MOİK-in sabiq məşqçisi, uzun müddət "Qarabağ" klubunun akademiyasında çalışmış Elnur Əliyev Sportinfo.az-a müsahibə verib.
Gənc mütəxəssis karyerasını ABŞ-da davam etdirməyə qərar verən Nəriman Axundzadənin bir neçə il baş məşqçisi olub. Hücumçunun parlamansında müstəsna xidmətləri olub.
Məhz bu səbəbdən Əliyevlə müsahibəyə də yetirməsi ilə bağlı sualla başladıq.
- Üzərində böyük əməyin olan Nəriman Axundzadənin ABŞ-a getmək qərarını necə qarşıladın?
- Nəriman Axundzadənin qərarını müsbət qarşıladım. Uzun müddət idi legioner həyatı yaşamaq istəyirdi. Nəhayət, öz arzusuna çatdı. Qalır bundan sonra oyunu ilə hər zaman olduğu kimi diqqət mərkəzində qalmağı. İnanıram ki, ABŞ-da ölkəmizi layiqincə təmsil edəcək. Dünən artıq debüt etdi. Bizim üçün sevindirici hadisədir. İlk dəfə MLS-də bir azərbaycanlı oyunçu meydana çıxdı. İnşallah, tez bir zamanda adaptasiya prosesini arxada qoyar. İnşallah, "Qarabağ"la Avropada vurduğu qolların davamını ABŞ-da gətirər.
- Okeanın o tayına üz tutandan sonra danışmaq fürsətin olub?
- Gedəndən sonra 3-4 dəfə danışığımız olub.
- İlkin təəssüratları necədir?
- Komandada hər kəs tərəfindən xoş qarşılandığını bildirdi. İlk təəssüratları xoşdur. Hansı məsuliyyətin altına girdiyini başa düşür. Çıxışı ilə tənqidlərə son qoymaq əsas məqsədidir. Ən əsası ilk günlər gözlədiyində də yaxşı keçir.
- Qayıdaq ölkəmizə... Yenidən qurulan U-20 millisinə əcnəbi baş məşqçi təyin olundu. Qərarı necə qarşıladın?
- Məncə, yerli mütəxəssis olsa, daha yaxşı olardı. Amma yeni gələn əcnəbi baş məşqçinin karyerasına baxanda yaxşı olduğu görünür. İnanıram ki, Azərbaycan U-20 millisi onun rəhbərliyi altında dünya çempionatında uğurlu çıxış edəcək.
- Yeni milli komanda dünya çempionatında nəyə nail ola bilər?
- Ciddi uğur qazanacağımız inandırıcı deyil. Amma ən azından uşaqlar gələcəkdə əsas millidə olmaq üçün özlərini daha yaxşı tərəfdən göstərməlidirlər.
- Hazırda 17-18 yaşı olanlar U-20 millisində çıxış edəcək. Həmin yaşda normal oyunçularımız varmı?
- Bu gün Premyer Liqada az sayda o yaşda oyunçumuz var. Klubların üzərinə böyük məsuliyyət düşür. Artıq yarışın başlamasına az vaxt qalıb. Seçilən oyunçular xüsusi diqqət görməli, daha çox oynamalarına şərait yaradılmalıdır. U-20 millisinə dəvət olunacaq oyunçular ən azı davamlı əsas komandada məşq etməsini təmin etmək lazımdır. Açığı, real baxası olsaq, yüksək liqadada oynamaq potensialı olan oyunçularımız azdır. Xaricdən kimlərisə gətirə bilərikmi? Bu, ciddi sual olaraq qalır. Cavab vermək çətindir.
- Niyə yeni gələn nəsildə parlayan simalar azdı?
- Nə vaxta kimi Azərbaycan futbolunda akademiyalar ikinci, üçüncü planda olacaqsa, uşaqlar da böyük problemlər yaşayacaq. İstedadlı futbolçularımız var, amma onların inkişafı üçün normal çempionat, rəqabət varmı? Bu suallara cavab tapmaq lazımdır. Hər klubda əsas komandaya yüksələcək 1-2 oyunçu ancaq olar. "Sumqayıt" bu baxımdan istisnadır. Çünki akademiya uşaqlarına ən çox şans verən "Sumqayıt"dı. Xüsusilə legioner limitinin ləğvini qeyd edərdim. Bu qərar gələcəyimizə vurulan zərbədir. Uşaqlarımızın inkişafına ciddi zərbə vurur. İnanıram ki, buna qarşı bir tədbir görüləcək. Azərbaycanlı uşaqların yolunu açmaq lazımdır.
- Özün uzun illər uşaq futbolunda olmusan. Futbolumuzun fundamentində hansı problemlər var?
- Fundamentdə daha savadlı, bacarıqlı məşqçilər işləməlidir. Təməldən düzgün istiqamət vermək lazımdır. Ölkə üzrə rəqabət yaradılmalı, ədalət prinsipləri qorunmalıdır. Ölkədə akademiyalar qurulmalıdır. Nə vaxta kimi bu olmayacaq, biz yalnız hər klubdan maksimum 1-2 yaxşı oyunçuya ümid edə bilərik. Onların da əsas komandada oynaması 50-50-yə olur. Mütləq yaxşı akademiyalar qurulmalı, yaxşı məşqçilər iş başında olmalıdır. Başdan getdi məşq keçməklə, uşaqların qabağına top atmaqla inkişaf olmur. Ümidvaram ki, qısa müddətdə bu problemlər öz həllini tapacaq. Hazırkı məşqçilərin 80%-i çox şey öyrənməlidir.
- İnkişaf etmək istəyiriksə, nələrə diqqət etməliyik?
- Qeyd etdiyim kimi, mütləq akademiyalar qurulmalıdır. Ölkənin dörd bir tərəfindən yaxşı uşaqlar seçilməlidir. İstedadlı oyunçular akademiyalara cəlb olunmalıdır. Yaxşı təhsil almalarına şərait yaratmaq ən vacib prinsiplərdən olmalıdır. Uşaq futbolunda olan qruplar ildə ən azı iki dəfə beynəlxalq turnirlərdə iştirak etməlidir. Bundan sonra inkişafdan danışa bilərik.
XANOĞLAN İMANOV

