FİFA millimizin “sillə vuran”ına nə edəcək? - VİDEO

21:20 Qalmaqal 197
FİFA millimizin “sillə vuran”ına nə edəcək? - VİDEO

2023-cü ilin dekabr ayında Emil Səfərov barədə yazmışdım.

O vaxt cavan oğlanın “Qəbələ”nin heyətində ölkə kubokunu qazanan, əsas millidə siftə edib Lukakunun dalınca qaçan, Qurban Qurbanovun tərifini eşidən dönəm idi.

“Qəbələ” öz meydanında “Kəpəz”i qəbul edirdi.

21 yaşlı Emil 49-cu dəqiqədə ikinci “sarı”nı alıb meydanı tərk etmək əvəzinə, baş hakim İnqilab Məmmədova yaxınlaşıb burun-buruna dayanmış, ürəyindən keçən sözləri demişdi.

“Nə tez böyüdün, balaca?” sərlövhəli yazımda Səfərovu vaxtından əvvəl böyüməməyə səsləmiş, bunun üçün böyük yol keçməli olduğunu demiş, intizam və davranışlarına diqqət yetirməli olduğunu tövsiyə etmişdim.

Üstündən 2 ildən bir az artıq zaman keçib. “Qəbələ”dən ayrılıb “Neftçi”yə keçən Səfərov bu müddətdə heç nə etməyib. Nə komandasının uğurlarına sevinib, nə də millidə hansısa uğura imza atıb. Əksinə, 3 il əvvəllə müqayisədə xeyli geriləyib.

Azərbaycan yığmasının Syerra-Leone ilə matçının gedişində rəqibin “9 nömrə”sinə qarşı etdiyi hərəkəti ölkədə görməyən qalmadı.

Cüssəli, fiziki cəhətdən özündən azı iki dəfə böyük rəqib futbolçunun üzünə sillə vuraraq, ya da sillə vurmaq görüntüsünü yaradaraq Amadu Bakayokono alçaldır.

30 yaşlı rəqib oyunçu təcrübəsinin yaratdığı səbrin köməyindən artıqlaması ilə istifadə edib, Emilə cavab qaytarmır, hövsələsini sıxır, əsəblərini cilovlayır.

Halbuki ikisini bir otağa salıb qapını bağlasan, Emilin özü bir tərəfə, tikəsi tapılmaz. Di gəl, Sumqayıtda oynamağın üstünlüyündən istifadə edir, illərdir içində gəzdirdiyi böyük futbolçu olmaq xəyalının gerçəyə çevrildiyini zənn edərək məlum əməli törədir.

Səfərovun rəqib futbolçuya qarşı etdiyi həmin hərəkətin adı intizamsızlıq, özünü idarə edə bilməmək, qeyri-peşəkarlıq, futbolun təməl prinsiplərinə tüpürməkdir.

O, bu əməli FİFA-nın bayrağı altında keçirilən turnirdə, ev sahibi qismində qonaq futbolçuya qarşı edərək “feyr-pley”ə tüpürüb. Həm də minlərlə azarkeşin, ekran qarşısında əyləşən yüzminlərin gözləri qarşısında.

FİFA bu məsələni araşdırmalı, (yeri gəlsə, Syerra-Leone tərəfi məktubla müraciət etməlidir) Emil Səfərova ciddi sanksiya tətbiq etməlidir. Bu hərəkətin sahibi vurduğu sillənin cavabını cəza-cərimə ilə almalıdır. Başqa yolu yoxdur!

Bəlkə bu, digərlərinə dəsr olar. Emilə olmasa da.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti