ”, “Sabah”, “Zirə”, “Turan Tovuz” üzərində bir dəfə də olsun qələbə qazana bilməmisiniz. Bunun səbəbi nədir?

- Əslində, əksər matçlarda qalib gəlməliydik. “Turan Tovuz”la ilk dövrədəki qarşılaşmada ucuz qol buraxdıq, sonra azlıqda qaldıq. “Sabah”la öz meydanımızdakı görüşdə real qol şanslarından istifadə edə bilmədik. “Zirə”ylə səfər oyununda hesabda üstün olduğumuz halda, son saniyələrdə qapımıza penalti təyin olundu, “Palms Sports Arena”da yenə qol şanslarını qaçırdıq. Əsas rəqiblərimizi məğlub edə bilməsək də, çoxunda uduzmamışıq. Sadaladığım oyunlarda lazım olan xalları yığsaydıq, indi “3-lük”dəydik.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti