Ölkə futbolunun əsas problemi akademiyaların yoxluğudur.
Formal fəaliyyət göstərən uşaq futbolunda isə əsas problem yaxşı məşqçilərin azlığıdır.
Nə klublar, nə də AFFA uşaqlara futbolun sirlərini öyrətməli olan məşqçilərin inkişafı üçün heç bir addım atmır.
Bəli, fəaliyyət göstərənlər arasında az sayda olsa da bacarıqlı mütəxəssislər var. Təəssüf ki, yaxşı məşqçi qıtlığı yaşadığımız halda, kənarda qalan mütəxəssislərimiz də az deyil.
Ötən dəfə uşaq futboluna göstərilən həvəskar münasibətə görə, sevdiyi peşədən uzaqlaşıb ABŞ-a köçən Ruhin Əliyevdən bəhs etmişdik.
Ruhin tək deyil…
Uşaq futbolunda əksəriyyətin çox yaxından tanıdığı Vasif Haqverdiyev isə artıq 6 ildi çalışmır.
“Qarabağ”ın və milli komandamızın veteran müdafiəçisi zamanında “Səbail”, “Sabah” kimi klubların akademiyalarında məhsuldar işlər görüb, yaxşı yetirmələr yetişdirib. Onun əlindən çıxan futbolçular aşağı yaş qruplarından milli komandaya qədər yüksəlib.
Onunla müsahibəmizdə həm kənarda qalmasına toxunduq, həm də futbolumuzun kənardan necə görünməsinə.
- Bizim futbolun problem nədir?
- Kənardan hamımız deyirik ki, problem uşaq futbolundadır. Amma heç kim bunu araşdırmır.
- Nəyi?
- Təşkilatı baxımdan, infrastruktur yönündə boşluqlar çoxdur. Bunların həlli inkişaf yolunda vacibdir. Bunlar düzəlməsə, bir meydançada 8 yaş qrupu məşq edəcəksə, onlara kifayət qədər vaxt verilməyəcəksə uğurdan danışmaq olmaz.
- Başqa hansı problemlər mütləq həll edilməlidir?
- Problemlər çoxşaxəlidir. Hətta 10-12 yerə bölmək olar. Amma ümumi hamısı ana xətt olaraq gəlib infrastruktura, şəraitin olmamasına bağlanır. İlk olaraq buradan başlanmalıdır. Başqa yolumuz yoxdur. Klublarımızın çoxunda oyunçu qıtlığı var. Məsələn, U-17 liqasında bəzi klublarda futbolçulara maaş verilir, amma bəzilərində bu yoxdur.
- Sizcə, maaş hamısında olmalıdır, yoxsa heç birində verilməməlidir?
- Mən də düşünürəm ki, 17 yaşlı futbolçu Avropadakı qədər olmasa da müəyyən qədər həvəsləndirici maaş almalıdır. Ən azı qidasına, nəqliyyat xərcinə, idman geyiminə dəstək olar. Bütün klublarda maaş sistemi olmalıdır. Təəssüf ki, yoxdur.
- 6 ildi peşənizdən kənardasınız. Bu müddətdə nə dəyişib?
- Düşünürəm ki, mənim 5 il öncə işlədiyim U-17 liqası ilə bugünkü liqa arasında ciddi fərq var.
- İrəliyə doğru, yoxsa əksinə?
- Yox, geriləmə var. Bunu hazırda çalışan klub məşqçiləri də təsdiq edər. Biz üzü geriyə gedirik. Yanaşma belə davam eləsə, 5 il sonra bunlar da olmayacaq. U-17 liqasında səviyyə qat-qat aşağı düşəcək.
- Bəs uşaq futbolundakı hakimliyin səviyyəsi necədir? Bəzən bir hakim ardıcıl iki oyun idarə edir. Bu necə ola bilər?
