“Neftçi”nin yeni rəhbəri ilk müsahibəni “Sportinfo”ya verdi

20:00 Müsahibə 224
“Neftçi”nin yeni rəhbəri ilk müsahibəni “Sportinfo”ya verdi

2025-ci ilin “Neftçi” İdman Klubu üçün uğurlu alındığını deyə bilərik.

Ölkədaxili və beynəlxalq yarışlara qatılan idmançılar ümumilikdə 1172 medal qazanmaqla yadda qaldı ki, bu da ciddi nailiyyətdir.

Bundan başqa, ötən ilin may ayında İspaniyanın Barselona şəhərində “Neftçi” İK ilə Yohan Kroyff İnstitutu arasında imzalanan Əməkdaşlıq Memorandumu inkişafa doğru addım kimi qiymətləndirilə bilər.

2026-cı ilin planları və digər mövzularla bağlı suallara cavab tapmaq üçün vaxtilə “İnter” və “Səbail” futbol klublarında mühüm postlarda yer almış, hazırda “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini, icraçı direktoru əvəz edən Fərəc Əliyevlə danışdıq.

Yeri gəlmişkən, bu, Fərəc bəyin yeni vəzifəyə təyinatından sonra mətbuata ilk müsahibəsidir.

- Təxminən 15 illik futbol fəaliyyətindən sonra 30-a yaxın idman növünü özündə birləşdirən “Neftçi” İdman Klubunda çalışmaqdasınız. Oxşarlıqlar məlumdur, hər ikisi idman sahəsidir. Maraqlıdır, fərqliliklər nədən ibarətdir?
- Arada ciddi fərqin olduğunu deməzdim. Özünüz də qeyd etdiyiniz kimi, hər bir halda idman sahəsidir. Qarşımızda duran əsas məqsəd ölkəmizin adına bacarıqlı idmançıları üzə çıxarıb inkişaf etdirmək, onların uğur qazanmasına şərait yaratmaqdır. Burada vacib məqam məşqçilərə kömək etmək, yeniyetmələrdən tutmuş peşəkar idmançılara qədər, hər kəsin rahatlığını təmin etməkdir. Əsas vəzifəmiz məşqçilər üçün əlverişli şərait yaratmaqdır. Çünki idmançılarla çalışan, onları inkişaf etdirən məhz məşqçilərdir. Futbolla bağlı əsas fərq odur ki, orada yalnız bir idman növünün inkişafına diqqət yetirirsənsə, burada 22 təkmübarizlik və 4 komanda idman növünə cavabdehlik daşıyırsan. Burada dinamika böyükdür. Yanvar ayında güləş üzrə Respublika birinciliyi təşkil olundu və başa çatdı. Ardınca boks yarışı start götürdü. Boks başa çatan kimi cüdo başlayacaq.

- 2025-ci ili “Neftçi” İK adına məhsuldar hesab edə bilərik. Hər halda 1172 medal uğurlu göstəricidir, bəs 2026-cı ildən nə gözləyirsiniz?
- Qeyd etdiyiniz 1172 medal tək ölkədaxili yarışlarda yox, VI İslam Həmrəyliyi Oyunlarında, III MDB Oyunlarında, dünya və Avropa çempionatlarında, Olimiya, paralimpiya və qeyri-olimpiya idman növlərində qazanılıb. 2025-ci ildə ilk dəfə basketbol komandamız FİBA-da iştirak etməklə yadda qaldı. Son oyuna qədər qrupdan çıxmaq şansımız var idi. Gözlənilməz zədələr, həm də təcrübəsizlik səbəbindən növbəti mərhələyə yüksələ bilmədik. Odur ki, 2025-ci ili uğurlu hesab edə bilərik. 2026-cı il də “Neftçi” İdman Klubu üçün məhsuldar başlayıb. Sərbəst və yunan-Roma güləşində Respublika çempionatında komanda hesabında birinci yeri tutduq. Boksda da həmçinin. Hazırda kişilərdən ibarət voleybol komandamız uğurlu çıxış edir. Futzal komandamızla yanaşı, “Qaradağ Lökbatan” futbol komandası da birinci pillə uğrunda mübarizə aparır. Ümid edirik ki, 2026-cı il də “Neftçi” İdman Klubu və ən əsası, ölkəmizin idmanı adına uğurlu alınacaq. Çünki biz burada ölkə idmanının inkişafı və mümkün uğurları adına çalışırıq. Bir söz deyim.

- Buyurun.
- Bizim üçün prioritet məsələ təkcə peşəkar yox, eyni zamanda yeniyetmə və gənc idmançılara dəstək vermək, onların inkişafına nail olmaqdır. “Neftçi” İdman Klubunın dörd idman qurğusu var və hər birində məşqlər hamı üçün ödənişsizdir. Əlbəttə, medal qazanmaq vacibdir, xoş haldır. Bununla yanaşı, yeniyetmə və gənclərin inkişafına da xüsusi diqqət ayırırıq.

- Nəticələr göz oxşayır, bu, öz yerində. Bəs, bu gün sizi narahat edən, çətinlik yaradan məqamlar hansılardır?
- Hansısa problemin olduğunu deyə bilmərəm. İdman yerində dayanmır. Hər sahədə olduğu kimi, burada da yeniliklər, dəyişikliklər müşahidə olunur. Biz də öz növbəmizdə maksimum inkişaf etməyə çalışmalıyıq və çalışırıq. İstər qurğularla bağlı olsun, istər məşqçilər, istərsə də ofis və texniki işçilərlə əlaqəli. Bu gün üçün əsas hədəflərimizdən biri 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qazanacağımız uğurlarla ölkəmizin bayrağını ucaltmaq, himnimizi səsləndirməkdir. Bunun üçün dayanmadan çalışırıq.

- Olimpiadaya 2 ildən artıq vaxt var. Artıq indidən hazırlıqlara start verilib?
- Hər olimpiada ilində olduğu kimi, məşqçi və idmançılara dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq. İndiyə qədərki olimpiadalarda “Neftçi” İdman Klubunun idmançıları Olimpiya “qızıl”ını qazanıb. 2024-cü ildə Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında xalqımıza qızıl medal sevincini yaşadan Hidayət Heydərov “Neftçi” İdman Klubunun idmançısıdır. Daha öncə Sidney-2000-də Namiq Abdullayev, Afina-2004-də Fərid Mansurov, Pekin-2008-də Elnur Məmmədli, London 2012-də Toğrul Əsgərov “qızıl” qazanmışdı. Ümid edirik ki, 2028-ci ildəki olimpiada da ölkəmiz üçün uğurlu olacaq.

- Qurğuların uzun illərdir istifadədə olduğunu nəzərə alsaq, onların yenilənməsi, şəraitin yaxşılaşdırılması yönündə nə kimi işlər görülməkdədir?
- Sumqayıt Təlim-İdman Zalı digərləri ilə müqayisədə yenidir. Öz tərəfimizdən lazım olan inventarlarla təchiz etmişik. Lökbatandakı Qaradağ Təlim-İdman Bazasında istilik sistemi bərpa olunub, kosmetik işlər görülüb, süni örtük yenilənib. Hazırda sizinlə danışdığım müddətdə orada təmir işləri görülməkdədir. Eyni sözlər Suraxanıdakı Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksinə də aiddir. Orada da kosmetik işlər görülür, çatışmazlıqlar aradan qaldırılır. Hansısa problem yarananda, onu dərhal aradan qaldırmağa çalışırıq ki, məşqçi və idmançılar çətinliklə üzləşməsinlər. Yeri gəlmişkən, klubumuz üçün hər cür şərait yaratdıqlarına, eləcə də idmançılarımıza göstərdikləri böyük diqqət və qayğıya görə SOCAR-ın rəhbərliyinə və “Neftçi” İdman Klubu İdarə Heyətinin sədri cənab Hafiz Zeynalova dərin minnətdarlığımı bildirirəm.
- Ötən ilin yayında Yohan Kroyff İnstitutu ilə imzalanan Əməkdaşlıq Memorandumu ilə bağlı hansı ciddi addımlar atılıb və ya nəzərdə tutulub?
- Bu işə artıq start verilib. “Neftçi” İdman Klubunun 10-a yaxın işçi əməkdaşı kurslarda iştirak edəcək. Əməkdaşlarımızın kurslarda iştirak etməsi iş fəaliyyətinin inkişaf etdirilməsinə və yeniliklərlə tanış olmasına hesablanıb. Yenə deyirəm, idman yerində dayanmır, durmadan inkişaf edir. Biz də inkişaf etmək, dünyada baş verən innovasiyaları öyrənmək üçün imzalanan Memorandumdan maksimum yararlanmağa çalışmalıyıq. İdmanın inkişafı təkcə məşqçilərlə idmançılardan ibarət deyil. Özümüz də idmandakı yeniliklərlə ayaqlaşmalı, nələrisə öyrənməliyik.

- Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Neftçi”dən nə gözləyirsiniz?
- Ötən il finala yüksəlməyi bacarmışdıq. Bu il də ümidimiz finala doğru inamla irəliləməkdir. Proqnoz verməyi sevmədiyim üçün indidən nəsə deyə bilmərəm. Basketbolçularımıza inanaraq mövsümün sonunu uğurlu nəticə ilə başa vuracağımızı düşünürük.

- II Liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın qarşısına I Liqaya qayıtmaq hədəfi qoyulubmu? Şansları necə qiymətləndirirsiniz?
- Əlbəttə, hədəf çempionluqdur. “Qaradağ Lökbatan”ın yeri II Liqa deyil. 14 turdan sonra “Qaradağ Lökbatan” “Xankəndi” ilə eyni xala (39) sahib olmaqla, top fərqinə görə birinci pillədə qərarlaşıb. Fevralın 24-də bu iki komandanın arasında oyun olacaq. Baş məşqçi Qəzənfər Abbasova komandanı I Liqaya qaytaracağı ilə bağlı böyük ümidlər bəsləyirik.

- Kişilərdən ibarət voleybol komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Futbolda “Qaradağ Lökbatan”, voleybolda və futzalda “Neftçi” komandalarının çempionluq şanslarını yüksək dəyərləndiririk. Əslində, basketboldan da gözləntimiz böyükdür. Qarşıda pley-off mərhələsi var. Finala yüksəlib, həlledici oyunda uğurlu çıxış etməklə çempionluğu bayram etmək mümkündür. “Neftçi” yer aldığı bütün turnirlərdə birinci yeri hədəf seçib.

- Premyer Liqadakı “Neftçi” futbol komandasının durumu barədə nə deyə bilərsiniz?
- Yeni baş məşqçi Yuri Vernidubun gəlişindən sonra oyun və nəticə baxımından irəliləyiş nəzərə çarpır. İmkan daxilində oyunları izləməyə, azarkeşlik etməyə çalışırıq. Avrokuboklara vəsiqə qazanmaq şansını kifayət qədər yüksək qiymətləndirirəm.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti