Azərbaycanda futbol klubu satılır. II Liqada mübarizə aparan «Araz Saatlı»ya qiymət qoyulub.
Cəmi 35 min manat ödəyən istənilən şəxs klubu öz adına keçirə bilər.
Hazırda aran təmsilçisinin təsisçisi və prezidenti Ədalət Abdullayevdir. O, 3 ilə yaxındır ki, «Araz»ın bütün ağırlığını öz üzərində daşıyır.
Saatlıda fəaliyyət göstərən heç bir şirkət və ya iş adamı ona maddi-mənəvi köməklik göstərmir. Meydanda tək qalıb.
Əlbəttə, başqa sahədən normal qazancı olmayan bir fərd üçün klubu yaşatmaq çox müşkül məsələdir. Odur ki, Ədalət bəyin xeyli borcu əmələ gəlib.
İmkansızlıq «Araz»ın turnir cədvəlindəki yerindən də görünür. Bölgə təmsilçisi 20 tur ərzində vur-tut 8 xal toplayıb.
Aktivində 2 qələbə və eyni sayda heç-heçə olan kollektiv 16 dəfə məğlubiyyətlə üzləşib. Son sırada yer alan «Araz» 11-ci yerdəki «Ağdaş»dan 6 xal geridədir.
Çempionatda ikinci mövsümünü keçirən aranlılar həqiqətən ciddi maliyyə böhranı yaşayır.
Digər iştirakçılardan fərqli olaraq, AFFA Saatlı komandasına maliyyə dəstəyini dayandırıb. Artıq 3 aydan çoxdur ki, federasiya kubun yardım paketini «dondurub».
Bu məbləğin hər ay üzrə 5800 manat olmasını nəzərə alsaq, «Araz»ın neçə vəziyyətlə qarşılaşmasını təsəvvür edərik.
Çünki göstərilən vəsait heç bir yerdən maddi dəstək almayan, sponsoru olmayan saatlılar üçün böyük puldur. «Araz» dekabr, yanvar və fevral ayının yardım paketini nə vaxt alacağını bilmir.
Problemin nədən qaynaqlanmasını artıq araşdırmışıq. Saytımıza məlum olub ki, bunun kökündə Asim İbrahimovun AFFA-ya şikayəti dayanır.
Ötən mövsümün gedişində komandanın sükanı arxasına keçmiş və 3 ay sonra istefaya göndərilmiş baş məşqçi klubdan federasiyaya müraciət edib.
O, «Araz-Saatlı»nın müqavilə öhdəliklərini yerinə yetirmədiyinə dair ərizə yazıb. Həmin ərizəyə görə, aranlılar İbrahimovla 2500 manat aylıq maaş şərtiylə 1,5 illik müqavilə imzalayıb.
MOİK-in sabiq çalışdırıcısı ona təzminat ödənilməsini tələb edib. Sənədləri araşdıran qurum adıçəkilən mütəxəssisi şikayətində haqlı çıxarıb.
Problemin həlli indi yalnız bir halda mümkündür - «Araz-Saatlı» həmin borcu bağlamalıdır. Əks halda, maliyyə «krant»ı heç vaxt açılmayacaq.
SPORTİNFO.AZ