- İnkişaf həm də hakimlərdən keçir. Problemlər olduğu dəqiqdir. Hakimlərlə bağlı sıxıntılar var. Gözlə görünəcək qədər səhvlər var. Ardıcıl iki oyunu ideal idarə etmək fiziki olaraq mümkün deyil. Demək ki, hansınısa yola verirsən. Əgər belə hallar varsa, əlbəttə doğru deyil.
- Akademiyalarda olan məşqçilərin səviyyəsi də tez-tez müzakirə olunur. Əksəriyyət işinə məsuliyyətli yanaşmır, gününü yola verir…
- Həmkarlarım haqqında nəsə deməyim doğru olmaz. Bir şeyi mütləq qeyd etmək lazımdır ki, verilən maaşlar çox aşağıdır. Verilən dəyərə uyğun da yanaşma görürük. Maaş az olduğu üçün pullu qruplar yaradıb, fərdi məşq keçənləri az deyil. Düz və ya səhv olduğunu demirəm. Məsələn, mənə görə maddiyyata baxmamalısan. Yox, ona baxırsansa işləməli deyilsən. Məvacib azdı deyə həvəskar yanaşma göstərmək olmaz.
- Akademiya məşqçisinin başqa işlərdə çalışması nə qədər peşəkardı?
- Təbii ki, belədə akademiyanın işinə 100% fokuslana bilməz. Məşqçi bir yerdə çalışmalıdır.
- Biz eyni halı milli komandalarımızda görürük. Millilərin məşqçiləri həm də klublarda çalışır. Artıq yeni AFFA rəhbərliyi buna qarşıdır. Tələb qoyulub - Ya milli, ya da klub. Sizcə, belə olmalıdır?
- Sözsüz belə olmalıdır. Məşqçi bir yerdə çalışmalıdır. Futbolumuzda qeyri-peşəkar yanaşmalar çoxdur. Bu da uzun illərdir yığılıb qalan problemlərdi. AFFA rəhbərliyi bu məsələdə də yeni qərarlar alması doğrudur. Müəyyən qaydaların qoyulması yaxşıdır. Biz hər şeydə də AFFA-nın üzərinə getməli deyilik. Bəs klublar? Klublar da peşəkar qərarlar verməlidir. Məşqçilərimiz gələcəkdə özünü yuxarı yerlərdə görmək istəmirlər, cəhd etmirlər.
- Niyə?
- Çünki onlara inam azdı. O da özünü inkişaf etdirməkdə maraqlı olmur. Bu gün Premyer Liqa klublar yenə əcnəbi məşqçilərə üstünlük verir. Gələcəkdə bu tendensiya Birinci Liqada da yaşana bilər.
- Aşağı yaş qruplarının oyunlarında səviyyə sizi qane edir?
- Ən son "Sabah" və "Qarabağ"ın U-17 komandalarının oyununa baxdım. Açığı, səviyyə məni heç qane etmədi. Hə, seçilənlər var. Əli Bəşirov, Uğur Qurbanlı, Amil Rzayev çox seçilirdi. 22 nəfərdən yalnız üçünü qeyd edə bilərəm. Bu oyunçular "Qarabağ"ın əsas komandasında Qurban Qurbanovun yanında məşq edirlər.
- Əli Bəşirov ən çox danışılan adlardandır. Onu hətta bir neçə yaş qrupunun oyunlarında görürük. Bunu inkişafı üçün doğru addım hesab edə bilərik?
- Bir futbolçunu üç liqada oynatmaq olmaz. Oyun sayını belə çox etmək olmaz.
- Niyə?
- Çünki U-17 liqasında oynayan oyunçunun bərpa müddəti olmalıdır. Amma bərpa görmədən növbəti gün U-19 liqasında meydana çıxmaqla sintetik meydanlarda uşaq yüklənir. Məşq prosesi dəyişir. Fərqli mövqelərdə oynadılması da uşaqları çaş-baş salır. Adını universal qoyurlar. Amma oyunçunun bir mövqedə inkişafını ləngidir. Bir oyunçunu dayanmadan həftə ərzində 3 dəfə oynatmaq olmaz. 17 yaşlı uşağın gücü, bacarığı imkan verirsə gedib U-19 komandasında davamlı qalsın. Daha həm orda, həm də burda meydana çıxmasın.
- Azərbaycan üçün hansı ölkənin uşaq futbolu yaxşı nümünə kimi seçilə bilər?
- Hər bir ölkənin futbola öz baxışı var. Məsələn, qonşu Rusiya futbolundan nələrisə götürə bilərik, amma bütövlükdə hər şeyi bura gətirmək olmaz. Bir yox, bir neçə ölkədən yaxşı nəsə götürmək olar. Yekunda öz uşaqlarımıza, futbolumuza uyğun model qurmaq lazımdır. Bizdə qəribə bir tendensiya da var.
- Nə?
- Bir uşağın bir neçə cəhətdən üstünlüyü olur. Deyək ki, başla yaxşı oynayır, yaxşı zərbələri var, amma texnikası zəifdir. Adətən biz həmin üstünlüklərini qoyuruq bir kənara, ancaq zəif tərəfləri üzərində işləyirik. Zəif nöqtələrini nə qədər inkişaf etdirəcəyin sual altındadır. Əvəzində uşaq güclü tərəflərini də unudur. Birinci prioritet üstün cəhətlərini daha inkişaf etdirmək olmalıdır. Paralel olaraq zəfi cəhətlərini də yaxşılaşdırmağa çalışmaq lazımdır.
- Son illər akademiyaların ölkə xaricindəki yarışlara qatılmasını yaxşı hal kimi qiymətləndirmək olar?
- Əlbəttə. Uşaqlar üçün yaxşı təcrübədir. Lakin bunda da problem var. Gedib zəif yarışlarda böyük hesablı qələbələr qazanmaq və ya güclü rəqiblərə böyük hesabla məğlub olmaq da inkişaf deyil. Bizə lazımdır ki, öz uşaq liqalarımız yaxşı inkişaf eləsin. Burada rəqabət artmalıdır. Ancaq xarici turnirlərə çox getməklə inkişaf etmək olmaz. İkisini bir yerdə etmək lazımdır.
- Hazırkı AFFA rəhbərliyinin fəaliyyəti gələcəyə ümid verir?
- Yeni rəhbərliyin Apreldə iki ili tamam olacaq. Düzdü, inkişaf strategiyası ilə bağlı hərəkətlilik yoxdur. Amma mətbuatdan görürük ki, baş katib Cahangir Fərəcullayev bölgələrə səfər edir. Bu çox təqdir olunmalı addımdır. AFFA-nın idman qurğuları ilə yerində maraqlanmağı gələcəyə ümid verir. Hansı işlərin görüləcəyini zaman göstərəcək. Əsas millidə yerli baş məşqçi var. Aşağı yaş qruplarında da yerli məşqçilərlə müqavilələr artırılıb. Məncə də belə olmalıdır. Yerli məşqçilər yerli uşaqları daha yaxşı tanıyır. Yerli məşqçilərə hazırkı rəhbərliyin inanması da sevindirici haldır.
- Bir qədər də özünüz barədə... Uşaq futbolunda yaxşı məşqçi problemi olduğu halda niyə siz bu qədər müddətdir kənarda qalmısınız?
- Açığı, son iş yerimdən çıxandan sonra təkliflərim oldu. Sadəcə bir qədər psixoloji olaraq özümə sakitlik vermək istədim. Həm də aldığım təkliflərdə perepektiv görmədim. Sonra da umumiyyətlə təklif olmadı.
- Ən son harda işləyirdiniz?
- "Sabah" klubunda əvəzedici komandanın baş məşqçisi kimi çalışırdım.
- Çətin deyilmi bu qədər kənarda qalmaq?
- Əlbəttə, çətindir. Mən də istərdim ki, sevdiyim peşəmin başında olum. Amma neyləmək olar (gülür). Təkliflər gələnə qədər gözləmək lazımdır.
XANOĞLAN İMANOV

