“Neftçi”nin icraçı direktoru sükutu pozdu: “Ulduz transfer gerçəkləşə bilər”

18:35 Müsahibə 175
“Neftçi”nin icraçı direktoru sükutu pozdu: “Ulduz transfer gerçəkləşə bilər”

“Neftçi”nin icraçı direktoru Cenk Sümerlə öncəki oyunlardan sonra danışmaq istəyirdik.

Lakin o, hər dəfə söhbəti sonraya saxlayır, uyğun vaxtda sualları cavablandıracağını deyirdi.

Bu dəfə alındı.

“Neftçi”nin “İmişli” üzərində qazandığı 6:0 hesablı parlaq qələbədən sonra ürək sözlərini dilə gətirən Cenk bəy ardınca qaranlıq məqamlara aydınlıq gətirdi:

- İlk növbədə Azərbaycan xalqının, azarkeşlərin, siz jurnalistlərin Ramazan və Novruz bayramlarını təbrik edirəm.

- Oyun və nəticə ürəyinizcə oldu?

- Çox yaxşı matç izlədik. Etmək istədiklərimizi meydanda ortaya qoymağı bacardıq. Oyunçularımızın keyfiyyətlərini bildiyimizdən, bu performansı onlardan çoxdan gözləyirdik. Məğlub olmasına baxmayaraq, “İmişli”ni təbrik edirəm. Əllərindən gələni etdilər. Yekunda səviyyə fərqi özünü göstərdi. Belə deyim, bir müddət “qara qışlar” keçirdik. Artıq Novruz bayramının simasında bahar fəsli gəlir. Oyunumuz yaxşılaşır və daha da yaxşılaşacaq. Addım-addım, zamanla oyun planında inkişafa nail oluruq. Bu da rəhbərlik olaraq bizi xoşbəxt edir. Texniki heyətimizə və futbolçularımıza sona qədər güvənib arxalarında dayandıq. Daha da yaxşı nəticələr olacaq. Çempionat davam edir, məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, “Neftçi” formasının haqqını verərək hədəfə çatacağıq.

- “Neftçi” “İmişli” ilə ilk iki oyunda 5 xal itirmişdi. Sanki bu gün həmin xalların əvəzini artıqlaması ilə çıxdı.

- Rəqib müdafiə və orta xətti yaxşı istifadə etməyi bacarır. Bizimlə oyunlarda deyil, digər komandalarda görüşlərdə də bunu göstərmişdilər. Bassala Sambu ilə Vensan Abubakar zədəlidir, Falaye Sako hələ tam hazır deyil. Buna baxmayaraq, məşqçilər heyəti “İmişli”ni lazımınca analiz edərək futbolçulara tapşırıqlarını vermişdi. Freddi Varqas əla oynadı, Breno Almeyda keyfiyyətlərini ortaya qoydu, Emil Səfərovu xüsusi şəkildə qeyd etmək lazımdır. Gözlədiyimiz Səfərovu artıq meydanda görməyə başlayırıq. Bu, həm “Neftçi”, həm də Azərbaycan millisi üçün çox önəmlidir.

- Bəzi futbolçuların “Neftçi” ilə sözləşməsinin müddəti mövsümün sonunda başa çatır. Müqavilələrin yenilənməsi ilə bağlı çalışmalara başlamısınız?

- Bu dəqiqə bizim üçün vacib olan mövsümü hansı pillədə və hansı şəkildə başa vuracağımızdır. Çempionatı ilk “4-lük”də bitirib avrokuboklara vəsiqə qazansaq, ona uyğun bir plan quracağıq. Burada söhbət heyəti dəyişməkdən yox, heyəti gücləndirməkdən gedir. Fikir verdinizsə, qış fasiləsində yalnız bir futbolçu – Breno Almeyda ilə gücləndik. Futbolçuların sayını çoxaldıb komandanı şişirtmək əvəzinə “Neftçi”yə fayda verə biləcək oyunçuların cəlb olunmasında maraqlıyıq. İndiki məqamda sualınıza dəqiq cavab verə bilməyəcəyəm. Oyunlar davam etsin, nəticələri görək, vəziyyətə uyğun addımlar atılacaq.

- Murad Məmmədovun Kiprin “Pafos” klubuna transferi gündəmdədir. Məsələ ilə bağlı son durum nə yerdədir?

- Son durum odur ki, “Pafos”un Murada ciddi marağı var. Özü də qarşısına ölkə xaricində oynamaq məqsədini qoyub. Biz Murada sahib çıxdıq. Hər bir halda bizim övladımızdır. Arzusuna çatmaq istəyinə hörmətlə yanaşırıq. Danışıqlar müsbət başa çatarsa, Muradı buradan qürurla yola salacağıq.

- Bu gün meydana çıxmaması getmək istəyi ilə bağlı idi?

- Xeyr-xeyr, bununla əlaqəsi yoxdur. Murad əvvəlki oyunlarda meydana çıxmışdı, onun mövqeyində Breno da var. O da şans qazanmalıdır. Elə bir şey yoxdur. Yenə deyirəm, Murad bizim övladımızdır, harasa getsə, onun yaxşılığı üçün dua edib, oyunlarını izləyəcəyik.

- Əksər vaxtlarda futbolçu klubuna pul qazandırmaq üçün müqaviləsinin müddəti başa çatmamışdan əvvəl yeni sözləşməyə imza atır. Muradın anlaşmasının yaya qədər olduğunu nəzərə alsaq, “Neftçi”nin bu transferdən gəlir əldə etməsi üçün müqavilənin artırılması mümkündür?

- Bu, ötən ildən bu yana diqqətimizdə olan məsələdir. Özü bu işdə maraqlı tərəf olmadı, müqavilənin müddətini uzatmaq istəmədi. Azad agent statuslu futbolçunu cəlb etmək daha asandır. Ona görə də Muradın qərarını anlayışla yanaşırıq. Yekunda pul qazanmayacağıq deyə bir şey yoxdur. Hər bir halda klubun yetirməsi olduğu üçün keçiddən “Neftçi”nin büdcəsinə müəyyən vəsait daxil olacaq. Muradın legioner həyatı yaşaması digər gənc futbolçularımız üçün yaxşı nümunə ola bilər. Əlbəttə, hər bir klub yetirməsinin transferindən pul qazanmaq istəyir. Ancaq burada önəmli olan “Neftçi”nin akademiyasında yetişən gənclərin Avropa klublarına üz tutmasıdır. Məmmədovun daha çox oynaması ilə Azərbaycan millisinə cinah oyunçusu qazandırmış olarıq. Bu dəfə məşqçilər onu U-21-ə dəvət etdi. Lakin onun əsas millidə də yeri var.

- “Neftçi” avrokuboklara vəsiqə qazansa, yayda Abubakar səviyyəsində ulduz futbolçunun transferi mümkün ola bilər?

- “Neftçi” üçün hər şey mümkündür. Abubakar bura şans əsəri olaraq yox, “Neftçi”ni istəyərək gəldi. Baş məşqçimizin ehtiyac duyduğu mövqelər barədə mesaj alandan sonra əlimizdəki vəsaitə baxıb, onu diqqətli xərcləmək barədə düşünəcəyik. Təbii ki, ulduz transfer gerçəkləşə bilər. Onsuz da “Neftçi”nin hər futbolçusu ayrı-ayrılıqda ulduzdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti