24-cü turun mərkəzi qarşılaşmasında qələbəyə sevinən “Qarabağ” oldu.
Zirə İdman Kompleksinin stadionunda yerli komandanın qonağı olan “köhlən atlar” 90 dəqiqənin tamamında 3:1 hesablı qələbəni bayram etdi – 3:1.
Sportinfo.az-a müsahibə verən İsmayıl İbrahimli matçla və digər məqamlarla bağlı sualları cavablandırıb.
- “Qarabağ”ın qələbəsi gözlənilməz olmadı ki?
- “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. İndi elə dönəmdir ki, 3 xal həm onlar, həm də bizim üçün olduqca vacib idi. Uduzsaq da, layiqincə mübarizə apardığımızı düşünürəm. Yəni “Qarabağ”ın rahat qələbə qazandığını deməzdi. Bəzi epizodlarda şans tərəfimizdə olsaydı, xal qazana bilərdik. Xüsusən 0:0 olarkən hesabı açmaq üçün yaxşı imkanımız var idi.
- İki epizodda rəqibin qapısına penalti şübhəsi var idi. Bu barədə fikrin necədir?
- Açığı, hələ ki, təkrara baxmamışdım. Amma baxanların dediyinə görə, xüsusən ikinci epizodda rəqib futbolçu (Elvin Cəfərquliyev – H.) cərimə meydançası daxilində topa əllə toxunub.
- “Qarabağ”da hansı keyfiyyətlərdə uduzduğunuzu düşünürsən?
- Artıq oyun geridə qalıb. Bundan sonra nələrisə sadalamaq heç nəyi dəyişməyəcək. “Qarabağ”ın gücü göz qabağındadır. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Növbəti görüşlərdə xallar qazanmalıyıq.
- “Zirə”dən sonrakı pillələrdə yer alan “Araz-Naxçıvan” və “Neftçi”ylə xal fərqi azalır.Bu məqam kollektivdə psixoloji baxımdan problemlərə yol aça bilər?
- Bura qədər yaxşı gəlmişik. Bundan sonra hər şey öz əlimizdədir. Elə etməliyik ki, bizə yaxınlaşa bilməsinlər, əksinə, xal fərqini artıraq. Hətta 10 xal irəlidə olsaq belə, yenə hər matça qələbə üçün çıxacağıq. Çempionat gözlədiyimizdən gərgin keçir. Gərginlik get-gedə daha da artacaq. Məncə, vəsiqələrin taleyinə son turlarda aydınlıq gələcək. İndidən nəsə demək çətindir.
- 4-cü pilləni “Zirə”dən ala biləcək komanda “Araz-Naxçıvan”dır, yoxsa “Neftçi”?
- Bütün rəqiblərdən təhlükə gözləməliyik, hətta adını demədiyiniz “Sumqayıt”dan da. Birini digərindən fərqləndirə bilmərəm. Bu gün Premyer Liqada asan udulacaq komanda yoxdur. Lakin əsas məqsədimiz öz oyunumuza və nəticələrimizə baxmaqdır. Bu gün 4-cü pillədəyiksə, o yeri qorumalı, bacardıqca irəli getməliyik.
HƏBİB

