Bu gün hər kəsi sevindirən millimizi sabah nələr gözləyir? - ŞOK FAKTLAR bizdə

Bu gün hər kəsi sevindirən millimizi sabah nələr gözləyir? - ŞOK FAKTLAR bizdə

Qələbə hər zaman dəyərlidir.

Çəkisindən, zamanından, rəqibin kimliyindən asılı olmayaraq.

Hətta məhəllədə heç bir əhəmiyyəti olmayan həvəskar futbol matçında belə uğurlu sonluq sevinc gətirir.

Ona görə də Azərbaycan millisini "FİFA Series-2026"nın qalibi olmasına görə aşağılamağın qəti əleyhinəyəm. Buna cəhdlər aşkar görünür. Futbolçular nə etməli idi? Rəqib zəifdir deyə meydanda uduzmalı, yoxsa vurulan qola, təqdim olunan kuboka görə göz yaşı axıtmalı idi?

Belə məqamda bizə düşəni təbrik etməkdir.

Xüsusilə millinin ilk uğurunun arxasında yerli məşqçinin olması ikiqat xoşdur.

İnanın ki, Fernandu Santuş kimi əcnəbilərlə heç bu da olası deyildi.

Necə ki, Qurban Qurbanov Millətlər Liqasında qrup lideri olmağı son turda Kosovaya uduzmaqla əldən vermişdi. Hətta buna görə istefaya da göndərilmişdi.

Əvəzində qısa müddət sonra Canni De Byazinin rəhbərliyi altında yığma komanda Millətlər Liqasında sonuncu olmaqdan sonuncu turda xilas olmuşdu. Qarşılığında isə əcnəbi baş məşqçi ilə yeni müqavilə imzalanmışdır.

Hazırkı AFFA rəhbərliyinin ən doğru addımı Ayxan Abbasovla yola davam etmək qərarı verməsidir.

Hə, təcrübəli mütəxəssis bizi böyük turnirlərə aparası deyil.

Kimsə bunu iddia da etmir.

Heç seçmə mərhələlərdə də möcüzə axtarmağa dəyməz.

Amma əminliklə deyirəm ki, milli De Byazi, Fernandu Santuş kimi qocaların dövründən daha "diri" olacaq. Nəticələri ən azı onlardan pis olmayacaq. Milyonlar da havaya sovrulmayacaq.

Ümumiyyətlə, böyük uğurlar istəyiriksə, bir az böyük düşünməliyik.

Bunun üçün baş məşqçi dəyişmək yox, futbolçu yetişdirmək lazımdır.

Bəli, son turnirdə hər iki görüşdə qələbə qazanıldı, amma problemlər də gözdən qaçmadı.

Sent Lüsiya həvəskar komanda idi. Onu qoyuram bir kənara...

Daha peşəkar olan Syerra-Leone də səviyyəcə yığmamızdan geri qalırdı. Yenə kimsə müqavilə ilə "Mançester Siti"yə məxsus olan Juma Bahı xüsusi qabardacaq.

Amma buraxılan qolda həvəskar səviyyəli qapıçını xatırladan Mamado Jallohdan danışmayacaq. Finlandiyanın ortabablarından VPS-nın ehtiyat qapıçısı olmasını, millidə ilk dəfə meydana çıxmasını dilə gətirməyəcək.

Rahil Məmmədovun əla qolundan danışan, rəqib qolkiperin qoldakı payından söz açmayacaq.

Azərbaycan millisində əsas heyətdə 25 yaşdan aşağı cəmi 1 oyunçu - Emil Səfərov vardı. Syerra-Leonedə əsas heyətin 5 üzvünün heç 21 yaşı tamam olmayıb.

Yığmamızın heyətinin yarısı 30+ olduğu halda, rəqibin heyətində cəmi 2 belə oyunçu yer alırdı.

Penaltilər seriyasında əksəriyyətinin ayağı-ayağına dolaşırdı.

Təəssüf ki, kiçik istisnalar xaric əksəriyyət ikiyə bölünüb.

Uğuru şişirtmək istəyənlər rəqibin heyətində "Mançester Siti"yə məxsus oyunçunun olmasını qabardır.

Qələbəni kiçiltmək istəyənlər isə rəqiblərin aşağı səviyyəsini, xüsusilə buraxdığı qolu daha çox müzakirə edir.

