"Xəyalım "Neftçi"nin əfsanəsi olmaqdır" - MÜSAHİBƏ

15 Mart 22:55 Müsahibə 324
"Xəyalım "Neftçi"nin əfsanəsi olmaqdır" - MÜSAHİBƏ

Ot kökü üstə bitər. Qurbanovlar ailəsində olduğu kimi.

"Qarabağ", "Qəbələ", "Şəfa", "Saypa" (İran) kimi klublardakı çıxışı ilə futbol ictimaiyyətinə yaxşı tanış olan veteran futbolçu Sənan Qurbanovun övladı da idmanın şahı ilə məşğuldur.

Söhbət Ömər Qurbanovdan gedir.

"Neftçi -2"nin 20 yaşlı oyunçusu 2026-cı ilə fırtına kimi başlayıb.

Atası kimi hücumçu mövqeyində çıxış edən oğul qolları sıralayır.

Meydana çıxdığı 5 görüşdə 5 qolla yadda qalıb.

Onun "ağ qaralar"dakı əla performansını diqqətdən qaçıra bilməzdik.

Gənc forvard Sportinfo.az-a müsahibəsində həm uğurlu çıxışından, həm də gələcək karyerasından danışıb.

- Son 5 oyunun hamısında qol vurmaqla diqqətləri üzərinə çəkə bilmisən. İlk olaraq performansın barədə nələr deyərdin?

- Son oyunlarda qol vurmağım mənim üçün sevindiricidir. Amma bu təkcə mənim yox, bütün komandanın əməyidir. Komanda yoldaşlarım və məşqçilərin dəstəyi sayəsində belə performans göstərə bilirəm Ümid edirəm ki, bunu davam etdirərək komandama daha çox kömək edəcəm.

- Daha əvvəl karyeranda belə seriya olub?

- Bəli bənzər hal daha əvvəl də yaşanıb.

- Qış fasiləsindən sonrakı bu cür çıxışına əsas komandanın baş məşqçisi Yuri Vernidubun hər hansı reaksiyası olubmu?

- Şəxsən özümlə hər hansı söhbəti olmayıb. Amma xəbərim var ki, gənclərin oyununu daim diqqətdə saxlayır.

- Premyer Liqa təcrübən müəyyən qədər var. Əsas komandada çıxış etməyə özünü hazır hiss edirsən?

- Mən həmişə buna hazıram. Əsas məqsədim də elə budur.

- "Neftçi"dən başqa "Zirə" və "Səbail"də oynamısan. Məşqçilər səni fərqli mövqelərdə oynadıb. Sənə hansı daha uyğundur?

- Bəli, düzgün qeyd etdiniz. Demək olar ki, qapıçı mövqeyindən başqa hamısında oynamışam. Açığı, mənim üçün ciddi fərq etmir. Düşünürəm ki, futbolçu nə qədər universal olsa o qədər yaxşıdır.

- Futbolumuzda ən böyük problemlərdən biri də yaxşı hücumçu azlığıdır. Sanki indiki uşaqlar hücumçu olmaq istəmir...

- Məncə, bunun səbəbi akademiyalarda gizlənir. Bizə ilk gündən ən çox verilən tapşırıq bunlardı - topu itirmə, aldatma, dəqiq oyna. Aldada bilsən də artıq bunu etmirsən. Belədə özgüvən itir. Tədricən hücumçu mövqeyini müdafiəçi mövqeyinə dəyişməli olursan. Çünki müdafiədə oynamaq üçün qeyri-adi nəyəsə ehtiyac yoxdur. Avropada uşaqlara səhv etməyə şərait yaradılırsa, bizdə bir qədər fərqlidir. Hətta bir səhvə görə karyeran pis istiqamətə dəyişə bilər.

- Avropada futbolunda bənzəmək istədiyin forvard kimdir?

- Uşaqlıqdan "Liverpul" azarkeşiyəm. Roberto Firminoya baxıb ilham alırdım. Amma belə özümü və oyun stilimi hardasa Erlinq Haalanda bənzədirəm.

- Azərbaycanlı hücumçular ilə aran yoxdur?

- Xeyr (gülür)

- Atan Sənan Qurbanov da hücumçu olub. Hücumçu sirlərini sənə öyrədir?

- Bəli, öz təcrübəsindən mənə danışır. Mənə kömək olmağa çalışır.

- Əsas tələbi və ya narazılığı nədir?

- Əsas başınan daha yaxşı oynamalı olduğumu deyir (gülür).

- Maraqlıdır, ucaboy olsan da daha çox ayaqla fərqlənirsən. Nə ilə bağlıdır?

- Daha çox texnikaya üstünlük verirəm. Bununla bağlı ola bilər. Bəlkə də cinah asamaları az gəlir ona görə (gülür).

- Hələ yolun başlanğıcındasan. Gələcək hədəflərin nədən ibarətdir?

- Məqsədim və xəyalım azarkeşi olduğum "Neftçi"nin əfsanəsi olmaqdır. İnşallah, istəyimə çataram.

- Bu yolda sənə uğurlar...

- Təşəkkür edirəm.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti