“Araz-Naxçıvan”ın kabo-verdeli legioneri Patrik Andrade Sportinfo.az-a müsahibə verib.
32 yaşlı yarımmüdafiəçi komandasının “Karvan-Yevlax” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra sualları cavablandırıb.
- Qələbəni çətinliklə əldə etdiyinizi nəzərə alsaq, autsayder rəqibdən belə oyun gözləyirdiniz?
- “Karvan-Yevlax” sonuncu pillədə olsa da, mübariz kollektivdir. Son iki oyunda məğlub olmaması bizimlə matçda onlarda inam yaratmışdı. İlk hissəni yaxşı keçirdik və lazım olan qolları vurduq. Fasilədən sonra “Karvan-Yevlax” pressinq etməklə oyun qurmağımıza imkan vermirdi. Buna baxmayaraq, yaxşı imkanlarımız oldu, hesaba alınmayan qol vurduq. Sadəcə 2:1-dən sonra oyuna nəzarət etmək çətin idi. Çünki bərabərlik qolu üçün üsütümüzə gəlirdilər. Önəmli olan 3 xal idi, onu da qazandıq.
- Qış fasiləsinə qədər görməyə alışdığımız inamlı “Araz-Naxçıvan” indi daha qorxaq, daha həyəcanlı təsir bağışlayır. Rəqiblər də bundan maksimum istifadə edir. Səbəbi nədir?
- Yeni baş məşqçi gəlib. O, bizdən oyun fəlsəfəsinə uyğunlaşmağı tələb edir. Qısa müddətdə hər şeyi dəyişmək asan deyil. Bəzən nəyisə düz etmirik, çətinliklə üzləşirik. Bu proses müəyyən qədər vaxt tələb edir.
- Baş məşqçinin fəlsəfəsinə uyğunlaşana kimi çempionat başa çatacaq.
- Mövsümün gedişində edilən məşqçi dəyişikliyi bəzən belə fəsadlara yol açır. Çünki hər məşqçinin özünə görə oyun planı var. Təbii ki, dəyişiklik etmək, yeni tapşırıqları həyata keçirmək çətindir. Edə biləcəyimiz başqa heç nə yoxdur. Öyrəşməli və daha yaxşısını etməliyik.
- Andrey Demçenko 90 dəqiqə fasilə vermədən futbolçulara qışqırır, sanki meydandakı komanda üzvlərini pultla idarə edir. Bu fakt sizə necə təsir edir?
- Mən meydanda olanda heç nə eşitmirəm. Çünki fikrimi tam olaraq oyuna yönəldirəm. Yalnız vacib olanları eşidirəm. Başqalarının adından danışa bilmərəm. Mənim üçün problem yoxdur.
HƏBİB