Hər iki tərəf ortaya haqlı arqumentlər qoyur.

Amma niyyət xoş deyil.

Futbolumuz məhz bu cür yanaşmalara görə yerində sayır.

Şəxsi maraqlar futbolumuzun sonunu gətirib.

İsrarla günahkar axtarışına çıxmışıqsa, o nə Ayxan Abbasovdu, nə millinin futbolçuları.

Heç hazırkı AFFA rəhbərliyi də deyil.

Bugünkü günümüzün əsas baiskarı Rövnəq Abdullayev və Elxan Məmmədov tandemidir. Məhz ikilinin dövründə verilən qərarlar - 8 komandalı Bakı çempionatı, işləməyən reqlament, aşağı liqaların yoxluğu ölkə futbolunu yerin dibinə soxdu.

Problemlərimiz çox dərindir. Sent Lüsiya və Syerre-Leona üzərində qələbələr yaralarımıza məlhəm ola bilməz.

Baş məşqçi Ayxan Abbasov da bunun fərqindədir.

Oyundan sonrakı "Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Ancaq bu oyun bizim üçün siqnallar verdi. Biz də artırmalıyıq" açıqlaması boşuna deyildi.

Bəli, mənə görə də bu cür millini 90 dəqiqədə məğlub edə bilməmək yaxşı hal deyil.

Vəziyyət hamımızı narahat etməlidir.

Yığmanın qapısı "Neftçi"nin, "Qarabağ"ın da yox, "Zirə"nin 30 yaşlı ehtiyat qapıçısının ümidinə qalıbsa, müdafiə xətti hələ ötən yay karyerasını bitirməyi düşünən 34 yaşlı Bədavi Hüseynovdan qurulursa, hücum xətti bu mövsüm qol siftəsini etməyən 26 yaşlı Renat Dadaşova bel bağlayırsa, deməli, böyük faciələr qapıdadır.

Kimsə deyə bilər ki, yığma hazırda D liqasındadır.

Bundan böyük faciə?

Bəli, orada qalmağımız.

Bəlkə də əksəriyyət rahatdır ki, Litva və Lixtenşteyni asanlıqla udub C Liqasına vəsiqə qazanacağıq.

Mən də elə düşünürdüm...

Amma Litvanın Moldova və Gürcüstanla görüşlərini izlədikdən sonra o rahatlıqdan əsər-əlamət qalmayıb.

Adamlar əməlli-başlı futbol oynayırlar.

Heyətlərinə baxanda gözüm kəlləmə çıxdı, şoka düşdüm.

Əsas heyətdən 9-u legioner həyatı yaşayır.

Özü də "Cluj"da, "MTK Budapeşt"də, "Çelye"də, "İstanbulspor"da, "Maribor"da, "Riyeka"da.

Yox, hələ bu harasıdır.

Yarımmüdafiəçiləri Gvidas isə "Torino"da çıxış edir.

Bu mövsüm İtaliya A seriyasında 22 oyun keçirib.

5.5 milyon avro qiyməti olan oyunçu üçün Almaniya klubları sıraya düzülüb.

Heyətin yarısı 21-22 yaşlarında gənclərdən qurulub.

Deyəsən, Basketbolu ilə tanınan Litva da futbolda inkişaf etməyin yolunu tapıb, amma biz yerimizdə sayırıq.

Litvanın U-19 komandası azərbaycanlı həmyaşıdlarını 4:0 udursa, deməli yuxarıdakı faktlar təsadüf yox, görülən düzgün işin bəhrəsidir.

Biz isə 21-ci əsrdə legioner limitini ləğv etməyimizi onunla əsaslandırırıq ki, yerli oyunçular məcbur qalıb legioner həyatı yaşasın. Hələ də başa düşməmişik ki, limitin olması və ya ləğvi yerli oyunçu yetişdirən sistem, mexanizim deyil.

Bunun üçün əllərimizi çırmalayıb akademiyalarda işə başlamalıyıq.

Dövlətin ayırdığı milyonlar futbolçu yetişdirməyə sərf olunmalıdır.

Ki, hər il 2.5 milyon dövlət dotasiyası alan Premyer Liqa klubları gənc istedadları Nigeriyanın Laqos şəhərində yox, Gəncədə, Lənkəranda, Sumqayıtda, Tovuzda, Qubada axtarsınlar.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti