“Neftçi”ni öz yerinə qaytarmaq lazımdır” - Görün, “Sportinfo” kimi danışırdı!

19:40 Müsahibə 184
“Neftçi”ni öz yerinə qaytarmaq lazımdır” - Görün, “Sportinfo” kimi danışırdı!

“Neftçi” azarkeşlərinin qəlbində iz buraxan Culius Vobay Sportinfo.az-a müsahibə verib.

Futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayan 42 yaşlı mütəxəssis hazırda vətəni Syerra-Leonenin yüksək dəstəsində mübarizə aparan “Vilberfors Straykers”in əsas komandasında köməkşi-məşq kimi fəaliyyət göstərir.

“Neftçi” ilə Azərbaycan çempionu və ölkə kubokunu qazanan, “Xəzər Lənkəran”ın heyətində Azərbaycan kubokunun sahibi olan Vobayda söhbətimiz boşuna deyildi.

Azərbaycanla Syerra-Leone arasındakı yoldaşlıq görüşü səbəbkarla əlaqə saxlamağımı şərtləndirmişdi.

- Bakıya gəlməmisiniz deyəsən.

- Yox-yox, Fritaundayam (Syerra-Leonenin paytaxtı – H.).

- Vaxtilə yaşadığınız şəhərə səfər etmək yerinə düşərdi hər halda.

- Düzü, bunu çox istəyirəm. İndi yox, daha öncə bir neçə dəfə cəhd etmişəm, alınmayıb. Şəxsi işlərimə görə vaxt tapa bilmirəm. Bu dəfə də komandamızın məşqləri imkan vermədi. Həm də digər köməkçi üzrlü səbəbdən bir müddətdir bizdən ayrı düşüb. Milli komandada işləsəydim, mütləq gələrdim (gülürt). İnşallah, bir gün mütləq Azərbaycana səfər edəcəyəm. Dostlarım üçün darıxmışam.

- 2015-ci ildən bu yana Bakıda heç vaxt olmamısınız?

- Təəssüf ki, 10 ildən çoxdur gedə bilmirəm.

- Keçmiş komanda yoldaşlarınız, məşqçiləriniz, klub rəsmiləri ilə əlaqəniz var?

- Əsasən futbolçularla danışıram. Flavinyo, Bruno Bertuççi, Denis Silva, Araz Abdullayev, Mirhüseyn Seyidovla sosial şəbəkələr üzərindən hal-əhval tuturuq.

- “Qarabağ”ı Liqa mərhələsində görəndə təəccübləndiniz yəqin.

- Xeyr. Kənardan baxan adam olsaydım, bəlkə də siz deyən kimi olardı. Lakin mən Azərbaycanda oynadığım dönəmdə “Qarabağ” uğura çatmaq yolunda addımlar atmağa başlamışdı, avrokuboklarda yaxşı nəticələr qazanırdı. Yadıma gəlir ki, o vaxt azarkeşlər “Qarabağ”la “Neftçi”nin müqayisəsini aparırdı. Çünki Azərbaycan komandası tarixdə ilk dəfə bizim vaxtımızda avrokubokların qrup mərhələsinə vəsiqə qazanmışdı. Bundan sonra isə “Qarabağ”ın timsalında iddialı və peşəkar işlər görən klub formalaşdı. Odur ki, heç nəyə təəccüblənmədim, əksinə, mənim üçün gözlənilən idi.

- “Neftçi”dən xəbərin var?

- Ümumi vəziyyətdən xəbərdaram. Bilirəm ki, ötən il avrokuboklara vəsiqə qazana bilmədilər. Klubun daxilində nələrin yaşandığını deyə bilmərəm. Yalnız onu bilirəm ki, “Neftçi”nin yeri zirvədir, hamıdan öndə olmalıdır. Vaxtilə “Neftçi”ni haqq etdiyi və layiq olduğu yerlərə qaldırmışdıq. İndi həmin yerdən çox uzaqdadır. “Neftçi”ni öz yerinə qaytarmaq üçün çalışmaq, çıxış yolları tapmaq lazımdır.

- Hazırkı vəziyyət də ürəkaçan deyil. 25 turdan sonra 12 komanda arasında 6-cı pillədə yer almaqla avrokuboklara vəsiqə şansını şübhə altına salıb.

- Klubun daxilində olmadığım üçün fikir bildirmək çətindir. Dediyim kimi, “Neftçi”ni öz yerinə qaytarmaq lazımdır. Hazırkı vəziyyət klub üçün xoş hal deyil. Ümid edirəm ki, bir gün “Neftçi”ni əvvəlki qədər əzəmətli, hətta daha üstün görərik.

- Afrika qitəsindən olan gənc futbolçular Avropaya, hətta Azərbaycana axın etməkdədir. Syerra-Leonedə vəziyyət necədir? “Neftçi”, “Qarabağ”, “Sabah” kimi iddialı komandalarda oynaya biləcək istedadlar var?

- İstedadlar çoxdur. Lakin hələ “bişməyiblər”, öyrənirlər. Biz də onların inkişafı üçün əlimizdən gələni edirik. “Neftçi”nin hazırkı rəhbərliyi ilə əlaqəm yoxdur, bir-birimizi tanımırıq. Ancaq əminliklə deyirəm ki, Syerra-Leonedə “Neftçi”yə kömək edə biləcək futbolçular var. Sadəcə onlara şans və vaxt vermək lazımdır. Fikir verirsinizsə, Syerra-Leone millisinə dəvət alanların 80 faizi müxtəlif qitələrdə və ölkələrdə top qovur, Fransa, İtaliya, Almaniya, İngiltərə, ABŞ kimi ölkələrdə legioner həyatı yaşayırlar.

- Hazırda çalışdığınız klubdan milliyə dəvət alan futbolçu(lar) var?

- Bəli, bir nəfər dəvət olunub. Fransis Koroma hazırda milli komandanın heyətində Azərbaycandadır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti